İnsanlara hürriyət, millətlərə istiqlal!

Direktordan Aşura qadağası - şagirdlərimizə bayrağımızın yaşıl rəmzini hansı yaşdan aşılamalı?

Şəmkir rayon Xanallar kənd orta məktəbin direktoru Nərxanım İsrafilova müəllimlərə Aşura mərasiminə heç bir şagirdin buraxılmaması ilə bağlı xəbərdarlıq edib. Bu barədə ona aid olduğu iddia olunan səs yazısı yayılıb. Deputatı Fazil Mustafa öz facebook hesabında direktoru müdafiə edən paylaşım edib.

Onun fikrincə, təhsil naziri məktəb direktoruna zəng edib təşəkkür etməlidir: “Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın din adı ilə keçirilən mərasimdə məktəblilərin iştirakının qarşısını almaq üçün müəllimlərə etdiyi çağırış barədə səs yazısı yayıblar. Bu dəyərli məktəb direktorunu hədəf seçiblər. Bu cür məktəb direktoruna şəxsən təhsil naziri zəng edib təşəkkürünü bildirməlidir. Çox gözəl şəkildə Azərbaycan dövlətinin mövqeyindən çıxış edir Nərxanım müəllimə. Uşaqların sağlam yetişməsi üçün fədakarlıq edir, çünki ağlı başında olan hər kəs anlamalıdır ki, uşaqlarımızın üz tutacağı yer məktəbdir, təhsildir, idmandır. Nərxanım müəlliməni hamılıqla dəstəkləyək, bu cür cəsur pedaqoqlarımız cəhalətin qarşısında durmalıdırlar, gələcəyimizi qorumalıdırlar”.

Fazil bəyin dünyəvi təhsili dəstəkləməsi öz yerində. Bəs ümumiyyətlə, uşaqlara dini-mənəvi dəyərlər, o sırada İmam Hüseyn (ə) şəhidlik məktəbinin fəlsəfəsi neçə yaşdan, necə və harada aşılanmalıdır?

İslama görə, məsələn, 14-15 yaşlı yeniyetmələr dini ayinlər üçün (namaz, oruc) mükəlləf sayılırlar. O zaman bu yaşda məscidə getmək, dini ayinləri müşahidə eləmək qəbahətmi? Qanunsuzluqmu? Axı ateist sovet dönəmi də göstərdi ki, istənilən qadağa, xüsusilə də din mövzusuna yasaq həmişə maraq doğurub və əks-effekt verib. O zaman “qızıl orta”nı necə tapmalı?

Doğru, Azərbaycanda din dövlətdən ayrıdır, ancaq Azərbaycan xalqından ayrı deyil ki. Biz müsəlman ölkəsiyik. Bayrağımızdakı 3 rəngdən biri (yaşıl) İslamın rəmzidir. Bu mənada F.Mustafa məktəb direktorunu dəstəklədi, bəs ilahiyyatçılar Fazili Mustafanı dəstəkləyirmi?

Qeyd edək ki, deputatın bu fikirləri birmənalı qarşılanmayıb. Pərvin Zeynal adlı facebook istifadəçisi narazılığını belə ifadə edib: “Məsciddə bizə əclaflığı, əxlaqsızlığı öyrətmirlər. Sevməyi, çalışmağı, doğru-düzgün yaşamağı öyrədirlər. Görürəm bəzi insanlar uşaqların məscidə (Allah evinə) getməyinə geridə qalmış, avam kimi baxırlar, əsla. Bir-iki nəfər dindən başı çıxmayan əlinə zəncir alır. Bunun şəkilləri də hər yeri bürüyür. Haqq verirəm ki, o şəkilləri mən də görsəm, uşağımı ora aparmaram. Amma bir din ki, zorakılığa qarşı çıxır, insanları kamilliyə dəvət edir, nədən qorxulu olmalıdır ki? İnanclı olmaq - yəni pis işlərdən çəkinmək, elmi sevmək, ana-atanın qədrini bilmək, oğurluqla yox, zəhmətlə pul qazanmaq və sair. Vətən müharibəsində nə qədər inanclı balalar öz şirin canından keçdi. Buna digər sahələrdə, elm və təhsildə, idmanda misallar çəkə bilərik. Aşurada insanlar paylaşmağı, həmdərd olmağı, rütbəsindən, nəslindən, var-dövlətindən asılı olmayaraq bir olmağı, birlik olmağı, haqqın haqlığını, haqq yolunda şəhid olanların müqəddəsliyini öyrənirlər. Əfsuslar olsun, buna qorxulu gözlə baxanlar yad və bizim xalqa aid olmayan gic-gic bayramları balalarına yaraşdırırlar, biri də səsini çıxarmır”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Aşura hansısa sektanın yaydığı təbliğat deyil ki, şagirdlərə qadağan edilə”s

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a mövzu ilə bağlı bunları dedi: “Hər il Aşura zamanı eyni vəziyyət təkrar olunur. Bəzi insanlar məqsədli olaraq məhz Məhərrəmlik mərasimlərinə qarşı çıxır. Birincisi, bu mərasimlərdə qorxulu, dəhşətli səhnələr və ya uşaq üçün zərərli hansısa səhnələr olmur ki, buna görə qadağan edilsin. Dini söhbətlər edilir və daha sonra Kərbəla şəhidlərinə həsr olunmuş matəm mövzulu şeirlər, mərsiyələr deyilir. Ümumiyyətlə, ”uşaq məscidə getməməlidir" söhbətini ancaq Azərbaycanda kəşf ediblər. İkincisi, vətəndaş öz övladını mənsub olduğu mədəniyyət və inanc əsasında tərbiyə etməkdə sərbəstdir. Buna beynəlxalq hüquq imkan verir. Üçüncüsü, məktəbin çox ciddi problemləri var, onunla məşğul olmalı, şagirdləri təhsil və tərbiyəyə cəlb etməyi öyrənməlidir. Məktəb direktoru NKVD komissarı kimi vətəndaşın həyatını nəzarət altına alan məmur deyil. Üstəlik, hazırda dərs zamanı da deyil. Təhsilin problemi oradakı rüşvət, təhsilin keyfiyyətinin aşağı olması, tərbiyənin, ümumiyyətlə, olmamasıdır. Nəzəri tərəfinə gəlincə, Aşura məclisləri insanlara ali dəyərlər, Vətən uğrunda canından keçməyi aşılayır. Aşura hansısa sektanın, missioner təşkilatın Azərbaycanda yaydığı ideya və ya təbliğat deyil, bu xalqın yüz illərdir davam edən ənənəsidir, yerli xalqın böyük hissəsinin həyat tərzidir. Onu bu cür administrativ vasitələrlə, məktəb direktorunun müəllimləri yola düzməsi ilə qadağan etmək, aradan qaldırmaq mümkün deyil. Aşuranın mahiyyəti qadağaya, haqsızlığa etirazdır, 7-ci əsrdən bu yana müxtəlif hakimiyyətlər Aşura mərasimlərini qadağan etməyə çalışıb, amma nail ola bilməyib. Əksinə, qadağa daha çox insanı cəlb edib. Çünki bu mərasimin mahiyyətində qadağaya, zorakılığa etiraz var. Sovet dövrü uzaq olmayan nümunədir. Heç bir ölkədə xalqın inancını qadağan etməklə nəyəsə nail olmaq mümkün olmayıb. Əksinə, dövlət xalqın inancına sahib çıxmalı, onu milli dəyər kimi ozününküləşdirməyə çalışmalıdır".

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “İlk növbədə qeyd edim ki, konstitusiya din azadlığını təmin edir. Amma bu o demək deyil ki, dini inancı olan kimsə bunu qəbul etməyənə fərqli baxış təqdim etməlidir. Məsələn, ABŞ hökuməti insan haqlarının ümumi təbliğ olunması siyasətinin tərkib hissəsi olaraq dini azadlıq məsələlərini elə tənzimləyir ki, heç kim digərinə inancına görə münasibət bildirmir. Etiraf edək ki, müsəlmanların əksəriyyətinin arasında dini ayinlərə əməl olunması səviyyəsi kifayət qədər aşağıdır və müsəlman mənsubiyyəti dindən daha çox mədəniyyət və milliyyətə bağlıdır, lakin etiqad edən müsəlmanların sayı tədricən artıb. Ona görə də bir müəllimin belə düşünməsini doğru hesab etmirəm. Bu, inancı fərqli olan şəxslərə hörmətsizlikdir. Kifayət qədər elmdə, təhsildə dini inancı fərqli və ya olmayan müəllimlər var və onlar böyük uğurlar əldə ediblər. Həmçinin direktorun fikirləri müəllimlərin etik davranış qaydalarına ziddir”.

 

Müəllimlər imtahanlarda niyə zəif nəticə göstərir - Kamran Əsədov şərh edir  - 06.01.2019, Sputnik Azərbaycan

Kamran Əsədov: “Bir müəllimin belə düşünməsini doğru hesab etmirəm”

Ekspert əlavə edib ki, Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dinidir: “Azərbaycan dövləti ölkəmizdə milli-mənəvi, dini dəyərlərin qorunması istiqamətində ciddi işlər görməkdədir. Dinə dövlət qayğısı göstərən müstəqil Azərbaycan Respublikası həm də sivil, dünyəvi və demokratik dövlət olduğunu konstitusiyamızda bəyan edib. Ölkədə tolerant mühitin olmasına baxmayaraq, bəzi qüvvələr bu sabitliyi pozmaq istəyirlər və bunun üçün azyaşlılardan istifadə edirlər. Hazırda ölkənin 4472 orta məktəbində 1.6 milyon şagird təhsil alır. Bu, olduqca geniş auditoriyadır. Bəzi dini qüvvələr müəyyən vədlər müqabilində, şirnikləndirici vədlər qarşılığında yuxarı sinif şagirdlərini, xüsusilə IX-X, XI sinif şagirdlərini öz dini mərkəzlərinə dəvət edib onlarla söhbətlər edir, onları öz sıralarına daxil etməyə çalışırlar.

Bir məqamı qeyd edim ki, vətənə, valideynə sevgi imandandır, Vətəni sevmədən İslam dinini sevmək olmaz. İslamda deyilib ki, hər bir şəxs ona bir hərf öyrədənə səcdə ilə yanaşmalıdır. Bizə tədris keçən  müəllimlərimizin fədakar əməyi hər cür sitayişə layiqdir. Qurani-Kərimdə əxlaqla bağlı məsələlərə daha çox yer ayrılıb. Əxlaqın başında duran ən böyük məziyyətlərdən biri elə İslamın özüdür. İslam dəyərlərinin uşaqlara düzgün aşılanması vacibdir. Amma müəyyən dini qruplar, icmalar bundan öz məqsədləri, maraqları üçün istifadə edirlər. Onlar dini kitabları dəyişərək, təhrif edərək azyaşlı şagirdləri aldadırlar. Hələ qədimdən hər bir məscidin yanında elm ocaqlarının, mədrəsələrin olduğunu bilirik. Gənclərin qeyri-ənənəvi, mürtəce cərəyanla cəlb olunmasının qarşısının alınması kimi onlar arasında maarifləndirmə işlərinin  aparılması vacibdir. Bu istiqamətdə məktəblərin rolu böyükdür. Amma təəssüflər olsun ki, bu istiqamətdə orta məktəblər öz üzərinə düşən işi yerinə yetirmək istəmirlər və yetirmirlər.

Xatırlayırsınızsa, 90-cı ilin əvvəllərində ölkədəki  qeyri-stabil vəziyyətdən istifadə edən qeyri-ənənəvi təriqət nümayəndələrinin müxtəlif din və cərəyanları yayılmışdı. Bunlar “vəhhabilik”, “xaricilik”, “nurçuluq”, “süleymanilik”, “nəqşibəndlik” və sairə idi. İslam yönümlü, həmçinin xristian-protestant yönümlü “adventizm”, “Yəhova şahidləri”, müstəqil dinlər kimi fəaliyyət göstərən “krişnaizm”, “sankretist” dinlər olan bəhailik, ibrahimilik kimi cərəyanlar xüsusi ilə maddi imkanı aşağı olan ailələri hədəf alaraq onları öz maraqlarına xidmət etməyə cəhd edirdilər. Xüsusilə maddi vəziyyəti aşağı olan ailələrin azyaşlı uşaqlarını məktəblərdə müəyyən tədbirlər vasitəsilə öz sıralarına cəlb etməyə müvəffəq olurdular.

Vacib bir məqamı qeyd edim ki, birinci xanım Mehriban Əliyeva Avropa paytaxtlarında İslam dininin təbliği, İslamda vacib dəyərlərin qorunub saxlanması istiqamətində böyük işlər görüb. Orta məktəb şagirdləri arasında İslam dininin düzgün aşılanması mühüm amildir, yeniyetmə və gənclərimizin qeyri-ənənəvi, radikal-mürtəce cərəyanlara cəlb olunmasının qarşısının alınması üçün izahetmə və təbliğat məsələlərinin Təhsil Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən aparılması vacibdir.

Təəssüflər olsun ki, bəzi valideynlər  Məhərrəm ayında xüsusilə Aşura günü dini ayinlərin icrası zamanı bu ayinlərə körpələrin, yetkinlik yaşına çatmayan uşaqların cəlb edilməsi kimi addımları da atırlar. Xoşagəlməz hal odur ki, balaca südəmər uşaqların min illərlə daşınan fanatizmə, ekstremizmə, kəsafətə, düşüncəsizliyə yem edildiyinin, qurban olunduğunun da şahidi oluruq.

“Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Bu qanunla gənclərin təriqətlərə cəlb olunmasının qarşısı ciddi şəkildə azalsa da, hələ də müəyyən bölgələrdə problemlər var. Bütün bu problemlərin aradan qaldırılması üçün gərək orta məktəblərdə dini biliklərin tədrisi işinə çoxdan başlanardı. Axı dini dəyərlər tarix boyu xalqımızın milli-mədəni və ideoloji identikliyini formalaşdırmış əsas baza hesab olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun. Amma qeyd etmək istəyirəm ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil alması fərq etmir. Əsas budur ki, müəllim İslam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaqları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir. Yerli məzunların da çatışmayan cəhəti islam hüququ, tarixi, mədəniyyəti və s. haqda biliklərinin yüksək səviyyədə olmamasıdır.

Bir sözlə, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil. Din fənninin şagirdlər tərəfindən yaxşı şəkildə mənimsənilməsini təmin edən əsas amillərdən biri budur ki, müəllimin özü dinin əmr və qadağalarına riayət etsin, əxlaq və davranışı ilə, həyat tərzi ilə onlara nümunə olsun. Bununla yanaşı, din fənninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fənninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir. Bir də vurğulamaq istəyirəm ki, əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır. İslamın gözəlliklərindən, Məhəmməd peyğəmbərin (s) yüksək əxlaqından məlumatlı olan hər bir şagird bundan özünə ibrət götürəcək. Habelə din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək. Adətən gənclər İslamı düzgün dərk etmədikdə yanlış yollara meyl edir. Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR