Onlayn ictimai-siyasi qəzet
"Ölkəmizdə ekoloji problemlərin həllini daim diqqətdə saxlayan xalqımızın Ümummilli lideri Heydər Əliyev Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində uğurlu dövlət siyasətini həyata keçirib. Həmin strateji kursun dövlət başçısı cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə, əzm və qətiyyətlə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilib, sosial-iqtisadi inkişaf göstəricilərimiz əvvəlcədən prioritet olaraq qarşıya qoyulmuş hədlərə yüksəlib".
Musavat.com xəbər verir ki, bu fikirləri Baş Prokuror Kamran Əliyev "Xəzər dənizinin akvatoriyasında ekoloji təhdidlər və hüquqpozmalar:dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları" mövzusunda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə çıxışı zamanı deyib.
Baş Prokuror qeyd edib ki, Cənab Prezidentin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib:
"Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Ətraf mühit və ekoloji sahədə aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, cari ilin noyabr ayının 11-dən 24-dək ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Qürurverici haldır ki, bu mötəbər tədbir çərçivəsində ölkəmizin Baş Prokurorluğu tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın təşkili planlaşdırılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyir".
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ