İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan İrana sərt cavab: “Azərbaycan bəziləri kimi terrorçu ünsürlər hazırlamır!”  

 “Şiraz şəhərində törədilən terroru qətiyyətlə pisləyir, kimliyindən asılı olmayaraq bütün terrorçuları və onları dəstəkləyən dövlətlərlə rejimləri lənətləyirəm. Əslində bu, təkcə mənim yox, hay terrorundan əziyyət çəkən bir xalq, dövlət olduğumuzdan əksər azərbaycanlıların fikri və yanaşmasıdır”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. İran kəşfiyyatının həm terrorçu qrupun əlaqələndiricisinin Azərbaycan vətəndaşı olması haqda iddiasına gəldikdə, S.Alıyev qeyd etdi ki, bəlkə də belədir: “Çox təəssüf ki, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları, o sıradan da İranınkı din pərdəsi altında inancla ekstremizmi dəyişik salan azərbaycanlı gəncləri qanunsuz silahlı qruplara və terror şəbəkələrinə cəlb edə biliblər. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin bu günlərdə keçirdiyi əməliyyat da bunu göstərdi. Və İran kəşfiyyatının Azərbaycan vətəndaşlarından başqa ölkələrdəki yəhudi iş adamlarına qarşı terror məqsədilə faydalanmağa çalışdığı haqda təsdiq olunmuş faktlar da, həbs edilən adamlar da var”.

Deputatın sözlərinə görə, İrandakı dindən uzaq rejimin Azərbaycana qarşı yanaşması bəlli olduğundan həmən ölkənin kəşfiyyatının Şirazdakı terrorda azərbaycanlıların iştirakıyla bağlı açıqlaması heç şübhəsiz ki, daha çox şübhə doğurur və məkrli məqsədlərə xidmət etdiyi təəssüratı yaradır: “Amma bir daha vurğulayıram, iddia edilən doğru da ola bilər. Elədirsə, onda o da İranın Kiprdə yəhudi iş adamını öldürməyə göndərdiyi ələ alınmış azərbaycanlı kimi, hansısa bir ölkənin xüsusi xidmətinə bağlıdır və əminəm ki, buna yaxın zamanda aydınlıq gətiriləcək. İstənilən halda Azərbaycan bəziləri kimi terrorçu ünsürlər hazırlamır, terrora dəstək vermir, İrandan fərqli olaraq, bizim dövlətin elələrinin siyahısında adı yoxdur, ola da bilməz”.

Patruşevin Tehrana səfərinə gəldikdə, S.Alıyev bunları bildirdi: “Sadəcə onu deyə bilərəm ki, Rusiya-İran əlaqələrinin dərinləşməsi regional müstəvidə də, Ukraynada baş verənlərdən də görürük ki, qlobal müstəvidə yaxşı nəsə vəd etmir”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR