İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəm qazı iki qardaşı öldürdü - kabus daha neçə canlar alacaq...

Təhlükəsizlik eksperti: “Mütləq evdə qaz sızması əleyhinə, dəm qazı əleyhinə detektorlar olmalıdır”

Ötən gün ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb. Hadisə ilə bağlı digər təfərrüat da ortaya çıxıb. Sərxanın özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb. Əldə edilən məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş. Sərxan Həsənov isə ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. 

O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu. S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi. Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd etmək yerinə düşər ki, dəm qazının törətdiyi faciələr Azərbaycanda tez-tez baş verir. Dəm qazından zəhərlənmələr, boğulmalar, ölüm hadisələrinin ildən-ilə azalacağını düşünsək də, əksini görürük. 

Bəs dəm qazından zəhərlənmələrin, boğulmaların səbəbi nədir? Bəzi ekspertlər bunun səbəbini hamam otaqlarında qaz cihazlarından insanların düzgün istifadə etməməsində görürlər. Əksər hallarda isə insanlar narazılıq edir, bu fikirlə razılaşmır, bildirirlər ki, hamam otağının qapısında dəliklər olsa da, otaqda havalandırma normal olsa da, yenə də zəhərlənmələr olur. Bəziləri hətta iddia edir ki, evlərə verilən qazın tərkibində zərərli maddələr var, bu təsir edir. Bəs görəsən, bu kimi iddiaların hər hansı əsası varmı?

Oxu.az - “Üzmək qadağandır!” nişanı ilə bitən məsuliyyət: “Ölüm”  kanallarının kənarına niyə sədd çəkilmir? - FOTO

Elmar Nurəliyev

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, evdə qaz təchizatı varsa, artıq evdə təhlükənin olması deməkdir. Yəni qaz avadanlıqlarının təhlükəsiz istismarı lazımdır: “Mütləq standartlara cavab verən qaz cihazlarının olmasına diqqət etmək lazımdır. qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa onda dəm qazı əmələ gəlir. Həmçinin, qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır. Evdə qaz sızması əleyhinə, dəm qazı əleyhinə detektorlar olmalıdır. Bu qanunvericilikdə təsbit olunub, qaz cihazlarından istifadəyə dair tələblərdə də göstərilib. Qaz sızması olan kimi qazın təchizatı dayanır, bu detektorların işi olduqca funksionaldır.   

Bundan başqa, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Əgər evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir. Belə desək, kömürün və odunun yanmasından belə dəm qazı əmələ gəlir. Evin havası gün ərzində iki dəfə dəyişməlidir - səhər və axşam. Evdə qazı yandırarkən əmin olmaq lazımdır ki, otaqda qaz iyi var və ya yox. Əgər evdə qaz iyi yoxdursa, onda kibriti çəkmək lazımdır. Hətta çöldən evə daxil olan zaman da otaqda qaz qoxusunun olub-olmadığını yoxlamaq, daha sonra işıqları yandırmaq gərəkdir".

Elmar Nurəliyev əlavə edib ki, dəm qazları əsasən hamam otağında və mətbəxdə əmələ gəlir: “Dəm qazının 95 faizi hamam otaqlarında əmələ gəlir. Qışda insanların qaza olan tələbatları daha çoxdur. Həmin vaxt da insanlar otaqlarda qapı-pəncərələri bağlı saxlayırlar. Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və hava ventilyasiya olduğuna görə dəm qazı da demək olar ki, olmur. Bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. Dəm qazı olan otaqda insan ölümünə 7 dəqiqə kifayət edir. Hamam otaqlarında olan zaman mütləq nəfəsliklər açıq olmalıdır. İnsanlar yayda həmin nəfəslikləri açıq, qışda isə bağlı saxlayırlar. Hamam otaqlarında ventilyasiya olmalıdır, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar”. 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təlimatlarında qeyd edilir ki, mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir: Evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

* qaz cihazı saz və standartlara uyğun olmalı;

* cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

* havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

* hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

* tüstü bacaları ildə iki dəfə təmizlənməlidir".

Evə soba alarkən onun zəmanəti barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirilməlidir. Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü büruzə verir: yaşaran gözlər, başağrısı, başgicəllənməsi, halsızlıq müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallüsinasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR