Onlayn ictimai-siyasi qəzet
Belə bəyanatla, deyilənə görə, ABŞ senatorlarından biri çıxış edib. Onun sözlərinə görə, guya Tehranın nüvə silahı əldə etməsinə cəmi on iki gün qalıb. İnanmaq olarmı ABŞ senatorunun sözlərinə?
Əvvəlcə qeyd edək ki, belə bəyanatlar indiyədək çox olub. Bu yerdə xatırladaq ki, bu cür əminliklə amerikalılar bir vaxt İraq və onun prezidenti haqqında da danışırdılar. Amma Bağdad işğal ediləndən sonra orada nüvə silahının mövcud olduğunu təsdiq edəcək bircə ədəd belə sübut tapılmadı.
Əlbəttə, İran İraq deyil. Tehran özü on illərdir ki, nüvə silahı əldə etməyə çalışdığını deyir və bu işlərin bu gün də davam etdiyini bildirir.
Aydın məsələdir ki, bu işlər bir gün yekunlaşmalı və İran nüvə silahı əldə etməlidir. Ona görə də konkret tarixlər deyiləndə bundan diksinmək lazım deyil...
Bəs bütün bu işlərin sonu necə olacaq? Yaxın perspektiv üçün demək çətindir. Əslində nüvə silahı İran ətrafındakı vəziyyəti qlobal şəkildə dəyişmək gücündə deyil. On illər bundan əvvəl nüvə dövləti olan SSRİ-nin necə çökdüyünün şahidi olmuşduq. Sözsüz ki, nüvə silahı Tehrana müəyyən immunitet verir.
Necə ki, dövlətlər Şimali Koreyaya baş qoşmur, eyni hal Tehranla da baş verə bilər. Amma güman etmirik ki, uzun müddət belə olmuş olsun. Hazırda İrandakı etirazlar məqsədinə çata bilmədi. Amma burada iki məqam var.
Birincisi, azadlığa can atımın qarşısını heç nə və heç kim ala bilməz. Bütün qeyri-azad rejimlər, totalitar və ya avtoritar rejimlər bir gün çökür və heç şübhəsiz, İranla bağlı da bir gün belə olacaq və molla rejimi bir gün tamam çökəcək. Amma bu, nə vaxt olacaq – təəssüf, bunu heç kim bilmir.
İkincisi, Tehran rejiminin siyasi və hətta sosial-iqtisadi vəziyyəti dəyişmək üçün heç bir resursu yoxdur. Aylarla siyasi etirazların davam etməsinə baxmayaraq rəsmi Tehran heç bir islahat aparmadı. İqtisadi və sosial-iqtisadi vəziyyətə gəldikdə isə, sanksiyalar öz işini görür, ölkədə inflyasiya baş alıb gedir.
Bir müddətdən sonra siyasi etirazların təzədən alovlanacağı istisna olunmur. Əslində onların indi bu həddə çatmaması təəccüblüdür. Belə bir vəziyyət bəlkə də ona görə baş verdi ki, onlar xaotik idi və lidersiz – filansız baş verirdi. Bu günlərdə ABŞ bu vəziyyətə son qoymağa cəhd etdi, amma çox özünəməxsus şəkildə. “Biz tezliklə İranı azad edəcəyik” deyən ABŞ xaricdəki İran müxalifətini bir araya gətirməyə çalışdı və öz seçimini keçmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğlunun üzərində dayandırdı. Düzdür, şah oğlu iddia edir ki, onun heç bir siyasi ambisiyası yoxdur və istədiyi budur ki, İran xalqı öz taleyini demokratik seçkilərdə müəyyən etsin. Amma bəzi siyasi müşahidəçilərin fikrincə, Pəhləvilərin siyasi meydana qayıtması etirazlara mənfi təsir edəcək, ona görə ki, bu, iranlılar üçün artıq çevrilmiş səhifədir...
Sadəcə, indi elə bir vəziyyətdir ki, hər bir iranlı rejimə qarşı mübarizəyə öz töhfəsini verməlidir, o cümlədən də İran şahının oğlu.
Həm də bu, bir iranlı kimi Pəhləvilərin də haqqıdır. Üstəgəl, bəzi dairələrdə belə fikirlər dolaşır ki, müxətlif milli-azadlıq vektorlarının dirçəldiyi bir vaxtda Pəhləvi vektoru birləşdirici rol oynaya bilər.
İnanaqmı buna? Sözsüz ki, Pəhləvi demokratiya, azadlıq yox, ilk növbədə vahid İran deməkdir. Və bu detal bir daha onu göstərir ki, ABŞ və müttəfiqləri heç də İranın parçalanmasında maraqlı deyillər. Bəlkə də buna görədir ki, İran hələ də etirazlarla alovlanmır, ona görə ki, Pəhləvi də, “vahid İran” da insanlara tanış siyasi kartlardır..
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ