Onlayn ictimai-siyasi qəzet
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək. Artıq ölkələr arasında energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı 2024-cü ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdı və bu il enerji əməkdaşlığı daha da dərinləşəcək.
Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin son illər daha da inkişaf etməsi müşahidə olunur:
“Şimali Makedoniya Azərbaycan ilə enerji əməkdaşlığını daha da genişləndirmək istəyən Avropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çox qaz ixrac etmək imkanları var. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir.
Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geo-siyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir. Bu Şimali Makedoniya daxil olmaqla tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ