İnsanlara hürriyət, millətlərə istiqlal!

“Daş düşsün o vəzifənin başına ki, icrası həmin məmura tapşırılıb”

Alman deputat Şvabenin “Amerikanın səsi”nə verdiyi müsahibədə diqqət çəkən xüsusi bir məqam var: “Azərbaycanla bağlı məsələ əvvəlcədən Assambleyadakı üç iri qrup tərəfindən razılaşdırılmışdı...”

Adam bunu ya bilərəkdən deyib, ya da tam tərsi. Hərgah, hər nə məqsədlə deyibsə, artıq bizim üçün fərqi yoxdur. Çünki Azərbaycana qarşı yürüdülən riyakar siyasətin cizgiləri nəinki AŞPA, hətta daha üst xətlər üzərindən də aydınca görünür. Hər halda belə olmasaydı, bu qədər sistemli gedişata şahidlik etməzdik, Fransa Senatı ilə Niderland “züytutanları” öz qərarlarını bu qədər dəqiqliklə uzlaşdırmazdı, mərkəzi ofisi Parisdə yerləşən saxta araşdırıcıların (öz dilləri ilə desək: araşdırmaçıların) fəaliyyəti “The Baku Connection” (Bakı ilə əlaqə) adlı məkrli koalisiyanın qəfil yaranışı ilə bu qədər sinxronluq təşkil etməzdi.

Şvabe AŞPA-da Makron, Şolts və özünün də daxil olduğu trionun icraçı vinti kimi çıxış edir. O, sosial demokrat kimi təqdim edilsə də, əslində Hitlerin 80 il sonra zühur etmiş formasıdır, nasist davamçısıdır, “Hakenkreuz” (SS) təbliğatçısıdır.  

Alman deputatdan soruşsan ki, əzizlərinin məzarı haradadır, bəlkə də bilməz. Amma gecə ikidə belə yuxudan oyatsan “abzasçı” Elnarənin dosyesini sənə əzbərdən söyləyər.

Şvabe deyir, Almaniyada türk ermənidən daha çoxdur. Yəni, söhbət lobbi söhbəti deyil və (guya) insan haqları məsələsidir. Amma ona erməni tərəfindən viran günə qoyulmuş Ağdamın, içində donuz saxlanılan məscidlərimizin, Gəncə terrorunda hər iki valideynini itirən Xədicənin rəsmini göstərsən, haqq-filan yadına düşməz. Məşhur lətifədəki kimi qayıdar ki, mən buralı deyiləm.

Mən Şvabeni 2016-cı ildən tanıyıram. Şəxsən. Çünki AŞPA-da eyni komitədə təmsil olunmuşuq. Başını hər yerə soxsa da, fərdi kommunikasiyadan uzaq, özündən müştəbeh, iclas sıralamasında tək oturan, üzvlər tərəfindən ciddiyə alınmayan bir fiqur olub. Daim. Ona görə də mənə indi çox qəribə gəlir ki, şaxtaçı oğlunun birdən birə nümayəndə heyətinin rəhbəri postuna gətirilməsi və nəinki Azərbaycanı, hətta öz keçmiş həmkarlarını, Almaniyadan olan eks deputatları belə şantaj edəcək qədər irəli getməsi görəsən hansı “gözəgörünməz” güclərin sayəsində mümkün olub?

Şvabenin fəaliyyəti bir tək deputatlıq və AŞPA təmsilçiliyi ilə bitmir. Frank həm də Şoltsun hökumət komandasında “Qlobal din(?) və əqidə azadlığı məsələləri” üzrə komissardır.

Əqidə azadlığını anladıq. Qlobal din nə idi? Yəni, məsələ (problem həddində olsa belə) əgər qloballaşmayıbsa, “kişi”nin kurasiyasına aid edilmir? Bəlkə bu vəzifə Merkeldən sonra Almaniyanı öz yedəyinə çevirən Makronun ideyasıdır? Ki, adam arada (qloballaşmış qiyafədə) Korsika məsələsi ilə də məşğul olsun, onların da taleyinə öz “töhfə”sini versin, üzərlərinə Mussolini təfəkkürü ilə şığısın?

Əlqərəz, məğz, məram bilmirəm nədir. Amma bu arada dəqiq bildiyim tək şey var: Daş düşsün o vəzifənin, o komissarlığın, o ədalətin başına ki, icrası və cavabdehliyi Şvabe kimi məmura tapşırılıb”.

***

Uzun illər bundan öncə 9 yaşlı qızımdan dərsini niyə hazırlamadığını soruşmuşdum. Dedi, “Ata, mövzumuz “Ahəng qanunu”dur. Amma baxıram, elə  “ahəng” sözünün özündə həmin qanun pozulub. Mən bunun nəyini oxuyum?”

İndi misalı ona yaxın. Demokratiyanın, ədalətin təşviqinə cavabdeh olan beynəlxalq qurumun deputatları əgər həmin demokratiyanın, ədalətin anasını ağlatmaq üçün sıraya düzülüblərsə, o zaman biz belələrinin yanında necə olaq, nə deyib olaq?

Ən əsası, niyə olaq?

(Yazı İLK dəfə Qafqazinfo saytında dərc edilib)

Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR