Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 25-dən Bakı Dairəvi Dəmir yolu xəttində qiymətlər artırılacaq. Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
“Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək. Sərnişinlər minimum 40 qəpik ödəməklə mənzil başına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq. Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib. Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir. Dünya təcrübəsinə nəzər salsaq, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarus Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər.
Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır", - deyə ADY rəsmisi əlavə edib.
A.Fərəcov jurnalistlərə açıqlamasında yeni proqramın tətbiqinə başlanacağını da qeyd edib: “Sentyabrın 25-dən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır. Bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% “cash back” və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır. Loyallıq proqramı bir həftə test rejimində fəaliyyət göstərəcək", - deyə ADY rəsmisi qeyd edib.
Qurum həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər. “Bu da o deməkdir ki, sərnişinlərin sürətli qatarlarla Ağstafaya 14,5 manata, Qəbələyə isə 12 manata bilet əldə etmək şansı var. Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim təqdim edir. Sərnişinlər səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən alış edən sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsində ADY üçün planlaşdırma imkanları yaradır”, - deyə A.Fərəcov əlavə edib.
Həmçinin bildirilib ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə sadəcə həftə sonları sərnişindaşıma fəaliyyəti olduğu üçün bu xətt üzrə həftənin gününə görə dəyişkən qiymət siyasəti nəzərdə tutulmayıb.
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli mövzunu belə şərh edib: “Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir - Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tətbiq etməyə başlayır. Rəsmi məlumata görə, şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% "cash back" tətbiq ediləcək. Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda, gün ərzində əlavə qiymət endirimləri olacaq. Uzun illərdir ki, biz nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik. Avtobus və metroda gediş haqqının çevik və differensial olması lazımdır. Bizdə nədənsə avtobus və metroda gediş haqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür, qiymət bir dəfə istifadə üçün müəyyənləşdirilir - çox geridəqalmış və mənasız, hətta ziyanlı yanaşmadır. Dünyanın inkişaf etmiş ölkələrində saatlıq (gün ərzində bir neçə saatlıq da olur), bir neçə günlük, aylıq, 6 aylıq və illik biletlər mövcuddur. Birdəfəlik gediş biletləri tətbiq edilmir və nə qədər uzun zamanlı bilet alırsansa, gediş üçün bir o qədər az ödəyirsən. Məsələn, Praqada yerüstü şəhəriçi nəqliyyatın bütün növlərindən istifadə üçün 1 saatlıq bilet qiyməti təxminən 1 avrodan bir az çoxdur (təqribən 1 manat 90 qəpik) - yəni, 1 saat ərzində sərnişin metro, avtobus, tramvaydan bir neçə dəfə istifadə edə bilər. Amma siz 1 aylıq bütün növ nəqliyyatdan istifadə üçün bilet alsanız, 22 avro ödəmiş olacaqsınız (təqribən 42 manat), əgər 1 illik bilet almaq istəsəniz 145 avro ödəmək lazımdır (təqribən, 275 mant). Yəni Azərbaycana proyeksiya etsək, gündə 3-4 dəfə nəqliyyatdan istifadə etməyə məcbur olan Bakı sakini, 1 illik bileti günü 75 qəpiyə alacaq ki, bu da bir gedişi 18 qəpik edəcək. Hə, mən onu demirəm ki, bizdə də illik bilet 275 manat olmalıdır. Xeyr, Praqa sakininin orta aylıq maaşı Bakı sakininin orta aylıq maaşından 2-3 dəfə çoxdur. Bizdə illik bilet 160-170 manat olmalıdır ki, bununla da günü 45 qəpiyə, gündə 3 dəfə nəqliyyatdan istifadə etsə, bir gediş haqqı 15 qəpiyə düşsün. Onu da deyim ki, Praqada 0-6 yaş arası uşaqlara nəqliyyat pulsuzdur, 6-18 yaş arası, tələbələr və təqaüdçülər üçün isə yuxarıda yazdığım qiymətlərə 50% endirim olur.
İllərdir dinamik qiymət təklifi ilə çıxış etsək də, metro-avtobus sahəsini idarə edənlər eşitmirlər, görmürlər, tətbiq etmirlər. Ümid edək ki, Dəmir Yollarının tətbiq etdiyi yeni yanaşmadan onlar da dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər..."
Rauf Ağamirzəyev
Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə “Yeni Müsavat”a şərhində qatarların sayına diqqət çəkdi. Ekspert qeyd etdi ki, Azərbaycanda dəmiryol nəqliyyatında qatarların sayı kifayət qədər deyil: “Qatarların sayı artırılmalıdır. Bu gün 1 saatlıq intervalla hərəkət edən qatarlar 15-20 dəqiqəlik intervalla hərəkət etsə, yaxşı olar. 4,5 ildir ki, ölkədaxili dəmir yolu üzrə bir çox istiqamətlərdə sərnişindaşıyan qatarların fəaliyyəti dayanıb. Pandemiyaya qədər Bakı-Tiflis-Bakı, Bakı-Ağstafa-Qazax-Bakı, Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı, Bakı-Gəncə-Bakı, nömrəli Bakı-Yalama-Bakı, Bakı-Şirvan-Bakı elektrik qatarı fəaliyyət göstərib. Rusiya-Ukrayna müharibəsindən sonra Belarusdakı Stadler Minsk zavodunun sanksiyaya düşmə səbəbindən istehsalın Polşanın Siedlce şəhərində edilməsi qərara alınıb. İlk 4 ədəd dizellə işləyən qatar 2023-cü ilin dekabrında Bakıya çatdırılıb. Bu ilin sonuna kimi son 3 qatarın çatdırılması gözlənilir. Alınan qatarlar Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı, Abşeron dairəvi dəmir yolunda hərəkət edəcək. Yeni qatar sifarişinə ehtiyac var. Amma nəzərə alaq ki, qatar istehsalı 3-5 il vaxt alır. Yeni qatarlar gələnə kimi köhnə yataq tipli qatarları təmir edib xəttə buraxmaq lazımdır. Gecə qatarları regiondan gələnlər üçün çox rahatdır, gecə yolda olur, səhər şəhərə çatır və gecə qatarla qayıdır. Əlimizdə olan bütün hərəkət tərkibindən istifadə edərək mobilliyi təmin etməliyik”.
“ADY” QSC-nin loyallıq proqramını şərh edən ekspert bildirib ki, sərnişindaşımada xidmətin keyfiyyətini artırmaq üçün mövcud investisiyalar yetərli deyil: “Dəmir yolu investisiyanı doğruldan nəqliyyat növüdür. Yeni qatarlar 40 il işləyə bilər. Təmirə ehtiyac yaransa, bu müddəti bir qədər də artırmaq olar. Dəmir yolunda keyfiyyətli xidmət dedikdə, söhbət təkcə yeni qatarların alınıb xəttə buraxılmasından getmir. Qatarların hərəkət cədvəlində intensivlik təmin olunmalıdır. Bəlli zaman kəsimində daha çox sərnişindaşımanı həyata keçirmək, mobilliyin təmin edilməsində relsli nəqliyyatın alternativi yoxdur. Cəmiyyətdə daha çox avtobuslarla bağlı müzakirələr aparılsa da, vəziyyətin bu həddə çatmasının səbəblərindən biri dəmir yolunun arzuolunan səviyyədə inkişaf etməməsidir. Bakıda mobilliyin təmin olunması baxımından əsas yük avtobusların üzərinə düşüb, avtobuslar isə bu yükün altından çıxa bilmir. Mobilliyi təmin edən ən keyfiyyətli, ən ekoloji cəhətdən təmiz, ən uzunmüddətli xidmət göstərən, havaya bağlı olmayan nəqliyyat növü dəmir yoludur”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ