Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Marneuli rayonuna bağlı Qızılhacılı kəndində keçirilən toplantı gözlənilmədən qalmaqala çevrilib.
Musavat.com xəbər verir ki, yerli aktual.ge saytı yazır ki, kənddəki “Mərasim evi”ndə təşkil olunan görüşdə əsas müzakirə mövzusu infrastruktur, yollar və içməli su ilə bağlı problemlər olub.
Toplantıda iştirak edən kənd sakini, Marneuli 4 saylı məktəbin direktor müavini Əhməd Babakişiyev çıxış edərək bu problemlərin illərlə həll olunmadığını vurğulayıb. O, kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu məsuliyyətsizlikdə ittiham edib. Babakişiyevin sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisinin gündəminə çıxarmağa cəhd göstərmir.
İttihamlara cavab verən deputat Ceyhun Çovdarov və meriya rəsmisi Sədrəddin Talıbov öz fəaliyyətlərini müdafiə edərək, görülən işlər barədə danışıb. Lakin sorğu-sual və narazılıqlar fonunda gərginlik daha da artıb. Müzakirələr zamanı kənd sakinlərindən biri sərt şəkildə Ceyhun Çovdarovu təhqir edib. Bundan qəzəblənən deputat masanın üzərindəki çayniki götürərək həmin şəxsə atıb.
Hadisə nəticəsində zaldakı gərginlik əlbəyaxa davaya çevrilib. İclas yarımçıq qalıb, iştirakçılar arasında qarşıdurma çətinliklə sakitləşdirilib.
Görüntüləri təqdim edirik:
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ