Onlayn ictimai-siyasi qəzet
Qanunvericiliyə daha bir dəyişiklik: 500 manatdan 1000 manata qədər cərimə ediləcəklər
Mayın 1-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. Sədr bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən baş prokuror vəzifəsinə təyin olunması üçün Kamran Əliyevin namizədliyi parlamentə təqdim olunub.
Bundan sonra iclasda iştirak edən Kamran Əliyevi salamlayan S.Qafarova sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə verdi. Komitə sədri Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında məlumat verdi, həmçinin namizədliyi irəli sürülən K.Əliyevlə bağlı yüksək fikirlər söylədi. “Kamran Əliyevin baş prokurorluğu dövründə düzgün kadr siyasəti yürüdülüb. Hazırda prokurorluq işçilərinin 90 faizi gənc peşəkarlardır”, deyən komitə sədri bildirdi ki, Kamran Əliyevin səlahiyyəti müddətində islahatlar həyata keçirilib, beynəlxalq əlaqələrin dərinləşdirilməsinə nail olunub. “Düzgün kadr siyasəti həyata keçirilib. Hazırda prokurorluq işçilərinin 90 faizi gənc, amma professional kadrlardır. Bu dövrdə prokurorluqla digər güc strukturları arasında güclü əlaqə mövcud olub. Bu isə ümumi işə böyük töhfə verib. Bir sıra hallarda xarici dairələrdə Baş prokurorluğun separatçılığa qətiyyətli mövqeyini şübhə altına almağa çalışırlar. Media və ictimaiyyətin isə buna qarşı fikri mövcuddur. İstintaq prosesində əldə olunmuş təkzibolunmaz faktlar seperatçıların öz əməlləri ilə bağlı etirafına səbəb olub. Kamran müəllim prokurorluq işçisi kimi dövlətçilik və milli maraqlara sadiq olub”, - Ə.Hüseynli daha sonra bildirdi. O qeyd etdi ki, qısa zaman ərzində işğaldan azad edilmiş ərazilərdə prokurorluğun fəaliyyəti təşkil edilib. Xankəndidə möhtəşəm prokurorluq binası açılıb: “Milli Məclislə Baş Prokurorluğun əməkdaşlığı da yüksək səviyyədə olub”.
Komitə sədri K.Əliyevin prokurorluğa rəhbərlik etdiyi dövrdə korrupsiyaya qarşı aparılan mübarizədən, digər işlərdən bəhs edib. Qarabağ separatçıları üzərində aparılan məhkəmə istintaqını prokurorluğun mükəmməl fəaliyyətinin bariz nümunəsi olaraq xatırlatdı.
Deputatların təklifi ilə müzakirələrə ehtiyac duyulmadan K.Əliyevin baş prokuror təyin olunması ilə bağlı qərar layihəsi səsə qoyuldu və 111 lehinə, 1 bitərəf olmaqla təsdiqləndi.
Dövlət başçısının və parlamentin etimadını qazanan Kamran Əliyev parlament tribunasından bunları söylədi: “Mənə yenidən etimadla bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevə özüm və porokurorluq orqanları əməkdaşları adından dərin təşəkkürümü bildirirəm”. O, namizədliyini dəstəklədikləri üçün deputatlara da təşəkkürünü bildirdi: “Respublikamızın bugünkü uğurlarının əsasını Ümumilli Heydər Əliyevin uzaqgörən siyasəti təşkil etməkdədir. Məhz onun yaratdığı strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində 30 ildən çox müddətdə işğal altında olan ərazilər azad edildi, bütün ərazilərdə suverenliyimiz bərpa edildi”. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə uğurlu bərpa işlərinə başlanıb, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb: “Yeni prokurorluqlar - Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorları təsis edilib. Siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur. Bunlardan birincisi, dövlətçiliyin daxili və xarici təhdidlərdən mühafizəsidir”.
İclasda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. İclasda çıxış edən deputat Razi Nurullayev “Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı”nın təsis edilməsini dəstəkləyib: “Bunu fakt üzərində izah etmək istərdim. Güclü yağışlar Azərbaycanda ciddi fəsadlar törətdi. Hökumət, dövlətimiz sağ olsun ki, müəyyən addımlar atıldı və buna görə zəhməti keçən hər kəsə təşəkkür edirəm. Xüsusilə Daxili İşlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyi gecə-gündüz çalışdılar və bunu mütləq vurğulamalıyam”.
Ardınca R.Nurullayev tənqidi fikirlər səsləndirdi: “Bununla bərabər deməliyəm ki, bu gün də evi suyun içində qalan və qapısı döyülməyən vətəndaşlar var. Təəssüflə deməliyəm ki, heç də aidiyyəti olan dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyəcan siqnalı da verməyiblər. Buradan Fövqəladə Hallar Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Cənab nazirə, müavinlərinə, bütün kollektivə "sağ ol" deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər. Gözümüzün qabağında insanları xilas etdilər, neçə günlər xidməti maşınlarda gecələdilər. Amma aidiyyəti olan orqanların bir çoxunun laqeydliyinin şahidi olduq. Çox təəssüf. Amma bilsinlər ki, onlar parlamentdə olan zaman çətin suallarla üzləşməli olacaqlar. Hər bir dövlət qurumu üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Bir daha FHN-in bütün kollektivinə dərin təşəkkürümü bildirirəm və əminəm ki, onlar ən yüksək medal və təltiflərə layiqdirlər".
Milli Məclisin iclasında çıxış edən deputat Elçin Mirzəbəyli bir sıra vacib məqamlara diqqət çəkdi. Qeyd etdi ki, “İcra haqqında” Qanunun 231.4-cü maddəsinə təklif edilən dəyişiklikdə “Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə biləcəyi qeyd olunur: "Hesab edək ki, borclu şəxsin məhkəmə qərarından bir gün sonra ailə üzvlərindən biri ölkədən xaricdə vəfat edib və o, doğmasının dəfnində iştirak etmək, yaxud cənazəsini ölkəyə gətirmək üçün ölkə xaricinə getməlidir. Bu halda, yəni istisna hal kimi hansı hüquqi prosedurlar və necə həyata keçirilməlidir?
Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericiliyin istisna halları nəzərə alması son dərəcə vacibdir.
Cinayət Məcəlləsinin 78-ci maddəsinə görə, şəxs ağır xəstəliyə düçar olduqda o, cəzadan azad oluna bilər. Yəni burada söhbət cinayətdə ittiham olunan, yaxud cinayət törətdiyi sübuta yetirilmiş şəxsin cəzadan azad olunmasından gedir. Düşünürəm ki, əgər cinayət törətmiş şəxsə münasibətdə humanizm nümayiş etdirilirsə, borclunun müstəsna hallarda, təcili ehtiyac duyulduqda ölkəni tərk etməsinə imkan yaradılmaması hüququn fəlsəfəsinə ziddir".
Deputat Vüqar Bayramov Mülki Prosessual Məcəlləyə dəyişikliklərdən bəhs edərək müvafiq maddədə borclu anlayışının dəqiqləşdirildiyini dedi: “Bununla yanaşı, bu anlayışın daha da dəqiqləşdirilməsi, o cümlədən fiziki və hüquqi şəxslər üzrə meyarların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə və sözügedən məcəllədə öz əksini tapa bilər. Çünki kredit portfeli üzrə artım eyni zamanda istehlak kreditlərində də özünü göstərir. 2024-cü ilin yekunlarında istehlak kreditlərinin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır”.
V.Bayramov deyib ki, bütün bunlarla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətən bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib: “Bu, o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir. Oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə müşahidə olunur. Belə ki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6.7 faiz və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil etmişdir. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür. 375 milyon manatlıq biznes kreditləri isə qeyri-işləkdir. Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manata bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisə, bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib. Göründüyü kimi, həm problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmlərində artımlar var. Bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənləşdirilməsini tövsiyə olunandır. Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılmasının problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim. Hazırda 27 milyard 877 milyon manat kredit portfelini olduğunu nəzərə alsaq, qanun layihəsində hüququ şəxslərin dairəsinin genişləndirilməsi məqsədəuyğun olardı. Yəni hüquqi şəxsin icra orqanının rəhbəri ilə yanaşı, təşkilati formasına uyğun olaraq təsnifləşdirmənin aparılması və qərarların qəbulunda iştirakı olanların tam əhatə olunması məqsədəuyğun olardı. Məsələn, səhmdar cəmiyyətlərində yalnız hüquqi şəxsin icra orqanının rəhbəri deyil, idarə heyətinin üzvləri ayrıca qeyd oluna bilər. Çünki qərarlar idarə heyəti tərəfindən verilir”.
İclasda İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarıldı.
Milli Məclisin növbəti iclası 8 mayda keçiriləcək.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ