İnsanlara hürriyət, millətlərə istiqlal!

“Deyirlər, onbeş min funta almısan bir brend çanta”

 

Şair eloğlu günün nəbzini tutaraq, gündəmdə olan bir hadisəyə dair analtik-kriminalistik və publisistik janrda şeir yazıb və mənə göndərib. Şeiri tam şəkildə söhbətin axıranda iqtibas edəcəm.

İndikikdə onu deyim ki, şairin ilham pərisinin cuşa gəlməsonə səbəb Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyət-baca yoldaşı Zamirə Hacıyevanın Londondakı malikanəsinin və qolf klubunın satışa çıxarılmasıdır.

Məlum olduğu ki, Hacıyevlərin əmlakları satılacaq, əldə olunan pullun 30 faizi onlara veriləcək, yerdə qalanı isə iki yerə bölünəcək. Həmin 70 faizdən Milli Biznes Agentliyinin xərci çıxılacaq, qalanı bizə veriləcək. Mən qorxuram MBA-nın xərci çıxılandan sonra bizə heç nə qalmaya, ya da az qala. Bu, ingilisdir e, həmişə pul bir onlarda olub, bir də pulunu onlara etibar edənlərdə.

Cahangir Hacıyev 2001-ci ildən 2015-ci ilə qədər BB-nin sədri olub - yəni 15 il. 2015-ci ilin dekabrından bu günə qədər isə türmədədir – yəni 9 il 3 ay. Dekabrda 10 ili düzələcək. Əlbəttə, əfv olunmasa.

Rəsmi informasiya belədir ki, Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib.

Üst-üstə 7 banderolu bir yerdə görməyənlər bu qədər pulun miqyasını təsəvvür edə bilməzlər. Bu, saymaqla qurtaran şey deyil, bunu yalnız elevatorla, konveyer üsulu ilə konteynerə yükləmək, sonra həmin kontyneri qaldırıcı kranla gəmiyə yerləşdirmək olar.

Müəllim isə məhkəmədə özünü təqsirli bilməyib. Yaxşı, o pulu sən oğurlamamısan, mən oğurlamamışam, bankın kassiri və ya gözətçisi oğurlamayıb, bəs necə olub o qədər pul? Yanmış olsa, külü qalardı, yanmayıb. Sel də aparmayıb. Hara yoxa çıxıb?

Bankir müəllim deyirmiş, həmin vəsaitlər layihələrə xərclənib. Ay-hay. Guya heç kəs bilmir ki, layihələr adıyla pulları necə məngirrləyir, kitabdan-kitaba, hesabdan hesaba salır, arxa nahiyəsinə keçirlər. Bax, Tramp belə söhbətlərə görə o boyda USAİD-iin qrantlarını kəsir, deyir, aparıb üçüncü dünya ölkələrində boş-boş layihələrə xərcləyirsiniz, ara yerdə ABŞ-nin pulu gedir.

Başqa şeylərə baxmayın, dövlət ona pul kələyi gələnlərə pis baxır. İstənilən dövlət belədir. Amerikanın özündə, bir də görürsən, yeddi adamı güllələyənə yüngül cəza verirlər, amma dövlətin vergisindən yayınanları elə cəzalandırırlar, çığırtısı aləmi başına götürür, Femida az qalır gözündəki sarğını açıb qulağına tıxasın, amma adamı buraxmırlar, deyirlər, sən dövlətə kələk gəlmisən, əclaf termədə günə-gün yatmalısan. Namus söhbəti kimi şeydir. Hələ yaxşı ki, bu iş üstə tutulanların başına içəridə pislik gətirmirlər.

Sovet dövründə qəlp pul kəsən Baranov soyadlı adam ömür-gün yoldaşının tamahkarlığı və bədxərcliyi üzündən özlərini dilə-dişə salıb ərini ilişdirdiyi kimi, Cahangirin xanımı Zamirə Hacıyeva da Londonun məhşur mağazası “Harrods”da 35 milyon manatın funt ekvivalenti qədər pul xərcləməsi ilə dünya mediasının diqqətinə düşmüşdü. Yoxsa çox adam bilmirdi ki, BB-dən (Beynəlxalq Bank) oğurlanmış pullar başqa BB-dədir(Böyük Britaniyada). Bir də eşitdik ki, yazırlar Zamirə xanım çay və qəhvəyə 50 min manat verib, “Godiva” şokoladına da 69 min xərcləyib. Xanım heç deməyib ki, çox şirin şey adama ziyandır. Həm də ərin türmələrdə acı çəkərkən, necə yeyirsən o şirin şeyləri, zalım qızı, necə yeyirsən?
Məhkəmədə o da aşkar olunub ki, Hacıyeva bu 10 il ərzində təxminən 545 min manat oyuncaq mağazasında xərcləyib. Nə oyuncağı imiş elə? Bilinmir.

Ona görə də şair qardaş sırf dövlətçilik mövqeyindən çıxış edərək belə var-dövlətçiliyə etirazını nəzmə çəkib, böylə yazıyor:

Sən Londonda, mən boz zonda,
bilmirsən halım necədir.
Azalır, artır - bimirəm,
dövlətim, malım necədir?

Deyirlər, onbeş min funta,
almısan bir brend çanta.
Sərf eləmə meyə, monta,
qalıbmı pulum, necədir?

Əfvə ümid vardı yazda,
sonra gözlədik payızda.
Olmadı, sındım bir az da.
Bilmirəm yolum necədir.

Burası türmədir, bəlli,
hər məqamı qaravəlli.
Srok olsun rentabelli,
Budur xəyalım, necədir?

Qüllədə nadzor gərnəşir,
dəhlizdə konvoy gəzişir.
Gündə beş dəfə dəyişir
bərbad əhvalım, necədir?

Gedəcək 70 faizi,
neynək, 30 görər bizi.
Yerdədir Canikin dizi,
Göydədir əlim, necədir?

Boylanma heç gerilərə,
gəlmə qəti bərilərə.
Fala baxdır Zirilərə,
Söyləsin, falım necədir.

 

P.S. Müəllif deyir ki, bu parodiyadır, “Necəsən” rədifli şeirlərin müəllifi köhnə davanı təzədən başlatmasınlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR