Onlayn ictimai-siyasi qəzet
Noyabrın 11-13-də “Bakı Metropoliteni” QSC-nin stansiyaları sərnişinlərin girişi üçün səhər saat 05:00-da açılacaq
Bir neçə gündən sonra Azərbaycanda COP29 keçiriləcək. Qlobal tədbirlə bağlı hazırlıqlar davam edir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə COP29 Bəyannaməsi qəbul ediləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən, bəyannamənin qəbulu hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutlar, xeyriyyə təşkilatları, özəl sektor və qeyri-hökumət təşkilatları, akademik dairələr tərəfindən həyata keçiriləcək.
Bəyannaməni qəbul etməklə tərəflər iqlim dəyişikliyinin təsirlərini azaltmaq, qarşıdakı məqsədlərə nail olmaq üçün rəqəmsal texnologiyaların rolunu qəbul etmək, BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UNFCCC), Paris Sazişinin hədəflərini, 2030-cu il üçün nəzərdə tutulan məqsədləri dəstəkləmək niyyətlərini bəyan edəcəklər.
Tərəflər rəqəmsal innovasiyaların düzgün istifadəsinin müxtəlif iqtisadi sektorlarda istixana qazı emissiyalarının azaldılmasına və iqlim dəyişikliyinə uyğunlaşmasına təsirini vurğulamaqla yanaşı, köhnə rəqəmsal infrastrukturun ekoloji cəhətdən zərərləri ilə bağlı problemlərin həll edilməli olduğunu qeyd edəcəklər.
Bəyannamədə informasiya və kommunikasiya texnologiyaları (İKT) sektoru tərəfindən istixana qazları emissiyaları və enerji istehlakı ilə bağlı daha ardıcıl, texniki cəhətdən hərtərəfli məlumatların təqdim edilməsinin iqlimə təsirlərin qiymətləndirilməsində irəliləyişlərə əhəmiyyətli töhfə verəcəyi bildiriləcək. Həmçinin rəqəmsal bərabərsizliklər ədalətli, inklüziv və rəqəmsal keçidlərə nail olmaq üçün əsas maneə kimi vurğulanacaq. Rəqəmsal giriş, imkanlar və resurslardakı boşluqların bərabərsizlikləri artıracağı və qlobal iqlim səylərini çətinləşdirəcəyi qəbul ediləcək.
Rəqəmsallaşmanın qlobal davamlılıq baxımından tam faydalı olması üçün bu bərabərsizliklərin aradan qaldırılmasının vacibliyi qeyd edilməklə bütün cəmiyyətlərin - yerli xalqların, yerli icmaların, qadınların, uşaqların, gənclərin və əlilliyi olan şəxslərin - bu imkanlardan faydalanmalı və heç kimin geridə qalmamalı olduğu bəyan ediləcək.
COP29 zamanı vətəndaşların və xarici qonaqların rahat hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görüləcək. Xüsusilə ictimai nəqliyyatın hərəkəti ilə bağlı müəyyən edilmiş tədbirlər həyata keçiriləcək. Belə ki, noyabrın 8-9-da Azərbaycanda Zəfər və Bayraq günləri ilə əlaqədar qeyri-iş günləri hesab olunduğundan Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
“Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov bayram və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib ki, noyabrın 10-u bazar günü olsa da, qatarların hərəkət qrafiki bayram günlərində olduğu kimi təmin ediləcək: “Qeyd edilən 3 gün ərzində "Qırmızı xətt"in “Həzi Aslanov” - “28 May” sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə təşkil edəcək. “Yaşıl xətt” və “Qırmızı xətt”lərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili ilə əlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsi mümkün olduğundan, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağa hazır saxlanılacaq".
Rəis müavini qeyd edib ki, bu 3 gün ərzində “Bakmil” stansiyasına qatarların hərəkəti şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.
Qeyd edilib ki, ilk 3 gündə (noyabrın 11-13-də) “Bakı Metropoliteni” QSC-nin stansiyaları sərnişinlərin girişi üçün səhər saat 05:00-da açılacaq.
Səhmdar cəmiyyətin rəis müavini Hidayət Məmmədov qeyd edib ki, bu addım COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən atılacaq.
Rəis müavini əlavə edib ki, noyabrın 11-13-ü ölkəmizdə qeyri-iş günü elan edilsə də, metroda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq: “3 gün ərzində "Qırmızı xətt"in “Həzi Aslanov” - “28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-a qədər, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə fərqlə təşkil ediləcək. “Yaşıl xətt” və “Qırmızı xətt”lərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Bu, metro xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ