İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Kamal Kılıçdaroğlunun çıxışına sərt reaksiya

Milli Məclisin iclasında çıxış edən deputat Elnur Allahverdiyev bildirdi ki, mayın 14-də qardaş Türkiyədə keçiriləcək seçkiləri vətəndaşlarımız diqqətlə izləməkdədir.

O qeyd etdi ki, bu seçimlərin hansı nəticələrlə başa çatmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, bir millət, iki dövlətlərdir. “Ancaq təəssüf ki, aramızda olan bu səmimi münasibətləri öz məqsədləri, hazırda isə seçki hədəfləri üçün yanlış istifadə etməyə çalışan qüvvələr də var”-deyən E.Allahverdiyev ardınca Türkiyənin müxalifət liderinin ittihamlarına etirazını ifadə etdi: “Bu günlərdə Türkiyədə müxalifətin namizədi bəyan edib ki, Azərbaycanda Türkiyədən gələn yük maşınlarından yüksək rüsum alınır, eyni zamanda bu rüsum digər heç bir dövlətin maşınlarından tələb olunmur. Təbii ki, bu, yanlış fikirdir və müxalifətin lideri məsələ barəsində yetərincə məlumatlı deyil. Ən azı ona görə ki, müvafiq rüsumlar ya əsas etibarilə ləğv olunub, ya da azaldılıb. Yəni bu sahədə Azərbaycan hökuməti ciddi liberallaşma tədbirləri həyata keçirib. Azərbaycanın postsovet məkanının dövlətləri ilə hələ ötən əsrin 90-cı illərindən hökumətlərarası sazişləri mövcuddur. Məhz buna görə onların avtomobillərindən tutulan rüsumlar fərqli idi. Ancaq yenə də qeyd etməliyəm ki, həmin rüsumların çoxu artıq ləğv edilib və bu barədə ictimaiyyətin yanvarın sonlarından məlumatı var”.

Deputat CHP liderii Kamal Kılıçdaroğlunun növbəti anti-Azərbaycan addınına reaksiyasında bunları söylədi: “Müxalifət liderinin daha öncə təklif etdiyi İpək Yolu layihəsi türk dövlətlərini necə birləşdirə bilər ki, bu layihədə Azərbaycan və Qazaxıstan kənarda qalırlar? Yolun əsas hissəsi düşmənimiz Ermənistana açıq-aşkar kömək edən İran ərazisindən keçir. Qardaş ölkədə təqribən 180-200 min yük avtomobili sürücüsü var. Güman ki, müxalifətin liderinin bu bayənatı onların səslərinə hesablanıb. Ancaq məlumat yanlış olmaqlla bərabər, təəssüf ki, həm də bir kinayə, sarkazmla müşayət olunur ki, bu da bizim ortaq keçmişimizə, bu günümüzə və sabahımıza yaraşmır”.

E.Allahverdiyev iki qardaş dövlətin, bir millətin tarixi sınaqlardan keçdiyini söylədi: “Bizim Çanaqqala savaşımız olub, bizim Vətən müharibəmiz olub, bizim Şuşa Bəyannaməmiz var. Bizim aramıza heç bir yad, əcnəbi kökənli ünsürlər girə bilməzlər! Odur ki, xalqlarımız və ölkələrimiz arasındakı münasibətləri xarakterizə edən “Bir millət, iki dövlət” deyimini sarkazm mövzusu etmək Türkiyə kimi şanlı tarixi olan dövlətin prezidentliyinə iddia edən siyasətçiyə yaraşmır. Ümid edək ki, müxalifət lideri komandasının ona verdiyi bu informasiyanın səhv olduğunu tezliklə biləcək və fikirlərinə lazımi dəyişikliklər edəcək”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR