İnsanlara hürriyət, millətlərə istiqlal!

Cümə məscidindən Natəvanın məzarına: Siyasi elitanın Ağdam tarixi ziyarətində nələr yaşandı?

İyulun 10-da Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin ikinci Ağdam səfəri zamanı səfər iştirakçıları Ağdamda Cümə məscidi və İmarət Kompleksi ilə də tanış olublar.

Bir zamanlar alov içində qalan müqəddəs məkan Ağdam Cümə məscidi. Xatırladaq ki, bu məscid XIX əsrin ikinci yarısında – 1868-1870-ci illərdə görkəmli memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. İki minarəli, monumental quruluşu və zərif memarlıq üslubu ilə seçilən bu məscid yalnız dini ibadət yeri deyil, həm də Qarabağ memarlığının incisi sayılırdı.

Lakin Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra bu tarixi abidə də vandalizmə məruz qaldı. Minarələri hədəfə çevrildi, dam örtüyü dağıdıldı, içərisində isə ibadət deyil, təhqir ediləcək qədər heyvan saxlanıldı.

Vətən müharibəsində əldə edilən şanlı Qələbədən sonra, işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinə xüsusi önəm verildi. Ağdam Cümə məscidinin bərpası isə bu prosesin əsas mərhələlərindən biri oldu. 2022-ci ilin mart ayında başlanan konservasiya və restavrasiya işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirildi. Məscid ərazisində geniş miqyaslı kəşfiyyat qazıntıları aparıldı, daş döşəmələr, divar izləri və məscidin mehrab hissəsi təmizlənərək ilkin görünüşünə qaytarıldı.

Bu gün bu Cümə Məscidi Ağdamın qüruru, Azərbaycanın simvoludur. Onun minarələrindən azan səsi eşidilir, daş divarları tarix danışır, insanlarımız isə bu müqəddəs məkanda dua edir, həm də qürur duyurlar. Bu məkan, həm Qarabağın, həm də bütün Azərbaycanın ruhunu yaşadan müqəddəs bir ocaq kimi nəsillərə miras qalacaq.

Qeyd etdiyimiz kimi səfər iştirakçıları Ağdam şəhərində yerləşən və Qarabağ xanlığının tarixi irsini özündə yaşadan İmarət kompleksi, burada aparılan bərpa işləri ilə də yaxından tanış olublar.

İmarət kompleksi Ağdam şəhərinin cənub-şərq kənarında, yaşıllıqlar və çay yataqları ilə əhatələnmiş geniş bir ərazidə yerləşir. Tarixi sənədlərə görə, bu kompleks XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Məhz burada – İmarət kompleksində – xanlığın rəhbərləri və onların ailə üzvləri dəfn olunub.

Ermənistanın işğalı zamanı İmarət kompleksi də tamamilə dağıdılıb. Erməni vandalizmi nəticəsində bu nadir tarixi məkan öz orijinallığını və mədəni zənginliyini itirib. Pənahəli xanın inşa etdirdiyi saray binaları, dini və inzibati strukturlar dağıdılıb, tarixə hörmətsizlik edilib. Tarixi sənədlərdə və elmi mənbələrdə adı çəkilən İbrahimxəlil xanın türbəsi və onun oğlu, Qarabağ xanlığının sonuncu hakimi Mehdiqulu xanın məzarı ciddi dağıntılara məruz qalıb. Ən ağrılı faktlardan biri isə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairə və rəssam Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin yerlə yeksan edilməsi olmuşdur.

Həmçinin kompleksin ərazisində yerləşən digər tarixi qəbiristanlıq da talan edilib. Qarabağ xanlarının nəslindən olan çoxsaylı tanınmış şəxslərin məzarları təhqir olunub, onların qəbirləri qazılıb, başdaşıları sındırılıb və oğurlanıb.

Artıq dövlətin təşəbbüsü ilə burada genişmiqyaslı restavrasiya və konservasiya işləri aparılıb, tarixi izlər sənədləşdirilib, abidələrin ilkin formaları üzə çıxarılıb. Kompleksin ərazisində müasir ziyarətçi mərkəzləri, mühafizə zonaları və turistik obyektlər inşa olunur, Qarabağ atlarının nümayişi üçün yaradılmış atçılıq kompleksi fəaliyyət göstərir. Ərazi həm yerli, həm də xarici turistlər üçün açıqdır və burada Azərbaycan tarixinin, mədəniyyətinin və mənəviyyatının canlı şahidləri qorunur.

Bütün görülən bu işlər, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəni həyatın və turizmin inkişafına, milli kimliyin möhkəmlənməsinə və dünya ictimaiyyətinə ölkəmizin zəngin tarixinin çatdırılmasına xidmət edir.

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR