Onlayn ictimai-siyasi qəzet
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb.
Məlumata görə, vəsaitlər guya demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək. Təbii ki, qeyd olunanlar sadəcə aysberqin görünən tərəfidir. USAİD-in maliyyə dəstəyi, əslində, Qərbin qonşu ölkəyə irimiqyaslı dəstəyinin bir hissəsidir və bu riyakar planın əsası bu ilin aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşündə qoyulub. Qeyri-şəffaf, qeyri-inklüziv xarakter daşıyan bu görüş Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmadı.
Təsadüfi deyil ki, Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qəti şəkildə bildirib.
Üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərlə bağlı ABŞ tərəfi ilə müzakirə aparılıb. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Maraqlıdır ki, Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, sonradan atılan addım bunun tam əksini ortaya qoydu.
Son vaxtlar Qərb ölkələrinin, Parisin İrəvana göstərilən hərbi və siyasi dəstək , Vaşinqtonun başqa adlar altında etdiyi hərbi yardımları Nikol Paşinyanı tərəf olmağa vadar edir. Bu isə Azərbaycan ilə Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinə xələl gətirir.
Burada erməni diasporunun rolu danılmazdır. Bütün bunların diplomatik danışıqlara təsirsiz ötüşməyəcəyi də aşkardır.
Politoloq Arzu Nağıyev Musavat.com-a açıqlamasında deyib ki, Qərb Ermənistana bu yardımı nə sayğıdan, nə də rəğbətdən etmir. Əsas məsələ ondan ibarətdir ki, Qərb Ermənistan vasitəsi ilə öz məkrli siyasətini Cənubi Qafqazda həyata keçirmək istəyir:
“Bunun bir neçə kökü var. Azərbaycan 44 günlük müharibədə ərazi bütövlüyünü bərpa edərkən müstəqil siyasət yürütdü və vaxtı ilə BMT-nin icra olunmayan 4 qətnaməsini tam şəkildə özü həyata keçirdi. ABŞ və Qərb dairələri heç bir vəchlə bununla barışa bilmirlər.
Çünki vaxtilə işğal altında olan ərazilərdən özləri üçün iqtisadi gəlirlərin əldə olunmasında, hərbi məsələlərdə, qaçaqmalçılıqda və bu kimi digər hallarda istifadə olunub.
Rusiyanın Cənubi Qafqazda nüfuzunu azaltmaq və Ermənistanı vassal kimi istifadə etmək üçün belə siyasətlə məşğuldurlar. Ümumiyyətlə, ABŞ və Qərb unutmamalıdır ki, Rusiya regiondan gedəsi deyil.
Ukraynada fiaskoya uğramış siyasəti ilk olaraq Kişinyov vasitəsi ilə həyata keçirmək istədilər. İndi də bu prosesləri Ermənistanın üzərindən edirlər. Çünki Ermənistanın bu gün müstəqil daxili və xarici siyasəti yoxdur. Məhz buna görə də ondan istifadə olunur.
Azərbaycan isə prosesləri diqqətlə izləyir və siyasətini gedişata uyğun qurur. Ölkəmiz təhlillər aparır və heç vaxt bu proseslərdə Qərbin təxribatçı hərəkətlərinə uymur. Hər hansısa yardımın edilməsinə baxmayaraq, ərazi bütövlüyümüzü heç kimə bəxş edəsi deyilik.
Beynəlxalq təşkilatlar öz məkrli siyasətini həyata keçirmək üçün bu yardımları edirlər. Min kilometrlərlə uzaqdan gəlib heç vaxt burada Ermənistanı müdafiə edən deyillər.
Çox təəssüf ki, İran bütün bunlara susur, NATO qoşunlarından ibarət kəşfiyyatçıların öz ərazisinə yaxın bir məsafədə yığılmasına imkan verir. Belə proseslər çox ciddi fəsadlara gətirib çıxara bilər.
Proseslər göstərir ki, Cənubi Qafqazda Rusiya ilə ABŞ arasında ciddi mübarizə gedir. Bu gərginlik fonunda Ermənistan bir istifadə alətidir”.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ