Onlayn ictimai-siyasi qəzet
“Əli Əsədovun təsdiq olunması ciddi müzakirə edildi. Ümumi qənaət ondan ibarət oldu ki, Ə.Əsədov 2019-cu ildən hökumətə rəhbərlik edir. Onun rəhbərlik etdiyi dövr mürəkkəb oldu. Baş nazir təyin edildiyi gündən bir neçə ay sonra pandemiya başladı. Bu dövrdə Operativ Qərargaha rəhbərlik etdi. Bu isə çox təcili, təxirəsalınmaz qərarlar qəbul etməyi tələb edirdi. Buna görə də Əli Əsədovun fəaliyyəti müsbət qarşılandı”.
Bu fikirləri Musavat.com-a deputat Elman Nəsirov bildirib. O qeyd edib ki, pandemiya dövründə sahibkarların çox ciddi problemləri ortaya çıxdı. Eyni zamanda işsizlik məsələləri önə çıxdı. “Odur ki, baş nazirin fəaliyyəti deputatların çıxışlarında müsbət vurğulandı”, -deyə deputat qeyd edib.
E.Nəsirov vurğulayıb ki, hökumət bu komanda ilə tarixi zəfərə imza atdı: “Bu, həm də Zəfər komandasıdır. Bütün bu reallıqları nəzərə alanda Əli Əsədovun yenidən baş nazir seçilməyə mənəvi haqqı çatır. Ə. Əsədov çıxışında yeni dövrdəki reallıqlardan, hədəflərdən danışdı. Ə.Əsədov qeyd etdi ki, planlar var, mövqe bəllidir, bütün məsələlərə sistemli yanaşılır. Cənab prezidentin müəyyən etdiyi hədəflərə çatmaq üçün hökumət olaraq biz öz prioritetlərimizi müəyyən etmişik. Qoyduğumuz hədəflərə çatacağıq.
Bu baxımdan Əli Əsədovun yenidən baş nazir təyin edilməsi ən düzgün qərardır. Zəfər komandasından o halda imtina edilə bilər ki, komanda strateji hədəflərə çata bilməyib. Zəfər əldə etmək üçün ilk növbədə ölkənin möhkəm iqtisadi bazası olmalıdır. Baş nazir isə sırf iqtisadi məsələlər ilə məşğul idi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 20 il öncə Azərbaycanda ÜDM 7 milyard dollar idi, indi isə bu rəqəm 70 milyard dollara çatıb. Deməli, baş nazir ona tapşırılan vəzifələri yerinə yetirə bilib. Bu nöqteyi-nəzərdən mən təəccüblənmədim. Hesab edirəm ki, Əli Əsədov yenidən prezidentin müəyyən etdiyi hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcək”.
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ