İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Əslində məqsəd regionda gərginliyin qalması və bunu yaradan geosiyasi alətin-işğalçı Ermənistanın qorunmasıdır”

“Bu gün Gəncəyə atılan SCUD raketi nəticəsində 10 nəfər mülki şəxsin şəhid olması, 40-nın yaralanmasıyla nəticələnən terror aktından düz iki il keçir. Amma dünən Ukrayna şəhərlərinin bombalanmasına görə Rusiyanı tənqid, hədə növbəsinə duranlardan demək olar ki, heç biri Azərbaycanın dinc yayaşış məskənlərinə reket-artilleriya zərbəsi endirilərkən səslərini çıxarmırdılar”.

Deputat Sahib Alıyev bu sözləri ölkə parlamentinin sonuncu plenar iclasında söyləyib. O deyib ki, hələ doğruluğu tam təsdiqlənməmiş videolara dayanaraq əsgərlərimizin əsir götürdükləri və məhv etdikləri "zinvorlar"a qarşı amansızcasına davranışından guya şoka düşdüklərini deyənlərin, bunu dövlətimizin ayağına yazmağa cəhd edənlərin o zaman niyə susduqlarını da bir kənara qoyur: “Çünki ayrıseçkiliyə yol verdikləri, bizə qarşı edilən vəhşilikləri görməzdən gəldikləri birinci dəfə deyil. Və biz yaxşı bilirik ki, onların bu davranışlarının arxasında Azərbaycanın müstəqil siyasət yeritməsi, ancaq öz milli maraqlarından çıxış etməsi durur. Biz yaxşı xatırlayırıq ki, dinc yaşayış məskənlərimizin raket-artilleriya atəşinə tutulduğu, mülki adamlar qətlə yetirdilyi günlər belə, Ali Baş Komandanımız düşmənə qarşı eyni addımlar atılmamasını, onun ancaq hərbi potensialının sıradan çıxarılmasını əmr etmişdi. Belə bir dövlətin ordusunda əsirlərlə hayların bizimkilərlə davrandığı kimi vəhşicəsinə davranmaq göstərişinin verilməsi mümkündürmü? Təbii ki, yox!
O videodakı səhnələrə qətiyyən haqq qazandırmayaraq bildirirəm ki, çiyin-çiyinə vuruşduğu dostu gözü qarşısında şəhid olan əsgər düşmənlə üzləşəndə emosional sarsıntı içərisində bəzən nə etdiyinin fərqinə varmır. Savaş zamanı təəssüf ki, belə hallara rast gəlinir. Sözügedən videolar növbəti hay dezinformasiyası deyilsə, orada baş verənlər doğrudursa, onlardan birində eşidilən "atəşi kəsin" əmri də elə dediklərimizin təsdiqi deyilmi? Həm də onun təsdiqi deyilmi ki, Azərbaycanın uyğun qurumları bununla bağlı dəqiq araşdırma aparıb, gərəkən nədirsə, onu da edəcək?”

S.Alıyevin sözlərinə görə, Qərbdəki bəlli çevrələr əlbəttə, bunu bilməmiş deyillər və indi də Azərbaycan Müdafiə Nazirliyinin mövqelərimizin atəşə tutulmasıyla bağlı yaydığı ardıcıl xəbərləri görən kimi hərəkətə keçir, elçi göndərir, zənglər edir, “dayanıqlı sülh” gündəliyindən dəm vurmağa başlayırlar: “Əslində isə məqsəd regionda gərginliyin qalması və bunu yaradan geosiyasi alətin-işğalçı Ermənistanın qorunmasıdır. Yoxsa torpaqları uzun müddət işağl altında olan və bir hissəsində hələ də işğalçı ordunun tör-töküntülərinin qaldığı ölkəni təcavüzkar kimi təqdim etməyə çalışmazdılar.

Həmən çevrələr kimi, onların verdikləri muzd qarşılığında qəhərman oğullarımızı-əsgərlərimizi “oğru pişik”, torpaqlarımız üzərində suverenliyimizin tam təmini yolunda atılan addımları “təcavüz” adlandıran dırnaqarası “azərbaycanlılar”a da deyəcək heç bir sözüm yoxdur. Onsuz da düzələn deyillər. Bununla yanaşı, biz görürük ki, cəmiyyətimizdə Milli Şuranın başında duran və ətrafında fırlanan o cür ünsürlərin sosial şəbəkədə dövlətimizin əleyhinə yönələn paylaşmalarını bəyənənlər də var.

Onların heç də hamısı bot, yaxud da nə etdiyinin fərqində olmayan küt deyil. Bir hissəsi öz uğursuzluqlarının səbəbini başqasının uğurunda görən, bəlkə də, dövlət idarələrində ədalətsizlik, yaxud da məmur özbaşınalığıyla üzləşib də narazılıqlarını bu yolla sərgiləyənlərdir”. Deputat ardınca deyib: “O “azərbaycanlı”lardan fərqli olaraq, hələ düzəlmək ehtimalları qaldığından həmən adamlara səslənirəm, sizə elə gəlmirmi ki, etdikləriniz üzləşdiyinizdən daha böyük rəzillikdir. Çünki sizin etdiyiniz, informasiya savaşında düşmənlə eyni səngərdə vuruşan vətən xainlərinin sərsəmləmələrini bəyənməniz onlara patron vermək kimi bir şeydir. Və bir də yaxşı düşünün, bəlkə, həyatda niyə uğur qazana bilməmənizin cavabı elə həm də bu hərəkətinizdədir?”

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR