Onlayn ictimai-siyasi qəzet
Ceyhun Məmmədov: “300 baldan aşağı nəticə göstərən abituriyentin universitetə qəbul olunması doğru deyil”
Bəzi universitetlərdə dövlət sifarişli müəyyən ixtisaslar üzrə qəbul balları 200 civarındadır. Bildirilir ki, İdman Akademiyasında, İlahiyyat İnstitutunda, Sumqayıt Dövlət Universitetində, həmçinin Qərbi Kaspi və Odlar Yurdu, Biznes universitetlərində də bəzi ixtisasların keçid balları 200 civarındadır.
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinə 1309 plan yeri artırılıb. Onun sözlərinə görə, qərar daha çox tələbənin universitet təhsili almağa şans əldə etməsinə imkan yaradacaq. Ekspertlərə görə, ən azı 5 min abituriyent öz arzularına çata biləcək. Bu isə o deməkdir ki, ballar ötən ilə nisbətən müəyyən qədər aşağı düşəcək. Bu, bütün ixtisasları əhatə etməyəcək, amma ümumilikdə 5 min nəfərin universiteti qazanması ümidverici haldır.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a deyib ki, qəbul ballarının aşağı salınması düzgün yanaşma hesab etmir: “Ümumilikdə, mən 200 balla tələbənin universitetə qəbul olunmasını doğru hesab etmirəm. Çünki belə tələbələr təhsil və tədris prosesində özlərini doğrultmurlar. Bu tendensiyaya artıq son qoymalıyıq. Bəzən cəmiyyət daxilində belə fikirlər səsləndirilir ki, guya qəbul prosesi asanlaşdırılmalıdır. Lakin qəbulu asanlaşdırmaq əslində qapını hər kəsin üzünə açmaq deməkdir. Hər bir tələbənin təhsil haqqı və dövlətin onun üzərində xərclədiyi vəsait var. Buna görə də hesab edirəm ki, balların aşağı salınması təcrübəsindən imtina edilməli, əksinə, keçid balları artırılmalıdır. 200 bal kolleclərə qəbul üçün uyğun ola bilər, lakin universitet üçün bu göstərici olduqca aşağıdır. Bunun mənfi təsirlərini və nəticələrini tədris prosesində də müşahidə edirik. Növbəti mərhələdə bu həddi mərhələli şəkildə artırmalı və minimum 250-300 bala çatdırmalıyıq. Ümumiyyətlə, 300 baldan aşağı nəticə göstərən abituriyentin universitetə qəbul olunması doğru deyil.
Hazırkı vəziyyətdə bir çox tələbə düşünür ki, 200 bal toplamaq o qədər də çətin deyil. Bu səbəbdən də ciddi şəkildə hazırlaşmağa ehtiyac duymur və nəticədə ali təhsil müəssisəsinə nisbətən asan yolla qəbul olunur. Biz bu təcrübəni nəzərə alaraq daha diqqətli və məsuliyyətli yanaşma sərgiləməliyik".
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov bəzi ixtisaslar üzrə ali məktəblərə qəbul ballarının 200 civarında qalmasının cəmiyyətdə yanlış anlaşıldığını deyir: “Elə təqdim olunur ki, guya həmin ixtisaslar əmək bazarında əhəmiyyətsiz, sosial nüfuzu zəif və ya perspektivsiz sahələrdir. Halbuki ali təhsilin məqsədi təkcə yüksək bal toplamış abituriyentləri seçmək deyil, ölkənin gələcək sosial-iqtisadi inkişaf ehtiyaclarına cavab verəcək kadr potensialını formalaşdırmaqdır. Keçid balları yalnız tələbə seçimində tətbiq olunan texniki meyardır, ixtisasın strateji dəyərini və ya gələcək əmək bazarındakı əhəmiyyətini müəyyənləşdirmir”.
Kamran Əsədov qeyd edir ki, keçid ballarının aşağı olması bir neçə amillə bağlıdır: “Birincisi, abituriyentlərin bu sahələrə marağının az olması; ikincisi, cəmiyyətin ixtisaslar arasında verdiyi prestij fərqliliyi; üçüncüsü isə əmək bazarının bu sahələrə qarşı sərt və ya zəif tələbi. Məsələn, fizika müəllimliyi və ya kənd təsərrüfatı ixtisasları üzrə əməkhaqqı aşağı olduğundan, bu sahələr abituriyent üçün cəlbedici olmur. Lakin bu, ixtisasın dəyərini müəyyən etmir. Əksinə, bu aşağı maraq və tələb gələcəkdə həmin sahələrdə peşəkar çatışmazlığına səbəb ola bilər. Plan yerlərinin artırılması ilə paralel olaraq balların müəyyən sahələr üzrə aşağı düşəcəyi gözlənilir, bu isə bir tərəfdən ali təhsilin demokratikləşməsi (çoxlarının daxil ola bilməsi), digər tərəfdən isə keyfiyyət riskləri yarada bilər. Qəbul planı genişləndikcə, zəif hazırlıqlı abituriyentlərin də universitetlərə qəbul olması ehtimalı artır. Bu isə təhsil prosesində əlavə dəstək mexanizmlərinin - akademik yazı bacarığı, riyazi savadlılıq, universitetə adaptasiya proqramlarının tətbiqini zəruri edir”.
Ekspert dedi ki, ali təhsildə qəbul planının genişlənməsi qısa müddətdə sosial-iqtisadi baxımdan pozitiv görünə bilər: “Amma bu artım keyfiyyət, dayanıqlı maliyyələşmə və əmək bazarı uyğunluğu baxımından sistemli yanaşma tələb edir. Keçid ballarının aşağı olması ixtisasın əhəmiyyətsizliyindən yox, cəmiyyətin maraq meyarlarının qeyri-bərabərliyindən irəli gəlir. Ona görə də təhsil siyasəti bu ixtisaslara olan tələbi artırmaq üçün tələbə təqaüdləri, məzun məşğulluq zəmanətləri və peşə nüfuzu proqramları kimi təşviqlər tətbiq etməlidir. Əgər bu sahələrdə strateji planlaşdırma aparılarsa, həm keyfiyyətli insan kapitalı formalaşar, həm də ali təhsilin əmək bazarına real töhfəsi artar. Əks halda, aşağı balla daxil olan minlərlə tələbə son nəticədə nə ali təhsil diplomunun real dəyərini hiss edəcək, nə də əmək bazarında möhkəmlənə biləcək. Təhsil strategiyasının mərkəzində isə rəqəmlər deyil, insan olmalıdır.
Digər tərəfdən, keçid balı aşağı olan sahələrə dövlət sifarişi ilə qəbul imkanı yaradılması mühüm müsbət addımdır. Bu, az maraq göstərilən, amma ölkə üçün strateji əhəmiyyət kəsb edən sahələrə mütəxəssis cəlb etməyə xidmət edir. Məsələn, kənd təsərrüfatı mühəndisliyi, elektroenergetika, texniki müəllimlik, bədən tərbiyəsi və idman, ilahiyyat və məktəbəqədər təhsil ixtisasları əmək bazarında gələcəkdə kəskin kadr çatışmazlığı ilə üzləşə biləcək sahələrdir. Əgər bu istiqamətlərdə plan yerləri ayrılmasa və aşağı bal toplayan abituriyentlərə belə imkan verilməsə, həmin sahələrdə, ümumiyyətlə, peşəkar olmayacaq".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ