Onlayn ictimai-siyasi qəzet
Mövsümi olmayan meyvə və tərəvəzlər artıq hər yerdə tapıla bilir və yüksək qiymətə satılır. Bu qidalar tez-tez kimyəvi maddələrin köməyi ilə yetişdirilir və təbii torpaqdan aldıqları vitamin və mineralları kifayət qədər ehtiva etmir. Buna baxmayaraq, insanlar hələ də bu məhsullara maraq göstərir və onları almağa davam edir.
Bəs biz bu qidalara həqiqətən ehtiyac duyuruq, yoxsa sadəcə alışqanlıqlarımızın təsiri altındayıq?
Tanınmış həkim-dietoloq, uzun ömürlülük üzrə ekspert Leyla Zülfüqarlı məsələni Yenisabah.az-a şərh edib:
“Mövsümi olmayan qidalar hər zaman mövcud olub. Xüsusilə meyvə və tərəvəzlər bu kateqoriyaya daxildir. Lakin bu qidaların qiymətləri olduqca bahadır. Bu, daha çox bəzi şirkətlərin iqtisadi maraqlarının təmin olunması ilə əlaqəli ola bilər. Halbuki, mövsümi olaraq bu qidalara alternativlər kifayət qədərdir. Məsələn, alça yemək əvəzinə portağal istehlak edilə bilər, çünki hər ikisi C vitamini ehtiva edir. Dad aspektindən yanaşdıqda da, hamilə qadınlar istisna olmaqla, qış aylarında çox az insanın alçaya ehtiyac duyduğu düşünülə bilər.
Bu tip qidaların qiymətinin bu qədər yüksək olması bir növ suni tələbat yaratmaqla iqtisadi maraqların qorunmasına xidmət edir. Qeyri-adi qidaları almaq istəyənlər hər zaman olur və onlar, Azərbaycanda tapmasalar da, başqa yerlərdən axtarıb tapırlar”.
Həkim onu da vurğulayıb ki, sağlam qidalanma aspektindən baxdıqda, bu məhsulların yetişdirilmə şəraiti də narahatlıq doğurur:
“Belə ki, onların böyümə prosesində müəyyən kimyəvi maddələr istifadə edilir. Torpaqdan təbii şəkildə mineral və vitamin almadan yetişdirilən meyvə və tərəvəzlər orqanizm üçün lazımi qidalanma dəyərini daşımır. Məsələn, insan orqanizminin maqneziuma ehtiyacı var və bu mineral torpaqdan alınır. Lakin sözgedən meyvə və tərəvəzlərin çoxu torpaqda deyil, suni mühitdə yetişdirilir. Bu da maddə defisitinə səbəb olur və nəticə etibarilə insan səhhətinə mənfi təsir göstərir”.
L.Zülfüqarlı insanlara bu cür meyvə və tərəvəzlərdən uzaq durmağı məsləhət görərək, səbəbini belə izah edir:
“Bir dietoloq kimi təsdiq edirəm ki, biz qidalanma menyularında bu tip qidalara yer vermirik. Xüsusilə vurğulayırıq ki, insanlar mövsümi meyvələri tərcih etməlidir. Ekzotik qidalara ehtiyac yoxdur, çünki insan orqanizmi daha çox onun genetik təbiətinə yaxın qidaları qəbul edir. Məsələn, Amerika və ya Afrika qitəsində olan meyvələr Azərbaycan sakinləri üçün şanş olmayaraq, sadəcə bazar iqtisadiyyatının bir hissəsi kimi dəyərləndirilə bilər. Bu səbəbdən istehlakçılara marketinq siyasətinə uymaq yerinə, sağlam və mövsümi qidalar istehlak etməyi təvsiyə edirik”.
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ