Onlayn ictimai-siyasi qəzet
“Crocus City Hall”da baş verən terror aktından sonra Rusiya İstintaq Komitəsi təhlükəsizlik tələblərinin pozulması ilə bağlı cinayət iş açıb. İş üzrə müttəhimlər yanğın qapılarına cavabdeh olan konsert zalının iki əməkdaşıdır. Müstəntiqlər, çox güman ki, onların günahına tam əmin olmadığından, onları heç yerə getməmək şərtilə azadlığa buraxıblar.
Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.
Bildirilir ki, “Crocus City Hall”ın əməkdaşları faciədə günahlarını qəti şəkildə inkar edirlər.
Cinayət işi martın 25-də, hücumdan üç gün sonra açılıb və terror aktının istintaqı ilə birləşdirilib. Martın sonunda məlum olub ki, konsert zalında yanğın təhlükəsizliyinə məsul şəxs barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Daha sonra bildirilib ki, “Crocus City Hall”ın yanğınsöndürmə briqadasının rəhbərinə qarşı da Rusiya Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ilə iş açılıb. Cinayət Məcəlləsinin həmin maddəsinə əsasən, müttəhimləri beş ilədək müddətə məcburi əmək və ya on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Lakin istintaqa yaxın mənbələr bu məlumatı təkzib edərək, əyləncə mərkəzinin iki əməkdaşından başqa kiminsə həmin maddə ilə ittiham olunmadığını deyiblər. Müstəntiqlər hesab edir ki, konsert zalında yanğın çıxışlarının bağlı olması səbəbindən bir çox tamaşaçı yanan binanı tərk edə bilməyib, 80-ə yaxın insan dəm qazından boğularaq və ya müxtəlif otaqlarda, o cümlədən tualetlərdə yanaraq ölüb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, “Crocus City Hall”ın əməkdaşları yanğın çıxışlarının açıq olduğunu, lakin terrorçuların ucbatından insanlar onlardan istifadə edə bilməyiblər.
Onlar deyiblər ki, “Crocus City Hall”ın işçilərinə, o cümlədən bilet bələdçiləri və qarderob xidmətçilərinə fövqəladə hallarda, o cümlədən yanğın zamanı hərəkət etmək üçün təlimlər keçiblər.
“Kommersant” xatırladır ki, “Crocus City Hall ”ın özünün də yanğınsöndürən maşını və ekipajı olub. Lakin terrorçuların zalı yandırmasından sonra onlar müdaxilə edə bilməyiblər, çünki buna əvvəlcə tamaşaçıların binadan qaçması, daha sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşlarının hücum edənlərin hələ də orada olub-olmadığını öyrənməsi mane olub. Hazırda hadisə ilə bağlı yanğın-texniki ekspertizası aparılır. İstintaq həmçinin insanların dəm qazından öldüyü binaların kimə məxsus olduğunu müəyyənləşdirməli olacaq. Məsələn, cəsədlərin tapıldığı bəzi yerlərdə idarəçilik və yanğın təhlükəsizliyinə cavabdehlik “Crocus Expo” sərgi mərkəzinə daxildir.
Yada salaq ki, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov deyib ki, yanğın zamanı sistem düzgün işləyib, çünki tamaşaçıların 98%-i qaçmağı bacarıb, əvvəllər qeyd olunan bağlı təxliyə çıxışları isə əslində köməkçi müəssisənin qapıları olub.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ