Onlayn ictimai-siyasi qəzet
“COP29 zamanı hər hansı fövqəladə hallar baş verdiyi halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər görülüb”.
Musavat.com xəbər verir ki, bunu DSX Sərhəd Nəzarət Komandanlığının hərbi qulluqçusu mayor Nicat Cahidzadə Sərhəd Nəzarəti Komandanlığına təşkil olunan mediaturda qeyd edib.
O bildirib ki, tədbirə gələcək qonaqlar COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən qarşılanacaq, xüsusi nəzərdə tutulmuş keçid zolaqları ilə sərhəd nəzarət kabinələrinə yönəldiləcəklər:
“Sərhəd Nəzarət Komandanlığının hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş qaydada və sürətli bir zamanda sənədlərin yoxlanışını həyata keçirəcək. COP29 vizası ilə gələn əcnəbi vətəndaşlar 45 saniyə, Azərbaycan vətəndaşları isə 30 saniyə müddətində rəsmiləşdirilərək dövlət sərhədindən buraxılacaq.
Hazırda bütün iş yerlərində və sistemlərimizdə gücləndirilmiş iş rejiminə keçilib. Tədbirdən öncə və tədbir zamanı əməliyyat şəraitlərini ciddi nəzarətdə saxlayacağıq. Eləcə də şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən qanunvericilik çərçivəsində, eləcə də gecikmələrə yol verilmədən keçidinin təmin olunmasına nəzarət ediləcək”.
O, bildirib ki, COP29 zamanı sıxlığın qarşısının alınması ilə bağlı şəxsi heyətin sayı çoxaldılıb:
“Xüsusi və müasir texniki vasitələrdən istifadə edilməklə sərnişinlərin daha sürətli rəsmiləşdirilməsi, məlumatların elektron qaydada bazaya ötürülməsi və dövlət sərhəd xidmətindən buraxılması nəzərdə tutulub".
Şahanə Rəhimli,
Musavat.com
Fotolar müəllifindir
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ