Onlayn ictimai-siyasi qəzet
İyulun 14-də yolumuz Lerik rayonuna düşdü. Talış dağları ilə əhatə olunan rayon dəniz səviyyəsindən 1165 metr hündürdə yerləşir. Səfərimizin məqsədi taxıl sahəsində biçin prosesi ilə tanış olmaq idi. Dolanbac yollarla dağlara doğru qalxdıqca bir tərəfdən təbiətin gözəlliyindən zövq alırsan, digər tərəfdən də bu cür çətin relyefli ərazidə taxıl əkməyin necə çətin olduğunu düşünürsən.
Taxıl biçini gec başlayıb
Yol boyu hava yağmurlu idi. “Yağış bərəkətdir” deyilir, amma bəzi kənd təsərrüfatı məhsullarının bol olması üçün günəşli günlər çox olmalıdır, məsələn, taxıl kimi. “Aqroservis” ASC-nin mətbuat katibi Aytəkin Cəlili məlumat verir ki, bu il hava şəraiti ilə əlaqədar bəzi rayonlarda biçinə bir qədər gec başlandı. Ağcabədi və Ağdamda sahələri dolu vurdu. Sığortası olan fermerlər daha şanslıdır, çünki dəyən zərər qarşılanır. Yeri gəlmişkən, respublikada taxıl biçininə hazırlıq işləri iyunun əvvəli tam başa çatıb. Biçin prosesinə təxminən 1900 kombayn cəlb olunub. Bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.
Taxıl biçini prosesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində və dövlət aqrar inkişaf mərkəzlərində qərargahlar yaradılıb. Biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Hər il olduğu kimi, bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçirilir. Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən dəstək göstərilir, biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən həyata keçirilir.
6 min litr həcmli iri taxıl bunkeri ilə təmiz məhsul
Taxıl sahəsinə çatar-çatmaz bizi fermerlər və mexanizatorlar qarşıladı. Üzləri günəşdən qaralmış, əlləri zəhmətdən cadar-cadar olmuş gülərüz kəndlilər bizə “xoş gəldiniz” deyib, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanovu sual “atəşinə” tutdular. Kimi gübrələrin, toxumun keyfiyyətindən narahat idi, kimi də aqrotexniki məsələlərlə maraqlanırdı. Qurumun sədri bütün sualları səbirlə, ətraflı cavablandırdı.
Elmin Rəhmanov qeyd etdi ki, respublika üzrə biçinin 75%-i yekunlaşıb. Biçin üçün təxminən 1900 kombayn istifadə olunub. Bunlardan 685-i “Aqroservis” ASC-yə məxsusdur. Görüş zamanı köhnə kombaynların yaratdığı çətinliklər barədə məlumatlandıq. Bəlli oldu ki, illərdir dağlıq rayonlarda əsasən “Niva” markalı kombaynlar istifadə olunur, lakin çətin relyefli ərazilərdə bu növ kombaynlar təxminən 15-20 faiz itki verir. Bu çətinliyə son qoymaq üçün Azərbaycana İtaliya istehsalı “New Holland 5.90 HillSide” dağ kombaynları gətirilib. Bu kombaynlardan respublikada 25 ədəd var. Əvvəllər fermerlər yalnız meylliliyi az olan düzənlikli Aran rayonlarında suvarma şəraitində taxıl əkinindən məhsul götürə bilirdisə, yeni nəsil kombaynların sayəsində nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərə bilirlər.
Bu kombaynların əsas üstünlüyü biçici başlığının yamacda 38, hündürlükdə isə 32 dərəcə bucaq altında dayanıqlılığa malik olması, eyni zamanda sağa-sola hidravlik tənzimlənərək biçin edə bilməsidir. Bundan başqa, kombaynın 6 min litr həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərin təmiz və bol məhsul yığmasına kömək edir.
Bir sözlə, vaxtilə əkilməsi asan, biçilməsi çətin olan taxıl sahələrinə sahib fermerlər rahatlıq tapıb. Səfərimiz yağışlı günə təsadüf etdiyi üçün “New Holland 5.90 HillSide” dağ kombaynı bütün sahəni biçə bilmədi, lakin fermerlər demiş, bu nəhəng tankı bizim üçün bir neçə dəqiqəlik işə saldılar. Taxıl biçildikcə ətrafa xoş rayihə yayılırdı. Görünən odur ki, itkinin az olması fermerlərin də ürəyincədir.
Onu da öyrəndik ki, “Aqroservis”ə məxsus kombaynla 1 hektar üçün biçin qiyməti 50 manatdır. E. Rəhmanov bu barədə də ətraflı məlumat verdi: “Hazırda Lerikdə 6 ədəd New Holland 5.90 HillSide dağ kombaynı işləyir. Cəmiyyət yalnız balansda olan kombaynların qiymətinə nəzarət edir. Biz həmçinin taxıl biçini ilə bağlı Çağrı Mərkəzinə gələn zəngləri diqqətlə təhlil edirik. Vətəndaş müraciətlərinə dərhal geri dönüş edilir. Müraciətlərin əksəriyyəti 3 gün müddətinə icra edilir. Kombaynlar taxıl sahələrinin yetişmə vəziyyətinə görə aran və dağlıq ərazilərə mərhələli şəkildə dislokasiya edilir. Taxıl biçini əsasən 40-45 gün davam edir. Biçin ilk başladıqda kombaynlar aran rayonlarında, daha sonra dağətəyi və dağlıq rayonlara dislokasiya edilir. Dislokasiyaya GPS naviqasiya vasitəsilə nəzarət edilir. "Aqroservis" ASC-yə məxsus kombaynlar sahənin hər hektarını 50 manata biçir, bütün cəmiyyətə məxsus kombaynların üzərində bu barədə qeyd var. Lakin özəl kombaynların biçin qiyməti fərqli ola bilər".
Kəndlilərlə də həmsöhbət olduq. Lerik rayonunun Osnağakücə kənd sakini Məhəbbət Əliyevin 1 hektar 22 sot sahəsi var. Fermer bildirdi ki, bu il 92 sot torpaq əkib. M.Əliyev məhsuldarlığın aşağı olmasından şikayətçidir: “Toxum relyefə uyğun verilməlidir. Biz toxumu özəl şirkətlərdən alırıq. Taxılın kilosunu 1 manata alırıq. Mən 200 kilo taxıl alıram. Əvvəllər yerli toxum əkirdik, onun keyfiyyəti yaxşı olduğu üçün məhsuldarlıq yüksək olurdu. Hazırda 1 hektara görə 12-18 sentner məhsuldarlıq var. Məhsuldarlıq daha yaxşı ola bilərdi, məsələn, 1 hektara 22 sentner”. “Aqroservis” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Cəlili fermerin sualını belə cavablandırdı: “Bəzi məsələlərdə fermerlərin maariflənməsinə ehtiyac var. Bu da onlardan biridir. Fermerlər toxumu müstəqil qaydada seçirlər, amma keyfiyyətini yoxlamaq üçün müvafiq qurumlara müraciət imkanı var. Məsələn, əkinçilik institutları relyefə uyğun toxum tövsiyə edə bilərlər. Bazarda toxumçular çoxdur”.
Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Mahmud Zahidov “Yeni Müsavat” a bildirdi ki, rayon ərazisində 11 min 400 hektar əkin sahəsi var. Qurum rəsmisi 3851 hektarda taxıl əkildiyini qeyd etdi: “Hazırda 1927 hektar ərazidə, yəni biçinin 50%-dən çoxu yekunlaşıb. Dağlıq rayon olduğu üçün biçin mərhələrlə həyata keçirilir. Burada biçin avqustun əvvəlinə kimi davam edir. Məhsuldarlıq orta hesabla 25 sentnerdir. Ayrı-ayrı fermerlər 35-40 sentner məhsul götürə biliblər”.
M.Zahidov da yağıntının çox olmasının müəyyən qədər çətinlik yaratdığını vurğuladı: “Taxıl yetişib, yığılmalıdır. Nəm götürən bitki olduğu üçün yağış yağdıqda itkiyə səbəb olur. Bu il hələ ki itki olmayıb. Fermerlər əsasən məhsulu şəxsi istifadə üçün istehsal edir, satış yoxdur”.
Fermerlərə “torpağınız bərəkətli, məhsulunuz bol olsun” deyib Bakıya döndük. Növbəti dəfə əmin olduq ki, kəndlinin torpağı varsa, zəhmətə qatlaşıb məhsulun bol olması üçün əlindən gələni edir. Onların zəhmətinin bəhrəsindən isə hər birimizə pay çatır.
Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ