Onlayn ictimai-siyasi qəzet
Bəli, qonşu Gürcüstanda məşhur qanun artıq iki oxunuşdan keçib, iki-üç həftədən sonra üçüncü oxunuş olacaq və əgər belə getsə, o, qəbul olunacaq. Ölkədə vəziyyət həqiqətən də kritik həddədir və demək olar ki, bütün etiraz mexanizmləri işə salınıb.
Birincisi, hakimiyyətin özündə parçalanma var və prezident Salome Zurabişvili etirazçıların tərəfindədir, qanunun qüvvəyə minməsini dayandırmaq üçün özünün veto hüququndan istifadə edəcəyini bildirir.
Amma belə söhbətlər də gəzir ki, guya gürcü qanunvericiliyinə görə prezidentin vetosu formal xarakter daşıyır və güman ki, məsələ veto ilə həll olunsaydı ölkədə qanunla bağlı bu qədər gərginlik yaşanmazdı – prezident veto qoyardı və bununla da məsələ tam bitərdi.
İkincisi, ölkənin əsas müxalifət partiyaları, yüzlərlə QHT səfərbər olunub ki, qanunun qəbulunu dayandırsınlar.
Üçüncüsü, beynəlxalq mexanizmlər də işə salınıb – ABŞ konqresmenləri və Aİ rəsmiləri Gürcüstana qarşı siyasəti sərtləşdirməyə çağırırlar.
Amma buna getmək lazım gəlmədi: gürcü hakimiyyəti özü ABŞ-la və Aİ ilə münasibətləri yetərincə soyudub, tez-tez sərt bəyanatlar-ittihamlar səslənir və bu günlərdə deyildi ki, gürcü baş naziri ABŞ-a səfərdən də imtina edib və bu ölkəni Gürcüstandakı vəziyyəti qızışdırmaqda ittiham edib...
Nə olub? Nə baş verir Cənubi Qafqazın bu kiçik ölkəsində? Birmənalı şəkildə demək lazımdır ki, bütün bunlar gürcü hakimiyyətinə lazımdır. Onlar hakimiyyətdən getmək istəmirlər. Hamı gözləyirdi ki, görən, həftə əvvəlindəki hakimiyyətə dəstək mitinqində “Gürcü arzusu”nun kardinalı B. İvanişvili nə deyəcək? Bəli, o, dedi ki, seçkilərdən sonra, ümumiyyətlə, müxalifəti bitirmək fikrindədir! Təsəvvür edirsinizmi? Heç bir şübhə yoxdur ki, bu qanun da onlara ona görə lazımdır ki, müxalifətin maliyyə mənbələrini nəzarətə götürsünlər. Bu qanunun, ümumiyyətlə, gürcü hakimiyyətinin son çabalarının Gürcüstanın təhlükəsizliyilə heç bir əlaqəsi yoxdur. Baxın, bunlar bir tərəfdən deyirlər ki, belə bir qanun ABŞ-da da var, o biri tərəfdən də bəyan edirlər ki, əgər Gürcüstanı Aİ-a qəbul etsələr, o halda onun qüvvəsini dayandıra, hətta ləğv edə bilərlər. Bununla hakimiyyət faktiki olaraq etiraf edir ki, qanun Avropa İttifaqının meyarlarına uyğun deyildir...
Qeyd etmək lazımdır ki, “Gürcü arzusu”nun Rusiyaya yarınmaq səmtindəki çabaları Ukrayna müharibəsindən sonra qabarıq forma alıb və Tiflisə Avropa İttifaqına üzvlüklə bağlı namizəd –dövlət statusu veriləndə hakim gürcü partiyası və hökuməti lovğalanaraq bildirdi ki, guya bu statusu almaq üçün bir il gecə və gündüz işləyiblər, halbuki rəsmi Tiflis onun qarşısına qoyulan on tələbdən çoxundan yalnız birinə əməl etmişdi!
Elə Avropa da daha çox geosiyasi meyarları əsas götürərək Tiflisə namizəd statusu vermişdi, çünki hazırda Cənubi Qafqaz uğrunda da kəskin mübarizə gedir və Avropada anladılar ki, onlar hakim gürcü partiyasına təzyiqi artırsalar onlar ölkəni Rusiyaya tərəf yönəldəcəklər...
Belədə bu qanun əslində insanları təhqir edir və bir daha deyirik ki, onun Gürcüstanın milli təhlükəsizliyilə heç bir əlaqəsi yoxdur – Tiflisə təzyiq, olsa-olsa, Rusiya tərəfindən ola bilər. Çox təəssüf ki, bir sıra ölkələrdə milli təhlükəsizlik anlayışı əslində deformasiya olunaraq hakimiyyətin təhlükəsizliyi anlamına gəlibdir. Bir daha deyirik ki, əslində bu qanun insanlar üçün təhqirdir. Məsələn, oxuyursan ki, Rusiyada bu yazıçıya və yaxud da jurnalistə Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” statusu verilib! Özünüz deyin, kim bundan xoşhal ola bilər, kim özünün “xarici agent” adlanmasını istəyər? Razılaşın ki, heç kim bunu istəməz.
Üstəgəl, böyük siyasətin özündə də “təsir agentləri” olur və kimi Gürcüstanda bu cür adlandırmaq sualı qoyulsa, birinci “Gürcü arzusu” koalisiyası ağla gələr, ona görə ki, Rusiya ilə ən çox onlar əlaqələrə malikdirlər...
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ