İnsanlara hürriyət, millətlərə istiqlal!

“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir

İranın İsrailə hava hücumunun başlayan kimi bitməsi konfliktoloqları, beynəlxalq ekspertləri təəccübləndirib. Çoxları düşünür ki, belə bir oyun üçün o qədər şamı sərf etməyə dəyməzdi.

Gerçəkdən də dünyanın sülhpərvər qüvvələri, eləcə də daima neytral mövqedən çıxış edən, savaşan tərəfləri atəşi dayandırmağa, münaqişəni danışıqlar yolu ilə həll etməyə çağıran dövlətlər ağızlarını açıb uyğun bəyanatlar verməyə macal tapmamış İran birtərəfli qaydada hərbi əməliyyatlara son verdi.

İndi İsrail cavab atəşi açmasa, şübhələr artacaq. Elə çıxacaq ki, tərəflər öz aralarında hansısa vasitəçilərin araçılığı ilə şifahi razılıq əldə ediblər ki, beynəlxalq ictimaiyyətin gözü qarşısında quraşdırılmış müharibə səhnəsi təşkil etsinlər və öz intriqalarını, soyuq müharibələrini davam etdirsinlər.

Əgər doğrudan da belə bir gümanda həqiqət payı varsa, əminliklə demək olar ki, bu teatr tamaşası daha çox İrana lazım idi. Çünki Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin İsrail tərəfindən vurulması, ikisi general olmaq 7 vətəndaşının həlak olması nəticəsində İran təhqir olunmuş duruma düşmüşdü və o, həm beynəlxalq miqyasda, həm də öz vətəndaşlarınən önündə “qoluyoğun” reputasiyasını qorumaq üçün nəsə bir cavab tədbiri görməli idi. Əks təqdirdə, mollakratiya rejimi buna görə beynəlxalq birlik tərəfindən hər hansı bir töhmət-təhnizə məruz qalmasa da, İran ictimaiyyəti tərəfindən qınanacaq, onun düşmənlər qarşısında gücsüz, dişsiz olmasına dair qənaət yaranacaqdı.

Bu baxımdan belə anlaşılır ki, İran rejimi göstərməlik “qisas əməliyyatı” təşkil etmək niyyətini həyata keçirmək üçün çünücü ölkələrin diplomatik kanallarının vasitəsilə düşmənlərinə xəbərdarlıq edib ki, çox da həyəcanlanmasınlar, hava hücumu qısamüddətli və zərərsiz olacaq.

Əl altında bu versiyanı gücləndirən bir xəbər var, “Röyter” agentliyi Türkiydəki diplomatik mənbəsinə istinadla Tehranın İsrailə qarşı planlaşdırılan əməliyyatla bağlı Ankaranı əvvəlcədən məlumatlandırdığını yazıb. Bundan başqa, mənbə agentliyə bildirib ki, ABŞ Türkiyə vasitəsilə İrana əməliyyatın məhdud olmalı olduğunu çatdırıb.

Bu, nə deməkdir? Bu o deməkdir ki, savaşan tərəflərdən biri Türkiyə olubsa, digəri ABŞ olub. Məhz NATO-da müttəfiq olan ABŞ-la Türkiyənin arasındakı informasiya trafiki birinin öz tərəfdaşı Təl-Əvivlə, o birinin isə yaxın qonşusu Tehranla sıx əlaqədə olaraq, “qısamüddətli atışma”nın koordinasiyalı şəkildə başlayıb davam etməsini və tezliklə başa çatmasını təmin edib.

Qeyd edək ki, 4 il əvvəl İranlı general Qasım Süleymaninin öldürülməsi vaqiəsində də bənzər bir durum yaranmışdı.

Süleymaninin vurulmasından qısa bir müddət sonra İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi demişdi ki, generalın qətlinə görə qisas alınması artıq başa çatdırılıb və Vaşinqtonun yenidən təcavüzü olmadığı təqdirdə İran yeni hərbi addımlar atmayacaq.

M.Təxt-Rəvançının açıqlaması tam olaraq beləydi: “Əgər Birləşmiş Ştatlar artıq İrana qarşı hərbi addım atmasa, biz də heç nə etməyəcəyik”.

Yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad hava limanı yaxınlığında endirdiyi zərbə nəticəsində öldürülən iranlı general Qasım Süleymaninin qətlinə cavab olaraq, Tehran yanvarın 8-nə keçən gecə İraqda ABŞ ordusunun istifadə etdiyi iki obyektə - Ayn əl-Əsəd bazası və Ərbil hava limanına raket zərbəsi endirmişdi. Amma bu zaman Pentaqonun generalı və ya yüksək rütbəli hərbçisi ölmüşdümü? Xeyr. İranda Qasım Süleymaniyə qoyulan hörmət, verilən qiymət o qədər yüksək idi ki, bunun simmetrik cavabı Ayn əl-Əsəd bazası və Ərbil hava limanına raket zərbəsi olmamalı idi.

İranın cavabı hədəfə dəqiq güllə atan qonşuya sapand daşı ilə cavab vermək kimi bir şey idi. Tehran bu cavabla özünü qisas alıbmış kimi göstərərək, bu istiqamətdə təbliğat apararaq ölkə ictimaiyyətinin ümumi və kütləvi hiddətini bir xeyli səngitmişdi.

Görünür, rəsmi Tehran yenidən həmin fəndə əl atmağı üstün tutub. Əgər belədirsə, demək, bu dövləti idarə edənlər soyuq başla düşünə, qızışdırıcı mövqe tutarlarsa, tarana gedərlərsə, ölkənin başına nə gələcəyini təxmin edə bilirlər.

Sabah və ya biri gün İsrail İranı raketlə vurarsa, bu versiya da vurulmuş olacaq, vurmazsa, demək, “danışılmış savaş” iddiasındakı həqiqət payının xüsusi çəkisi daha ağırdır.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR