İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatlar bu hallarda geri çağırılacaq

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Yeni qanunda diplomatların fəaliyyəti ilə bir çox məsələlər detallı şəkildə işlənib. 24 il əvvəl qəbul edilən qanundan fərqli olaraq, yeni qanunda bəzi məsələlər daha aydın şəkildə qeyd edilib.

Xarici İşlər Nazirliyi yeni qanunla bağlı açıqlama verib.

Bildirilib ki, 17 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənərək, bununla əlaqədar olaraq bir sıra qanunvericilik aktları, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında müvafiq dəyişikliklər edilib.

Qeyd olunub ki, yeni Qanun diplomatik xidmət, diplomatik xidmət orqanları, onların sistemi, diplomatik xidmət orqanları əməkdaşlarının xidməti fəaliyyətinin təşkili, onların hüquq və vəzifələri, təminat və sosial müdafiə məsələlərinin daha ətraflı şəkildə təfsiri ilə öncəki mövcud qanunvericilikdən fərqlənir.

“Qanunda diplomatik xidmət üzrə əsas anlayışlar daha ətraflı əhatə olunub, diplomatik xidmət haqqında mövcud qanunvericilik təsbit edilib, diplomatik xidmətin əsas prinsipləri, diplomatik xidmət orqanlarının sistemi, onların səlahiyyət dairələri aydın şəkildə qeyd olunub.

Diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri, funksiyalarını təsbit edən Qanunda, həmçinin diplomatik xidmət orqanları əməkdaşlarının vəzifələri, hüquqları, onlara şamil olunan məhdudiyyətlər, əməkdaşların həvəsləndirilməsi, intizam məsuliyyəti, əməyin ödənilməsi, əməkdaşların və onların ailə üzvlərinin təminatı və kompensasiyaları məsələlərinin tənzimlənmə qaydaları “Diplomatik xidmət orqanları” adlı fəsildə ətraflı şəkildə öz əksini tapıb.

Diplomatik xidmətə qəbul, staj və sınaq keçmə, vakant vəzifələrin tutulması, xidmətə xitam verilmə və diplomatik xidmətdə olmanın yaş həddinə aydınlıq gətirən Qanunda, həmçinin diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası, habelə əməkdaşların beynəlxalq təşkilatların orqanlarında işləməyə göndərilməsi məsələləri də təsbit olunub”, - deyə açıqlamada bildirilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Musavat.com-a şərhində bildirib ki, “Diplomatik xidmət haqqında” qanunla bağlı bir sıra əsasnamələr və daxili qaydalar qəbul ediləcək.

AZAY.jpg (88 KB)

Deputatın sözlərinə görə, bəzi məsələlər müvafiq normativ sənədlərlə tənzimlənəcək.

Azay Quliyev diplomatların hansı hallarda geri çağırılacağına aydınlıq gətirib:

““Diplomatik xidmət haqqında” yeni qanunda qeyd olunub ki, xidməti zərurət yarandıqda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri ilə razılaşdırmaqla öz təşəbbüsü olduqda; xidmət keçdiyi diplomatik nümayəndəliyin və ya konsulluğun fəaliyyəti dayandırıldıqda (yaxud məhdudlaşdırıldıqda); qəbul edən dövlətdə təhlükəsizliyinə təhdid yarandıqda; normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə, məhdudiyyətlərə və ya əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etmədikdə, özü və ya ailə üzvləri tərəfindən qəbul edən dövlətin qanunlarına və adət-ənənələrinə hörmətsizlik göstərildikdə, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən sui-istifadə edildikdə; qəbul edən dövlət tərəfindən arzuolunmaz şəxs hesab edildikdə; təyin olunduğu ştat vahidi ixtisar edildikdə; Diplomatik xidmət orqanı əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduğu tarixdən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərinin icrasına buraxılmır; diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdə diplomat geri çağırılır.

Fikrimcə, bu məsələ müvafiq araşdırma aparıldıqdan sonra ayrıca əsasnamə yaxud qaydalarla tənzimlənməlidir. “Diplomatik xidmət haqqında” qanun tamamilə yeni qanundur. Yeni müddəalar çoxdur, eyni zamanda sistemlidir: sosial hüquqlar, vəzifələr, funksiyalar, rotasiya sistemi, əməkdaşların geri çağırılma qaydaları ilə birgə mükəmməl qanundur”.

A.Quliyev diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunan məhdudiyyətlər barədə də təfərrüatları açıqlayıb:

“Belə ki, diplomatik xidmət orqanı əməkdaşlarına bir sıra hallarda məhdudiyyət qoyulur. Qanunun 9-cu maddəsinə əsasən, diplomatların Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərinə xələl gətirə biləcək hərəkət və davranışlara yol verməsinə məhdudiyyət qoyulur. Bundan başqa, digər məhdudiyyətlər də konkretləşdirilib. Belə ki, diplomatlara aşağıdakı hallarda məhdudiyyət qoyula bilər: tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməsinə;

diplomatik xidmətinə xitam verildikdən sonra normativ hüquqi aktlarla müəyyən edilmiş müddət ərzində öz xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməsinə;

xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə;

əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutmasına;

xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına;

dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına;

xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə edilməsi üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla);

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR