İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dişi ağrıyanda da həkimə aparmayıblar” - Özünü öldürən Ülviyyənin yaşadığı DƏHŞƏTİN HEKAYƏSİ

Ağcabədi rayonunda 1998-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Baxşəlizadənin intiharına görə qayınatası Bəhlul Baxşəlizadə cəzalandırılıb.

İstintaq zamanı Ülviyyənin canına qəsd etməsinin təfərrüatı bilinib, yeni iddialar ortaya çıxıb. Mərhumun ailəsi qızlarının intihar etmədiyini, öldürüldüyünü deyib.

Musavat.com-un xəbərinə görə, hadisə Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində baş vermişdi.

Ülviyyə yaşadıqları evdə ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə ailə münaqişəsi zəminində yaranmış söz-söhbət nəticəsində baş verib. Ülviyyənin özünü vurduğu silah qayınatasına məxsus olub.

Hadisəyə görə Bəhlul Baxşəlizadə odlu silahı diqqətsiz saxlama maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə onun barəsində iki il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Ülviyyə niyə intiharı seçdi?

İstintaq zamanı Ülviyyənin qayınatası Bəhlul Baxşəlizadə dindiriləndə bunları deyib:

“Ülviyyə ilə ailə üzvlərimizin münasibətləri daim yaxşı olub. Lakin Ülviyyə xasiyyətcə əsəbi olduğuna görə ara-sıra ailədə söz-söhbətlər olurdu. Belə söz-söhbətlər yarananda bir ailə başçısı kimi Ülviyyə ilə təmkinli rəftar edirdim. Heç vaxt ona qarşı fiziki zor tətbiq etməmişəm. Ülviyyə bir neçə dəfə küsüb atası evinə də getmişdi. Atasının yanına barışığa gedib gəlinimi geri qaytarmışam.

Sonuncu dəfə Ülviyyə boşanmaq qərarına da gəlmişdi. Yenə gedib onu geri qaytardım. Ülviyyə son aylar böyrək və sidik kanalı iltihabı xəstəliyindən əziyyət çəkirdi. Ülviyyə xəstəliyi barədə məlumat aldıqdan sonra əsəbləri daha da gərginləşdi. Rövşənlə daha tez-tez mübahisə etməyə başladı. Son günlərdə bir-iki dəfə Ülviyyə yaşamaq istəməməsi barədə sözlər də danışırdı. Sanki yaşamaqdan bezmiş kimi davranırdı”.

Bəhlul Baxşəlizadə intihar baş verən gün yaşananları danışarkən deyib ki, oğlu ilə Ülviyyənin mübahisə etdiyini görüb. Səbəb isə Ülviyyənin tapşırdığı şirniyyatı Rövşənin yadından çıxdığı üçün marketdən almaması olub.

“Uca səslə qışqırıb mübahisə edirdilər. Ülviyyə qəfildən “siz indi gözləyin, görün nə olur” deyib evə keçdi. Onun arxasınca evə qaçdım. Ülviyyə sandığın arxasında divara söykədilmiş ov tüfəngini götürdü. Silahın lüləsini qarnına sıxıb saxladı. Ülviyyə bizi görən kimi “yaxın durmayın, yoxsa özümü öldürəcəyəm” dedi.

Ona yalvardım, balalarının canına and verdim, amma heç bir sözə məhəl qoymadı. Tətiyi basıb özünə atəş açdı. Sonra özümüzü itirdik. Çölə qaçıb qışqırdıq, qonşuları köməyə çağırdıq. Ülviyyəni xəstəxanaya apardıq”, - deyə təqsirləndirilən şəxs ifadəsində bildirib.

Bəhlul Baxşəlizadə silaha mərminin kim tərəfindən yerləşdirilməsi barədə sualı belə cavablandırıb:

“Silahı həmişə evdə təmizləyəndə Ülviyyə görürdü. Ordan bilirdi ki, silah necə istifadə edilir. Mərmini necə yerləşdirməyi də bilirdi”.

Mərhumun anası hüquqi varis kimi dindirilən zaman Bəhlul Baxşəlizadəyə ağır cəza verilməsini istəyib.

Onun sözlərinə görə, qızı Ülviyyə qayınanası və qayınatasının onun hər xırda işinə müdaxilə etdiyini deyirmiş:

“Əvvəl problemlərinin olmadığını bilirdim. Nəsə olanda da mənə demirdi. Sonradan öyrəndim ki, söz-söhbətləri var imiş. Vaxt keçdikcə Ülviyyəni yola vermədilər. Tez-tez maddi məsələlərlə bağlı da qızımı sıxışdırırdılar. Ülviyyəyə gəlin getdiyi ikinci ayda qayınanası Tərgül demişdi ki, evin bir qızısan, atan niyə sənə qızıl almayıb?

Ülviyyə maddi imkanı olmadığına görə qızıl ala bilmədiyini deyib pərt olmuşdu. Qayınatası Bəhlul da Ülviyyəyə demişdi ki, atan niyə nəvələrinə beşik almır? Qızımın əsəblərini pozmuşdular. Ülviyyə evdə yemək bişirərkən qayınatası Bəhlul buna da müdaxilə edib yeməyi necə bişirməsi, israfçılığa yol verməməsi kimi göstərişlər verirmiş.

Qızım mərd, kişi xasiyyətli olduğuna görə söz götürən deyildi. Ülviyyənin saçıaçıq çölə çıxmasına da problem yaradırdılar. Ülviyyənin qayınatası çox xəsis idi. İkinci uşaq olandan sonra xərclərin artmasına görə deyinirdi. Ülviyyəninn dişi ağrıyanda xərc olmasın deyə həkimə aparmamışdılar”.

Mərhumun anası qızının Bəhlul Baxşəlizadə tərəfindən qəsdən öldürüldüyünü bildirib və ona ağır cəza verilməsini tələb edib.

Qeyd edək ki, Ülviyyə Baxşəlizadənin iki övladı var.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR