İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilçi alimdən yeni dərsliklə bağlı açıqlama: "Ehtiyat" yox, "ehdiyat" deməliyik?!

Yeni tədris ilinə sayılı günlər qalıb. Müəllimlər artıq 6-cı sinif Azərbaycan dili dərsliyi ilə tanış olmağa başlayıblar. İlk müraciətlər isə əsasən orfoepiya qaydaları ilə bağlıdır.

Musavat.com xəbər verir ki, bu fikri “Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dilinin tədrisində ən maraqsız və cansıxıcı mövzulardan biri məhz bəzi orfoepiya qaydalarıdır:

“Qrammatika qaydaları məntiqə əsaslanır, amma orfoepiyada çox vaxt subyektivlik üstünlük təşkil edir. Bu, təkcə mənim deyil, çoxlu müəllimin də fikridir.

Məsələn, əvvəllər \[mə\:llim] deməliydik, indi \[müəllim] deməliyik.
Əvvəllər \[do:şan] deməliydik, indi \[dovşan] deməliyik.
Əvvəllər \[ehtiyat] deməliydik, indi isə \[ehdiyat] deməliyik.

Niyə bir neçə ilə nitqimiz dəyişməlidir? Müəllimlər nitq bacarıqları üçün o qədər də vacib olmayan bu cür dəyişiklikləri izləməli, yadda saxlamalı, şagirdlərə əzbərlətməli olurlar. Test hazırlayanlar da bundan istifadə edib, ən qəribə testlər tərtib edirlər. Bəzən təklif olunur ki, dərsliklərdə lazımsız orfoepiya qaydalarından imtina edək. Amma bu halda sosial şəbəkələrdə dərhal etirazlar qalxır: “Dilimizi məhv etdilər”, “Uşaqlarımız savadsız qaldı”, “Bu savadsız dərslik müəllifləri...”

Onun sözlərinə görə, orfoqrafiyaya aparan yol çox vaxt orfoepiyadan keçir. Çünki bəzi hallarda sözlərin yazılışı ilə deyilişi üst-üstə düşmür. Amma ümumilikdə, orfoepiya çətin məsələ olsa da, həlledici deyil. Əsas məsələ orfoqrafiyadır, çünki bu, savad göstəricisidir. Məsələn, kimsə \[ehdiyat] yox, \[ehtiyat] desə, bu, qulağı cırmaqlaya bilər, amma böyük problem deyil. Ancaq kiminsə “ehtiyyat” yazması artıq savadsızlıqdır. Ona görə də ən doğru yanaşma belədir: Bu sözü bəzən belə deyirik, amma belə yazmalıyıq.

Belə yanaşma diqqəti orfoqrafiyaya yönəldər, həm müəllimləri, həm də şagirdləri lazımsız orfoepiya testlərindən xilas edər. Yaxşı olar ki, test hazırlayanlar da bunu nəzərə alsınlar və diqqəti əsasən sözlərin düzgün yazılışına versinlər”.
Rafiq İsmayılovun sözlərinə görə, bütün deyilənlərdən belə çıxmamalıdır ki, orta məktəbdə orfoepiyadan tamamilə imtina etmək lazımdır. Əksinə, onun elə mövzuları var ki, şagirdlərə mütləq öyrədilməlidir. Xüsusilə vurğu və morfonologiyanın bəzi məqamları şifahi nitqin düzgün formalaşması üçün çox vacibdir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR