Onlayn ictimai-siyasi qəzet
“Heç bir igid yoxsul olmasın”
(Azərbaycan ata sözü)
Qazilərin 72 min manatını dələduzluq yoluyla ələ keçirən vətənpərvərimiz haqda məlumat vermişdik. Bugünlərdə məhkəmə oldu, onu azadlığa buraxdılar. Zərəri ödədiyi üçün.
Əlbəttə, heç kəsə türmə arzulamırıq. Qoy hamı azad olsun, o cümlədən bloger Baboş. (Artıq belə ünlü adlarına öyrəşməliyik. İndən belə dəyərli ziyalılarımız “Rasim müəllim”, “Ramiz müəllim” tipli adlar daşımayacaqdır. Biz onlara “Niko”, “Baboş” kimi müraciətlər etməliyik).
Bu yerdə “hər xalq öz ziyalılarına layiqdir” tipli gurultulu bir cümləni yapışdırmaq olardı, lakin onsuz hava istidir, oxucuların zəhləsini tökmək istəmirəm. Tər tökürlər bəsdir. Bayaq vətənpərvər sözünü də boş yerə yazmadım, çünki qaziləri aldadan yoldaş Vətənpərvərlər Təşkilatımızın sədri vəzifəsində işləyir.
Ümumiyyətlə, son zamanlar məhkəmələrimizdə humanizm fışqırtıları artmaqdadır. Bir xanım var, iki nəfərə torba tikmişdi. Birinə deyib 1700 manat ver, hakimə çatdırım, məhkəmədə mülki işi sənin xeyrinə həll eləsin. Açığı, burada dələduzluğun olmasını zərərçəkən özü dərhal qanmalıydı, çünki hazırda 1700 manata evə heç santexnik çağırmaq olmur, Bakıda insan əməyinə yüksək qiymət qoyulmağa başlamışdır. Lakin mövzumuz bu deyil. Biz Azərbaycan məhkəmələrinin müstəqilliyinə inanırıq! İkinci fırıldaqda isə xanım bir abituriyenti Memarlıq və İnşaat Universitetimizə saldırmaq üçün 2 min manat almışdır. Guya bu pulu rektora verəcək, o da qabiliyyət imtahanından keçməyə yardım edəcək.
Bu işlər üzrə də məhkəmə dəymiş zərərin ödənildiyini, zərərçəkənlərin artıq şikayət etmədiyini nəzərə almış, “təkrar dələduzluq” maddəsi ilə ittiham edilən xanımı azadlığa buraxmışdır. Bəli, yanlış oxumadınız, xanım əfəndi bundan öncələr də neçə dəfə dələduzluq maddəsi ilə suçlanıbdır. Vətən belə oğul və qızları ilə fəxr edir. Məncə, əsl ziyalılarımız onlardır. Şəxsən mən hansısa şair, manıs, aktyorla dost olmaqdansa bir dələduzla tanışlığıma daha artıq qürur duyardım. Heyf ki, beləsini tanımıram. Ya qismət. Görünür, mən həyatda düzgün yol tutmamışam. Bunu son vaxtlar arvad-uşaqla da mənə tez-tez deyir. Ancaq indən belə dələduzluğu öyrənmək gecdirmi, tezdirmi, bilmirəm. “Qırxında öyrənən, gorunda çalar” ata sözü daha çox sənətkarlarımıza aiddir. Dələduzluqda qabiliyyət imtahanı vermək üçün yaş həddi varmı, yoxmu?..
Mövzumuz xalq-hökumət münasibətlərinin analizinə yönəlmişkən, bir maraqlı məhkəmə prosesinə də diqqət yönəldək. Nazirlər Kabinetinin işlər idarəsinin müdirindən 4 milyon manatdan çox pulu hədə-qorxu yoluyla tələb etməkdə suçlanan bir yoldaşın məhkəməsi gedir. İnternetdə bu işlə bağlı maraqlı detallar var, məsələn, deyir keçən il müttəhim zərərçəkənin 10-...200 nömrəli “Lexus” maşınına hücum edib, maşını döyəcləyib və sairə. Əlbəttə, NK-da işləyən adam mütləq Lexsus sürməlidir, nömrəsi də minimum 10 min manatlıq olmalıdır. Naz-lifanı, Oka-nı da qoy qazilər sürsün.
Ancaq burada daha mühüm cəhət NK əməkdaşından istənilən pulun miqdarıdır. 4 milyonu niyə Memarlığa uşaq qoymaq fikrinə düşəndən istəmirlər? Yaxud nədən hakimin qiyməti 1700 manat ətrafında cövlan edir? Deməli, NK daha varlı təşkilatdır. Biz iqtisadi gücümüzün artması ilə qürur duymalıyıq.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm sizdən nə qədər almaq olar?
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ