Onlayn ictimai-siyasi qəzet
“TikTok” platforması Azərbaycanda geniş kütləyə çatandan sonra özü ilə bərabər bir çox problemləri də gətirdi. Bəzi şəxslər hesab edir ki, “TikTok” insanların real simasını ortaya çıxardı, platformanın günahı yoxdur. Digər qism isə hesab edir ki, əxlaqsızlığı yayan elə sözügedən sosial şəbəkədir.
Digər tərəfdən “TikTok” artıq qazanc mənbəyinə çevrilir. Platforma istifadəçiləri heç bir iş görmədən canlı yayımlar açırlar və hədiyyələr istəyirlər. Bu hədiyyələr də hansısa simvolların, jetonların qarşılığıdır. Tiktokerlər sonda yığılan hədiyyələri pula çevirib öz kartlarına göndərirlər.
Bu şəxslər daim tənqid olunsa da, kifayət qədər hədiyyələr (pullar) yığırlar.
Bəs maraqlıdır, onlara bu pulları göndərənlər kimlərdir? Niyə insanlar öz təhsillərinə, gələcəklərinə sərmayə qoymurlar, amma hansısa tiktokerə pul göndərirlər?
Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O qeyd edib ki, bizim cəmiyyətin insanları vaxtilə Şeyx Nəsrullaha aldananlardır:
“Bu gün Şeyx Nəsrullah “TikTok”dur, “Facebook”dur, “Instagram”dır. Düşüncə olmadıqda, fərdi məsələlər təhlil edilmədikdə insanların sosial şəbəkəyə yanaşmaları bu cür ortaya çıxır. Bu cəmiyyətdə kimin hansı dəyəri niyə götürdüyünü demək çox çətindir.
Bu gün bir təmir ustası ilə ünsiyyətdə oldum. Dedi ki, Ramazan bayramına görə rayona gedir. Bu adam Ramazan ayında içir, oruc tutmur, amma bayramı xüsusi qeyd edir. Təxminən bu anlayışa sahib cəmiyyətik.
Mən bu məsələdə təəccblü heç nə görmürəm. İnsanlar aldanmaq istəyirlər. “TikTok”, molla, tanımadığı şəxs və ya lotereyada aldansın, fərq etməz. Aldanmaq istəyən şəxslər üçün bu xərclər adi bir şeydir. Bu pul haradansa çıxmalıdır, belə də çıxır”.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ