Onlayn ictimai-siyasi qəzet
Deputat Əli Məsimli Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında danışarkən bir sıra vacib məqamlara toxundu.
Əvvəlcə bildirdi ki, qanunvericilik işləri planına çox vacib layihələr daxil olunub: “Bunlar “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”,“Ali təhsil haqqında” qanun layihələridir. Həmin qanun layihələrinin qəbul edilməsi aidiyyəti sahələrdə hüquqi bazanın yenilədirilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsində mühüm rol oynayacaq. Sözügedən həmin layihələrlə yanaşı ötən sessiyada olduğu kimi, bu sessiyada da qanunvericilik sahəsində məcəlləşmənin dairəsinin genişləndirilməsi istiqamətində atılan addımın davam etdirilməsini vacib hesab edirik. Belə ki, ötən il Azərbaycanda antiinhisar qanunvericiliyi sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübəyə əsaslanan yeni Rəqabət Məcəlləsinin layihəsi 2023-cü ilin qanunvericilik işləri planına salınıb, qəbul edildiyi kimi, bu il də yeni Vergi Məcəlləsinin, Büdcə və Bank Məcəllərindən birinin qəbul edilməsi işinin sürətləndirilməsi çox ciddi hadisə olardı”.
Ə.Məsimli digər məsələdən də bəhs etdi: “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2024 tarixli Fərmanında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, bu ilin ikinci yarısından başlayaraq Rəqabət Məcəlləsinin tam gücü ilə işləməyə başlamasından ötrü, digər normativ aktlarla yanaşı, Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsinin də nəzərdə tutulan müddətdə qəbul edilməsi üçün vaxtında Milli Məclisə təqdim edilməsini vacib hesab edirik”.
Deputat vurğuladı ki, dünya iqtisadiyyatı xeyli dərəcədə kiçik və orta biznesin üzərində dayanıb: “Xüsusən də inkişaf etmiş ölkələrin iqtisadiyyatı öz əhatəliliyinə daha çox kiçik və orta biznesin hesabına nail ola bilib və dayanıqlığına da xeyli dərəcədə məhz həmin sahənin hesabına uzunmüddətli xarakter verə bilir. Biz də iqtisadiyyatımızda kiçik və orta biznesin payının və rolunun artırılmasına yönəlik tədbirləri genişləndirməliyik. Keçən ilin sonlarında Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində mikrosahibkarlardan alınan 5%-lik güzəştli gəlir vergisi bu ilin yanvar ayından 20%-lik gəlir vergisinə keçib. Yəni gəlirinin hər 100 manatına görə 5 manat vergi ödəyən mikro sahibkar bu ilin yanvarndan 20 manat ödəməli olacaq...Bu dəyişiklik mikro sahibkarlar arasında geniş narazılıq doğurub. Bununla yanaşı sahibkarlıq sahəsində müstəqilliyimizin müxtəlif mərhələrində qəbul edilmiş qanunların fəaliyyəti də müəyyən problemlər yaradır. Ona görə də qanunvericilikdə sahibkarlıqla bağlı iki məslənin həllini vacib hesab edirik: birincisi, sahibkarlıq sahəsində müstəqilliyimizin müxtəlif mərhələrində qəbul edilmiş qanunların əvəzinə yaşamağa başladığımız yeni mərhələnin tələb və vəzifələrininə cavab verməyə qadir sahibkarlıq fəaliyyətinə dair mükəmməl bir Məcəllənin qəbul edilməsini məqsədəuyğun hesab edirik. İkincisi, hesab edirik ki, keçən ilin sonlarında Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində mikrosahibkarlardan alınan 5%-lik güzəştli gəlir vergisi bu ilin yanvar ayından 20%-lik gəlir vergisinə keçidin nəticələrinə dair bu ilin birinci rübündə monitoriq keçirilsin, Vergi Məcəlləsində yenidən dəyişiklik edilsin və mikrosahibkarların əvvəlki vergi güzəşləri bərpa edilsin”.
Ə.Məsimli bildirdi ki, bu ilin sonlarında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi çox mötəbər bir tədbir keçiriləcək: “Bununla əlaqədar olaraq yəqin ki, bu il, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmiş prioritetə, eləcə də 25 dekabr 2023-cü il tarixli xüsusi Prezident Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ciddi və gərgin fəaliyyət ili olacaq. Bu isə öz növbəsində məntiqi olaraq bir sıra yeni normativ-hüquqi aktların irəli sürülməsi, eləcə də mövcud qanunlarda dəyişikliklərin edilməsini şərtləndirəcək. Bu sahədə həllini gözləyən vacib problemlər sırasında su ehtiyatlarından səmərəli istifadə və suvarma məsələsi xüsusi yer tutur. Məlumdur ki,Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkədir və əkinçilikdə dəmyə sahələrin miqyası kifayyət qədər böyükdur. Bu baxımından quraqlıq olan illərdə məhsuldarlıq olduqca aşağı səviyyədə olur. Kəndli nəinki gəlir əldə edə bilmir, qoyduğu sərmayədən belə məhrum olur və müflis duruma düşür.Apardığımız araşdırmalar göstərir ki, quraqlı nəticəsəndə böyük məhsul itgisinə məruz qalan fermer ailələrin çoxunda 3-5 uşaq böyüyür vəonlar da bu hadisənin təsərrüfatlara mənfi təsirindən ziyan çəkmiş olurlar. Bu mənada quraqlıq əslində təbii fəlakət hesab edilməlidir. Çünki, təbii fəlakət dedikdə insanın müdaxiləsi olmadan baş verən, həyata və insanlara mənfi təsir göstərən hadisələr başa düşülür. Ümumiyyətlə, təbii fəlakətlə iqlim hadisələri, geomorfoloji proseslər, bioloji amillər və ya məkan hadisələri səbəb olur. Bu hadisələr həddini aşdıqda fəlakət sayılır. İqlimlə əlaqəli təbii fəlakətlərə tropik siklonlar, daşqınlar, quraqlıq, meşə yanğınları, tornado, isti dalğalar və soyuq dalğalar daxildir. Göründüyü kimi təbii fəlakətlərin növlərindən biri də quraqlıqlardır. Quraqlıqlar zamanı uzun müddət yağışın olmaması və nəticədə yüksək temperatur şəraitində bitkilərin məhsuldarlığı aşağı düşür, xeyli sahələr sıradan çıxır və heyvanlar tələf olur”.
Deputat ardınca bildirdi ki, son iki ildə ölkəmizdə aqrar sığortanın tətbiqinə başlanılıb: “Lakin qeyd etməliyik ki, sığorta zərfinə quraqlıq hadisəsi düşməyib. Axı sel, dolu və sair hadisələrlə yanaşı, dəmyə əkinçiliyinin tətbiq olunduğu bölgələrimizdə quraqlıq hadisəsi daha böyük ziyan vurur. İlin quraq keçməsi bizim iradəmizlə əlaqəli deyil və ona qarşı mübarizə üsulları yoxdur. Halbuki, yanğına qarşı təhlükəsizlik tədbirləri görülə bilər, doluya qarşı dolu dağıdan vasitələrdən yararlana bilərik və s. Eyni zamanda sonuncu sadaladığımız hadisələr kütləvi olmur, lokal-məhəlli xarakterli olur. Quraqlıq isə bütün bölgəni əhatə edir. İqlim dəyişiklyi kənd təsərrüfatı ilə məşğul olmağı əvvəlki dövrlərlə müqayisədə daha çox riskli sahəyə çevirib. Qeyd edilənlərdən çıxış edərək “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər haqqında Azərbaycan Respublikasının Qanununu layihəsini müvafiq prosedur qaydalarına uyğun şəkildə ilk olaraq işçi qaydada təqdim etmişik və həmin prosedurlardan keçdikdən sonra Milli Məclisinin müzakirəsinə çıxarılmasını vacib hesab edirik”.
E.Paşasoy,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ