Onlayn ictimai-siyasi qəzet
Ramazan ayı sona yaxınlaşır. Sabah son dəfə oruc tutulacaq, birisi gün isə bayram namazı qılınacaq. Bayramın atributlarından biri də fitrə zəkatıdır. Maddi təminatı olan hər bir müsəlman bayram namazına qədər zəkat fitrəsi verməlidir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına görə fitrə zəkatı adambaşına 10-15 manat müəyyən edilib.
Musavat.com xəbər verir ki, Teleqraf sözügedən mövzu ilə bağlı Milli Məclisin deputatları arasında sorğu keçirib.
Millət vəkillərinə "müəyyən edilmiş məbləğ barədə nə düşünürsünüz, fitrə zəkatı verəcəksinizmi, həmçinin bunu hansı formada həyata keçirəcəksiniz?" suallarını ünvanladıq.
Deputat Razi Nurullayev:
- QMİ tərəfindən müəyyən edilmiş məbləği doğru qəbul edirəm. Ancaq bu, o demək deyil ki, 15 manatdan artıq yardım etmək olmaz. Minimal məbləğ müəyyən edilib. Bu ondan ötrüdür ki, hamının yüksək məbləğ vermək imkanı yoxdur. Kimin nəyə gücü çatır, o qədər fitrə zəkatı evindən çıxarsın. Dediyim kimi, bu, minimal məbləğdir. İmkanı olan gedib qocalar evinə milyonlar bağışlasın, qurbanlar kəsib paylasın. Dünyada bir insanın qəlbini xoş etməkdən gözəl nə ola bilər ki?!
İmkansızlara iftar, pul, ərzaq formasında köməklik edirəm. Əsas sənin niyyətindir. Ancaq daha çox maddi yardım etməyə çalışıram. Bundan da zövq alıram. Təki insanların könlü xoş olsun.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:
- Fikrimcə, sözügedən məsələni müzakirə mövzusuna çevirmək doğru deyil. Bu, dini mahiyyətdən uzaqdır. QMİ müəyyən məbləğ elan edib. Ancaq imkanı olmayanlar 5 manat versin. Burada hər hansı məcburiyyətdən söhbət getmir. 10-15 manat civarındakı fitrə zəkatı olduqca optimal rəqəmdir. Amma 5 manat da ödəsən dünya dağılmayacaq.
Deputat Aydın Mirzəzadə:
- Düşünürəm ki, bu, hansısa ölçü meyarı ilə hesablanmamalıdır. Kimin nəyə imkanı çatır, imkansızlara yardım etməlidir. Bu, Allahla həmin şəxs arasında olan məsələdir. Xeyirxah olmağı unutmamalıyıq.
Deputat Rizvan Nəbiyev:
- Bu daha çox insanın şəxsi qərarıdır və qapalı qalması daha məsləhətdir. Kimin imkanı nəyə çatır, o qədər də yardım edə bilər və etməlidir. QMİ-nin müəyyən etdiyi minimal məbləğ imkanı çatan bütün müsəlmanlar tərəfindən ödənilməlidir.
Əgər kimin imkanı varsa, daha çox ödəyə bilir, fitrə zəkatı çıxartmalıdır. Sadəcə bu məbləği ictimai olaraq paylaşmağa da ehtiyac yoxdur. İki şəxs arasında qalmalıdır. Fitrə zəkatının da necə çıxarılacağı da, hansı formada çıxarılması da insanın özündən asılıdır. Əsas niyyətdir.
Deputat Samir Vəliyev:
- Fitrə zəkatı Ramazan ayının ən vacib əməllərindən hesab olunur. Oruc o zaman qəbul olunur ki, həmin adam evindən fitrə zəkatı çıxarsın. QMİ bununla bağlı minimal məbləğ müəyyən edib. Yaxşı olardı ki, bu pul imkansız ailələrə verilsin. Zənnimcə, bunun hansı formada verilməsinin fərqi yoxdur. Sözügedən məsələnin fəlsəfəsi insanlarla həmrəylik göstərməkdir. Bu, həm də insanlarda bayram ovqatının yüksəlməsinə kömək olur.
Deputat Ziyad Səmədzadə:
İslam dünyasının, Qurani-Kərimin bütün kəlamları mənim üçün müqəddəsdir. Orada nə buyurulubsa, onu həyata keçirirəm. Şübhəsizdir ki, mən də müəyyən məbləğdə fitrə zəkatı ayırıb, imkansızlara yardım edəcəyəm.
Deputat Hikmət Məmmədov (Babaoğlu):
- Fitrə zəkatı vermək xalqımızın dini inanclarından irəli gələn məsələdir, ritualdır. Düşünürəm ki, QMİ-nin müəyyən etdiyi məbləğ ədalətlidir. Mən də öhdəmə düşən dini tapşırıqları yerinə yetirməyə çalışıram. Bu, həm də imkanlı şəxslər üçün ibadət növüdür.
Deputat Ceyhun Məmmədov:
- Ramazan ayının sonunda, bayram namazına qədər hər kəs sədəqəsini verməlidir. Bu, dinimizin yanaşmasıdır. Əsas məqsəd müsəlmanların bayramı birgə keçirməsi, onlar arasında həmrəyliyin təmin olunmasıdır. Bəzi alimlər fitrə zəkatın pul formasında verilməsini tövsiyə edirlər. Bir qrup elm sahibi isə bunun ərzaq formasında verilməsinin tərəfdarıdır. Tövsiyə edərdim ki, insanlarımız QMİ-nin tövsiyə etdiyi məbləği əsas götürsün və müsəlman bacı-qardaşlarına köməklik göstərsin.
Mən də artıq müəyyən qədər məbləğ ayırmışam. Qeyd etdiyim kimi, bu, bayram namazına qədər verilməlidir.
Deputat Aqil Abbas:
- İlboyu yardımlarım olur. Yəqin ki, bu il də rayonumuzda - Ağcabədidə qurbanlar kəsdirib paylayacağam. QMİ-nin də müəyyən etdiyi məbləğ normaldır. Ancaq kimin imkanı nəyə çatır, o qədər də insanlara yardım etsinlər.
Deputat Nəsib Məhəməliyev:
- Ölkəmizdə dini-milli dəyərlərə hər zaman yüksək hörmət olub. Bu ilki Ramazan bayramında da xalqımız öz dəyərlərinə bağlılığını bir daha nümayiş etdirir. Qafqaz Müsəlmanları İdarəsinin müəyyənləşdirdiyi fitrə-zəkatının məbləğı də normaldır. Xalqımız hər zaman olduğu kimi ehtiyacı olanlara öz yardım əlini uzadır. Amma bu məbləğdən də artıq yardım əli uzadan şəxslər də az deyil. Bu konüllülük prinsiplərinə əsaslanır. Ramazan kimi bayramlarda insanların bir-birinə yardım etməsi bütövlükdə cəmiyyətin bütövlüyünə, saflaşmasına xidmət edən amillər sırasındadır. Sözsüz ki, bu yardımlar da göstəriş naminə edilməməlidir. Belə bir deyim var, sağ əlin verdiyini, sol əl bilməməlidir. Yardım edilən insanlar heç də özlərini sıxılmış hesab etməməlidir. Əgər kimsə də, hansısa formada yardım etmək istəyirsə, bunu bilinmədən etməsi daha məqbuldur.
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ