İnsanlara hürriyət, millətlərə istiqlal!

“Deyirdi, daha qocalmışam...”-Krım körpüsündə partlayan furonun sürücüsünün hekayəti


Mahir Yusubovla uzun müddət birgə işləyən sürücü danışdı: “Partlayan furonun onun olduğunu biləndə dərhal bildim ki, bu yükdən xəbəri olmayıb”

Krım körpüsündə partlayan yük maşını sürücüsü, Gürcüstanda doğulmuş azərbaycanlı Mahir Yusubovla bağlı yeni təfərrüatlar məlum olub.

Musavat.com xəbər verir ki, adının gizli saxlanılması şərtilə Rusiya mediasına danışan mərhumun dostu onunla bağlı maraqlı faktlar açıqlayıb.

O, bir neçə il Mahir Yusubovla birlikdə Volqoqrad vilayətindən Kazana yük daşıyıb. “Mahirlə altı il əvvəl tanış olmuşam. Kazan bazarında onun tərəvəz obyekti var idi. Alqı-satqı ilə özü məşğul olurdu. Ünsiyyətcil, mehriban adam idi. Onun bazarda öz müştəriləri var idi, hamı onu tanıyırdı. Onunla birlikdə Volqoqrada gedir, oradan böyük həcmdə tərəvəz gətirirdik. Bəzilərini topdansatış anbarına göndərirdilər, yeməkxanalara, restoranlara verirdilər. Qalanını isə Mahir bazarda satırdı. Əminliklə deyə bilərəm ki, onun terrorda əli ola bilməsi cəfəngiyyatdır. Müsəlman idi, amma dini fanatik deyildi. O, donuz əti yeyirdi, baxmayaraq ki, müsəlmanlar arasında bu, günah sayılır. Yorğun olanda pivə içə də bilərdi. O, həyata bağlı insan idi. Kazanda arvadı, uşaqları və valideynləri ilə böyük bir evdə yaşayırdı. Bir neçə il əvvəl atası ilə münasibətləri pozuldu, bundan sonra həyat yoldaşı və uşaqları ilə Krasnodar diyarına- Beloreçensk şəhərinə köçüb. Ondan niyə Krasnodarı seçdiyini soruşduqda zarafat edib deyirdi ki, artıq qocalmışam, isti havaya daha yaxın olmaq istəyirəm. Deyə bilmərəm ki, biz əla dost idik, sadəcə birlikdə işləyirdik, etibarlı adam idi, onunla birgə işləmək, uzaq yol getmək rahat idi”,- deyə o bildirib.

O, Mahir Yusubovun ailəsi haqda bunları deyib: “Mən onun arvadını cəmi bir dəfə görmüşəm, amma oğlunu yaxşı tanıyıram, xoş, nəzakətli uşaqdır. Mahir oğluna içki içməyə, siqaret çəkməyə icazə verməyib. Oğlu idmanla məşğul olur. Onun bir qızı da var.

…Sonuncu dəfə Saratov yolunda, şossedə rastlaşdıq. Dedi ki, yaxşı işləyir. Bir qayda olaraq, sifariş qəbul edəndə sürücülər avtomobilə nə yükləndiyini görmürlər. Biz kabinədən çıxmırıq. Anbar işçiləri malları maşına yükləyir, yola düşürük. Mənim yük maşınıma nə yüklədiklərini bilmirəm. Böyük onlayn mağazalar eyni prinsiplə işləyir. Onların anbarına girmək tamamilə qadağandır, hər yerdə kameralar var. Yükləmə davam edərkən sürücünün maşından düşmək hüququ belə yoxdur. Anbar işçilərinin özləri də çox vaxt nə yüklədiklərini bilmirlər”.

O, Krım körpüsündən nəzarətsiz keçmək üçün “haqq” verildiyini deyib: “Mən Krım körpüsü ilə getməmişəm. Sürücü yoldaşlardan eşitdiyimə görə, ciddi yoxlamırlar. Rentgendə dayanmamaq üçün 200 rubl ver, keç...

Oktyabrın 7-də Yusubov körpünün üstündən keçməli idi, amma 8-i tezdən keçib. O diqqətli sürücü idi və sifarişlərdə geçikməsi çətin ki, ola. Görünür, vaxtı olub ki, dincəlmək üçün dayanıb.

Partlayan furonun onun olduğunu biləndə dərhal bildim ki, Mahirin bu yükdən xəbəri olmayıb. Özü belə iş tutmazdı. Həyatdan vidalaşacaq qədər yorulmamışdı. İndi onun bütün ailəsi sarsılıb, yerli xəbərlərdə bu mövzuda çox danışlır. Yusubovun Gürcüstanda çoxlu qohumları var. Mahir siyasətlə maraqlanmırdı, bu barədə heç danışmazdı. O hesab edirdi ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Çox güman ki, o, səhv zamanda səhv yerdə olub...”

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR