Onlayn ictimai-siyasi qəzet
Azərbaycan ictimaiyyətinin son günlərdə ən çox müzakirə etdiyi hadisə deputat Azər Badamovun Moskvada saxlanılması və deportasiyasıdır.
Musavat.com bildirir ki, hadisə ilə bağlı indiyədək Azər Badamov açıqlama verməyib.
Bu baxımdan hadisənin birbaşa şahidi deputat Elman Nəsirovun Sevinc Telmanqızının aparıcısı olduğu TV Musavatın “Canlı debat” verlişində suallara cavab verməsi bu məsələni aydınlığa qovuşdurmaq baxımından son dərəcə əhəmiyyətlidir.
Deputat Azər Badamovun Moskvada saxlanaraq, deport olunması prosesində onun yanında olan Elman Nəsirov hər şeyi sona qədər görüb, müşahidə edib və bəzi məqamlarda hətta müdaxilə edib.
Mətbuata susan Azər Badamovun əvəzinə hər şeyi eksklüziv olaraq TV Musavata danışan Elman Nəsirovun açıqlamasını Musavat.com olaraq təqdim edirik.
Elman Nəsirovun sözlərinə görə, deputatlar Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı tədbirdə iştirak üçün yola düşüblər.
Sərhəd yoxlaması zamanı heç bir problem yaşanmayıb. Lakin uçuşa 45 dəqiqə qalmış iki rus sərhəd xidməti əməkdaşı yaxınlaşaraq Azər Badamovun Rusiyaya buraxılmadığını bildiriblər. Onlara bu barədə səbəb təqdim edilməyib:
“Bizə sadəcə deyildi ki, Rusiya ərazisinə girişinə ‘stop’ qoyulub. Nə səbəb göstərildi, nə də motiv izah edildi. Əksinə, bəzən qeyri-müəyyən və anlaşılmaz izahlar verildi, məsələn: ‘təhlükəsizlik səbəbləri’ göstərildi. Bu nə demək idi – məlum olmadı”, – deyə Nəsirov qeyd edib.
“Badamovu deport etdilər, biz yolumuza davam etdik”
Deputat bildirib ki, Azər Badamov elə Moskva hava limanından geri – Azərbaycana deportasiya olunub və Bakıya qaytarılıb. Digər nümayəndə heyətinin üzvləri isə planlaşdırıldığı kimi Həştərxana yollanıblar və tədbirlərdə iştirak ediblər:
“Hadisə xoş deyildi. Amma bizim səfərimizin məqsədi tam fərqli idi. Heydər Əliyevə ehtiramımızı ifadə etmək üçün Həştərxandaydıq. Burada Azərbaycan adına park, məktəb, abidə var və bu tədbirlərdə iştirak etməyimiz vacib idi. Ona görə də səfəri yarımçıq qoymadıq”, – deyə Nəsirov vurğulayıb.
“Heç bir təzyiq, zorakılıq olmadı”
Sevinc Telmanqızının “Badamova qarşı hər hansı zorakı davranış oldumu?” sualına Elman Nəsirov birmənalı cavab verib:
“Xeyr, heç bir zorakılıq olmadı. Mən özüm onun yanında idim. Hətta Rusiya sərhədçiləri son dərəcə nəzakətli davranırdı. Dəfələrlə bizə dedilər: ‘Bağışlayın, sadəcə əmrə əməl edirik. Səbəb bizlik deyil’. Bu, texniki bir qərar kimi təqdim edildi".
“Hadisənin motivi hələ də məlum deyil”
Deputatın sözlərinə görə, hadisənin motivi və səbəbi bu günə qədər onlara təqdim edilməyib. Onun fikrincə, əgər bu bir texniki səbəbdirsə, əvvəlcədən niyə xəbərdarlıq edilməmişdi? Deputat qeyd edib ki, Azərbaycanın rəsmi qurumları – xüsusilə Xarici İşlər Nazirliyi – bu məsələ ilə bağlı artıq Moskvaya diplomatik kanallarla müraciət edib: “Əgər doğrudan da hansısa bəyanat, fikir və ya şəxsi səbəb varsa, bunun izahı təqdim edilməlidir. Əks halda bu, anlaşılmazlıq yaradır və rəsmi münasibətləri zədələyir”, – Elman Nəsirov bildirib.
“Biz bu cür reaksiyaları təəccüblə izləyirik”
Müsahibənin sonunda Elman Nəsirov vurğulayıb ki, Azərbaycan dövlətinin və parlamentinin mövqeyi birmənalıdır və bu cür davranışlar ikitərəfli münasibətlərə kölgə salmamalıdır.
“Biz hər zaman Rusiya ilə strateji tərəfdaşlıq kursunu dəstəkləmişik. Lakin belə insidentlər dostluq ruhuna uyğun gəlmir. Ümid edirik ki, bu məsələ diplomatik yolla aydınlaşdırılacaq. Bizim əsas missiyamız isə xalqımızı və dövlətimizi layiqincə təmsil etməkdir”.
Musavat.com olaraq, deputat Elman Nəsirovun susqunluğu pozaraq ilk dəfə danışdığı bu eksklüziv müsahibəni diqqətinizə çatdırdıq. Əlavə olaraq, hadisənin gedişi ilə bağlı rəsmi instansiyaların mövqeyini də izləməyə davam edəcəyik.
Video aşağıdakı linkdə:
Şahanə Rəhimli,
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ