Onlayn ictimai-siyasi qəzet
Ötən gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. Məlumata görə, hərracda tələb 66,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 2,1 dəfə çoxdur. Belə ki, iyulun 27-də keçirilən valyuta hərracında banklar 32,5 milyon dollar alış həyata keçirib.
Maraqlıdır, ölkədə dollar tələbatın artmasının səbəbi nədir? Tələbin artması manatın məzənnəsinə necə təsir edə bilər?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov yeni tədris mövsümü ilə əlaqədar dollar tələbatının artmasının gözlənilən olduğunu deyib:
“Dollara olan tələbin kəskin artım səbəbi kimi bir sıra məqamları qeyd etmək olar. Əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır. Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır. Nəzərə alsaq ki, bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür”.
Ekspert mövcud durumun manata təsirindən də danışıb:
“Qeyd etdiyim amillər bir-iki aylıq dövrü əhatə edəcək. Odur ki, dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları və mövcud neft qiymətləri manata qorxu yaratmayacaq”.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ