İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komitəsi: "Azərbaycanda din xadimləri üçün vahid geyim formasını QMİ hazırlayıb və..." 

Cahandar Əlifzadə: "Bəzi din xadimlərinin həmin geyim formasından istifadə etməməsi izahat işlərinə ehtiyac olduğunu göstərir"

Din xadimlərinin geyimi müzakirə mövzusu olub. Bəziləri hesab edir ki, məscid imamlarının standart dini geyimləri olmalıdır. Hətta iddia edilir ki, məscidlərdə bir çoxu İran mollası qiyafəsində minbərə çıxır, minbəri qara parçaya bürüyüb xurafat danışıqlar aparırlar.

Görəsən Türkiyədəki kimi bizdə də məscid imamları üçün vahid geyim forması mümkündürmü?

Yeri gəlmişkən, əksər məscidlərdə sünni və şiə məzhəbindən olan dindarların fərqli geyindiyi qeyd edilir.

cahan.jpg (74 KB)

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə Musavat.com-a bildirdi ki, bu məsələnin dini və tarixən formalaşmış ənənə tərəfi var: "İslam dininə görə, din xadimləri üçün xüsusi geyim müəyyən edilməyib. Ümumiyyətlə, İslamın yayılmağa başladığı ilkin dövrlərdə "din xadimi" anlayışı olmayıb. Bu, məsələnin dini tərəfidir. Ənənə tərəfinə gəlincə, İslamın geniş yayıldığı sonrakı dövrlərdə imam, imam müavini kimi dini vəzifələrin meydana çıxması, konkret desək, rəsmi vəzifəyə çevrilməsi ilə bərabər, onlara məxsus geyim formaları yaranmağa başlayıb. Əksər hallarda həmin geyim formaları İslamın geyimlə bağlı prinsipləri çərçivəsində xalqların mədəniyyətinə uyğun hazırlanıb. Hətta din xadimlərinin əba və paltarlarında da müxtəlif xalqlara məxsus naxışlara, ornamentlərə geniş yer verilib".

Qurum rəsmisi əlavə etdi ki, digər müsəlman xalqları kimi, Azərbaycan xalqına məxsus mədəniyyət elementləri də azərbaycanlı din xadimlərinin geyimində hansısa formada öz əksini tapıb: "O ki qaldı müasir dövrümüzə, Azərbaycanda din xadimləri üçün vahid geyim forması 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanıb. Həmin dövrdən tətbiq olunmağa başlayıb. Lakin bəzi din xadimlərinin həmin geyim formasından istifadə etməməsi bu istiqamətdə izahat işlərinə, maarifləndirməyə ehtiyac olduğunu göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələyə ciddi yanaşır və bununla bağlı müvafiq iş aparılır. Düşünürəm ki, yaxın gələcəkdə biz bunun nəticəsini görəcəyik".

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR