Onlayn ictimai-siyasi qəzet
COP29 Könüllülük Proqramının üzvlərinin iştirakı ilə Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası təşkil edilib.
Musavat.com xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cari ilin 11-22 noyabr tarixlərində Azərbaycanda baş tutacaq COP29 tədbirinin təşkili istiqamətində aparılan çoxşaxəli hazırlıq tədbirlərinin icrası ilə yanaşı aktual iqlim problemlərinə cəmiyyətin diqqətinin cəlb olunması və gənclərin iştirakı ilə ekoloji maarifləndirmə istiqamətində də müvafiq təşəbbüslər həyata keçirilir.
Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası “Ümumdünya Təmizlik Günü ” sosial kampaniyası çərçivəsində reallaşdırılıb.
150-dən artıq könüllünün qoşulduğu aksiya ətraf mühitin mühafizəsi istiqamətində məsuliyyətliliyin təbliği ilə yanaşı könüllülərdə komanda ruhunun inkişaf etdirilməsinə xidmət edən xüsusi yarış formatında təşkil edilib. Qalib komanda və onun iştirakçıları müvafiq sertifikatlarla təltif olunublar. Aksiya nəticəsində ümumilikdə toplanan 1501 kq tullantı ekoloji tələb və normalara müvafiq şəkildə utilizasiya prosesinin təmin edilməsi məqsədilə təkrar emala yönləndirilib.
Təmizlik aksiyasından sonra isə COP29 Könüllüləri arasında ekoloji vərdişlərin artırılması məqsədilə eko-təlimlər və bir sıra tədbirlər təşkil edilib.
Baş tutan aksiyanın əsas məqsədi gəncləri ətraf mühit, o cümlədən dənizətrafı sahələrin mühafizəsinə cəlb etməklə ekoloji və sosial məsuliyyətin, ictimai gigiyena vərdişlərinin təbliğində nümunəvi davranışları nümayiş etdirmək, eyni zamanda dəniz zolaqlarının mühafizəsinin aktuallığı kontekstində qlobal fəaliyyətin sürətləndirilməsinin vacibliyinə bir daha diqqətin cəlb edilməsidir.
Qeyd edək ki, bu növ aksiyalar sahillərin faktiki təmizlənməsindən daha böyük əhəmiyyət kəsb edir. Belə ki, müxtəlif sahələrdən olan gənclərin vahid məqsəd ətrafında bir araya gəlməsi, iqlim problemlərinin həllinin başlıca şərti olan əməkdaşlıq ruhunun inkişafına, planetimizin mühafizəsi ətrafında birləşərək real nəticələrin əldə edilməsinə bir töhfədir.
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ