İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir rus milyarderinin Londonda milyonluq mülkləri tapıldı  

Rus milyarder, Qərbin sanksiyaları altında olan Andrey Melniçenkonun Londonun mərkəzində 10 milyon funt-sterlinq dəyərində evi aşkar olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, rus sahibkar yeni  qanuna uyğun olaraq evi barədə rəsmi məlumat verməyə məcbur olub.

Belə ki, Britaniyada qəbul olunan yeni akta əsasən, ofşor şirkətləri öz benefisiarlarının isimlərini açıqlamalıdırlar. Bilindiyi üzrə, rusiyalı milyarderlər adətən Londondakı mülklərini adətən hansısa ofşor şirkətinin adına qeyd etdirirlər. Melniçenko məhz həmin yolla, Bermud adalarında qeydiyyatdan keçmiş “Valton Limited” şirkəti vasitəsilə Bukingem sarayının yaxınlığındakı İton Pleysdəki malikanəsinə yiyələnib.

Qeyd edək ki,  Rusiyanın Ukraynaya təcavüzündən sonra Böyük Britaniya ofşor şirkətlərin benefisiar sahiblərini açıqlamasını tələb edən antikorrupsiya qaydaları tətbiq edib. Bu il yanvarın 31-dək həmin şirkətlər benefisiarlarını açıqlamalı idilər. “Financial Times” qəzetinin yazdığına görə, son tarixə qədər Böyük Britaniyada əmlakı olan 32 440 ofşor şirkətindən yalnız 19 510-u benefisiarlarının adlarını göstərib. “Transparency International” təşkilatının məlumatına əsasən, Böyük Britaniyada 52 min mülkün sahibi anonim olaraq qalır.

Britaniyanın dövlət torpaq kadastrının məlumatlarına görə, Melniçenkonun ofşor şirkəti həmin evi 2011-ci ildə 5,5 milyon funt-sterlinqə alıb. İndi onun dəyəri 10 milyon funt sterlinqdən çox qiymətləndirilir.

Melniçenko ötən ilin martında Britaniyanın sanksiya siyahısına daxil edilib. Rəsmi London milyarderin Rusiya hökumətindən faydalandığını və Kremli hərtərəfli dəstəklədiyini bildirib.

Andrey Melniçenko “Forbes Real Time” jurnalına görə Rusiyanın ən zəngin adamı sayılır. Bu ilin fevralın 10-a qədər olan məlumata əsasən, onun sərvəti 27,6 milyard dollar olaraq qiymətləndirilib. Melniçenko “Yevroximiya”  və Sibir KömürEnerji Şirkətinin əsas səhmdarıdır. Onun həmçinin London yaxınlığındakı Askot şəhərində 30 milyon funt-sterlinqə malikanəsi də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR