Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda dollara tələbat kəskin artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə bu ilin iyul ayında valyuta satışının məbləği 597,1 milyon dollar təşkil edib. Bu isə ötən ilin iyul ayı ilə müqayisədə 2,2 dəfə çox deməkdir. Qeyd edək ki, Mərkəzi Bankda keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov deyib ki, valyuta hərraclarında tələbatın 2 dəfədən çox artması əsasən dövlət büdcəsində xərcləmələrlə bağlıdır.
İqtisadçı-ekspert Xalid Kərimli “Sputnik Azərbaycan”a deyib ki, ölkəmizdə dollara tələbatın artmasının əsas səbəbi məhz dövlət büdcəsində investisiya xərcləri ilə bağlıdır: “Bu il dövlət büdcəsinin investisiya xərclərində ötən illə müqayisədə əhəmiyyətli artım var. Dövlət həm Qarabağ və Şərqi Zəngəzurun bərpasına, həm də COP29 ilə bağlı layihələrə, tikintiyə ciddi investisiyalar qoyur və bərpa etmədə idxal komponenti mühümdür. Dövlət büdcəsində bu istiqamətlərdə xərclər artdıqca idxal da artır. Çünki yerli istehsal obyektiv və subyektiv səbəblərdən aşağı səviyyədədir. Həm istehlak bazarında, həm də investisiya qoyan zaman istifadə olunan malların əksəriyyəti xaricdən gətirilir. Bu baxımdan, dövlət investisiya layihələri artdıqca idxal da artır. Ölkədə dollara tələbatın artmasının əsas səbəbi budur. Yəni burada əhalinin şəxsi məqsədlər üçün dollar alışının artımından söhbət getmir”.
Xalid Kərimli
Ekspert deyib ki, bu il ölkədə iqtisadi artım ötən illə müqayisədə daha çoxdur. İqtisadi aktivlik idxalın artmasına gətirib çıxardır. İdxalın artması da dollara tələbatı artırır. Ekspert növbəti aylarda ölkədə dollara tələbatın kəskin artacağını gözləmir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Maraqlıdır ki, dollara tələbat artan kimi daha çox aztəminatlı təbəqə narahat olur ki, bu da səbəbsiz deyil. Çünki inflyasiya və manata hər hansı təhlükə ən çox onlara təsir edir.
Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, dollara olan tələbin kəskin şəkildə artmasının əsas səbəbi bilavasitə Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan işlərlə əlaqədardır: “Bütün hallarda bunlar da bilavasitə dövlət büdcəsinin xərclərini artırır. Bu da daha çox idxala əsaslanan bir prosesdir. İdxalın kəskin şəkildə artması təbii olaraq dollara olan tələbi də artırır. O ki qaldı aztəminatlı təbəqənin dollara olan tələbin artmasından narahatlığına, bu başa düşüləndir. Çünki dollara artan tələb, eyni zamanda manatın məzənnəsi ilə bağlı ciddi suallar ortaya çıxarır. Nə zaman ki, dollara olan tələbi qarşılamaqda çətinlik yaranacaq o zaman manatın ucuzlaşması məsələsi daha da aktuallaşacaq. Amma hazırkı məqamda dollara olan tələbin artmasına rəğmən onu qarşılamaq üçün hər hansı bir ciddi çətinlik yoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları və neftin qiyməti bu prosesi neytral şəkildə idarə etməyə imkan verir. Bu baxımdan, 2024-cü ilin sonuna qədər hər hansı bir devalvasiya təhlükəsi qəti gözləmirəm. Lakin sonrakı dönəmlərdə qeyd etdiyim amillərdən asılı olaraq, yəni neftin qiymətinin kəskin aşağı düşməsi və bu aşağı düşmənin uzun müddət davam etməsi, eyni zamanda dollara olan tələbin sistemli artması nəticədə manatın ucuzlaşması üçün ciddi əsas yarada bilər”.
Vüqar Bayramov
Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov neftin ucuzlaşmasının məzənnəyə hansı formada təsir edəcəyi məsələsinə münasibət bildirib: “Neftin dünya bazar qiymətində azalma davam edir. Brent markalı neft 2024-cü ildə ən aşağı qiymətə təklif olunur. Hazırda 1 barel neftin qiyməti 76 dollardır. Tələbin azalması neft bazarına birbaşa təsir göstərərək volatilliyi artırıb. Digər tərəfdən, bu il ABŞ-da quyuların sayının azalmasına baxmayaraq neft hasilatında artımlar müşahidə edilir. Hazırda Birləşmiş Ştatlarda gündəlik neft hasilatı 13.3 milyon bareldən çoxdur.
Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından əhəmiyyətlidir.
2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmələrdən sonra əsas maliyyə sənədində neftin qiyməti 60 dollardan 75 dollaradək artırıldı. Hazırda dünya bazarında neftin qiyməti büdcədəki qiymətdən cüzi artıqdır. Doğrudur, 2024-cü ilin geridə qalan ayları üzrə neftin orta qiymətini nəzərə aldıqda mövcud bazar tarazlığı fiskal gəlirlərimiz üçün risk formalaşdırmır. Amma sözsüz neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də tədiyyə balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq.
Neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında da bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ