İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan xəbərdarlıq: “Dövlətimizi və millətimizi böyük təhlükəyə məruz qoya bilərik”

 

Azərbaycanın dövlət başçısı son günlər açıq mətnlə İranda yaşayan soydaşlarımızın pozulan hüquqlarından danışır, onlara hətta ana dilində təhsil almaq hüququnun verilməməsindən bəhs edir.

Türk Dövlətlər Təşkilatının Səmərqənd Zirvəsində 40 milyon azərbaycanlının ana dilində təhsil hüququndan məhrum edilməsi barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev  ADA Universitetindəki çıxışı zamanı da bu məsələyə toxunub. “İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu bizi narahat edir”, - deyə Prezident bildirib.

Artıq Milli Məclis səviyyəsində də aşkar şəkildə güneyli söydaşlarımızın tapdanan hüquqlarından bəhs olunur. Azərbaycan dövlətinin ən yüksək səviyyədə milyonlarla azərbaycanlının pozulan hüquqlarını dünyanın gündəminə gətirməsi, açıq mətnlə mövqeyini ifadə etməsi həm də cəmiyyət üçün yol xəritəsidir. Bundan sonrakı mərhələdə cəmiyyətimizin, ictimai-siyasi təsisatların üzərinə düşən missiya nədən ibarət olmalıdır?

Deputat, BQP başqanı Fazil Mustafa Musavat.com-a bildirdi ki, Azərbaycan prezidentinin İranla bağlı açıqlamaları bu dövlətin Azərbaycana qarşı yekəxana, ədəbsiz, qonşuluq dəyərlərinə sayğısızlıq kimi anlaşılan davranışlarına verilən çox tutarlı cavablardır: “Ancaq bu açıqlamalar barədə cəmiyyətimizə doğru izah verilməlidir. Prezident İranda pozulan insan hüquqlarından, xüsusilə də soydaşlarımızın təhsil hüququnun ermənilərlə müqayisədə olmadığından bəhs edir və bütün dünyada yaşayan azərbaycanlıların təhlükəsizliyinin qorunması üçün Azərbaycan dövlətinin zəruri addımlar atacağını söyləyir. Lakin Azərbaycan dövlətinin İran da daxil olmaqla bütün qonşu ölkələrin ərazi bütövlüyünə hörmət bəslədiyi bizim prinsipial xarici siyasət kursumuzun prioritet məsələsi kimi indiyədək anlaşılmaqdadırsa, bəzi naşı siyasətçilərin buraya vaxtı çatmamış hansısa dövlət yaratmaq ideyasından bəhs etməsi həm Azərbaycan dövlətinə, həm də orada yaşayan soydaşlarımızın faydasına deyil”.   

Deputat nə düşünür, Güney Azərbaycanı bu gedişlə nə gözləyir?

 F.Mustafa: “Bu gedişlə Cənubi Azərbaycanı İranda baş verməsi real görünən bir xaos gözləyir. Həmin xaosu İraqda və Suriyada görmüşük. Azərbaycanlıların əsas hədəfi bu xaosdan daha az itkilərlə çıxmaq olmalıdır. Ona görə də qarşıya xəyali hədəflər, məcaraçı tezislər qoymaq olduqca təhlükəlidir. Suriyadakı dalğanın hələ indiyədək qardaş Türkiyəyə vurduğu zərbəni xatırlayıqsa, o halda bu xaosa və qaçqın axınına bizim də bir dövlət olaraq hazırlıqlı olmamız vacibdir. Biz öz arzularımızı həm də beynəlxalq şərtlərin diqtə etdiyi reallıqlara uzlaşdırmasaq, dövlətimizi də, millətimizi də, habelə cənubdakı soydaşlarımızı da böyük təhlükəyə məruz qoya bilərik”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR