İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Bayden Ukraynaya gələrsə... - Rusiya təhlükəsi, yoxsa...

Elşən Mustafayev: “Təhlükəsizlik baxımından ABŞ prezidentinin yaxın zamanlar üçün Kiyevə səfər etməsi ehtimallarına inanmıram”

Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib ki, ABŞ liderinin səfəri təhlükəsizlik şəraitindən asılıdır. O, “Düşünürəm ki, Rusiyanın törətdiyi vəhşilikləri öz gözləri ilə görmək üçün cənab Bayden Ukraynaya gələcək”, - deyə, bildirib.

Zelenski Fransa prezidenti Emmanuel Makronu da Kiyevə dəvət edib: “Mən Rusiyanın törətdiyi vəhşilikləri şəxsən görmək üçün onu Ukraynaya dəvət edirəm. Bu səfər Fransa prezidentinin Ukrayna xalqının soyqırımı ilə bağlı mövqeyini dəyişəcək”.

Əslində Zelenski Avropa ölkələrinin rəhbərlərini paytaxta dəvət etməklə demək istəyir ki, məni müharibəyə sürükləmisiz, indi gəlin dağıntıları, faciənin miqyasını öz gözlərinizlə görün. O, hamını Ukraynaya çağırır...

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

Elşən Mustafayev 

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Baydenin Kiyevə gələcəyinə inanmır: “ABŞ prezidenti Baydenin Kiyevə səfər etməsi perspektivlərinə baxsaq, bu gün üçün real görünmür. Çünki ABŞ prezidentlərinin təhlükəsizliyinin qorunması maksimum üst səviyyədə olub və bu qaydaya çox ciddi şəkildə əməl olunur. Hazırda Ukrayna paytaxtında vəziyyət sabit olsa da, hava ərazisinin qorunmasında problemlər var, şəhərdə təxribatçıların, terrorçuların olması riskləri hələ də qalır. Son 50-60 ildə ABŞ prezidentləri dünyada terrorçuların hədəfində olan bir nömrəli obyekt olub. Rusiya və Ukraynanın müxtəlif ölkələrdən muzdluları cəlb etməsi də açıq etiraf olunur. Rusiyanın hətta Suriyadan döyüşçü cəlb etməsi faktları da ortadadır. Belə bir vəziyyətdə təhlükəsizlik baxımından ABŞ prezidentinin yaxın zamanlar üçün Kiyevə səfər etməsi ehtimallarına inanmıram və bu, Ukrayna məsələsində ABŞ-ın nüfuzuna mənfi təsir göstərməyəcək. Onsuz da hamı bilir ki, hazırda Ukraynanın bir nömrəli dəstəkçisi, Rusiyaya qarşı koalisiyanın müəllifi, onun başında gedən ABŞ-dır. Digər dövlət və hökumət başçılarının Kiyevə səfərləri Ukrayna xalqına böyük dəstəyin göstəricisidir. Belə səfərlər eyni zamanda həmin dövlət, hökumət başçılarının cəsarətini və Putin rejiminə qarşı barışmaz olduqlarını ortaya qoyur. İlk olaraq Boris Consonun hamını, hətta Moskvanı belə şok edəcək gözlənilməz səfərinin şahidi olduq. Ardınca Baltik ölkələri və Polşa prezidentlərinin birgə səfərləri gerçəkləşdi. Burada bir amili nəzərə almaq lazımdır ki, həm Böyük Britaniyanın, həm də digər dörd dövlətin Rusiyaya münasibəti birmənalı olaraq əvvəldən də bəlli idi. Onların rəsmi Kremllə hər hansı siyasi və iqtisadi alverləri olmayıb və çəkinmədən düşündüklərini deyib, hətta tətbiq də ediblər. Amma Qərbin digər böyük dövlətləri ilə bağlı bunları demək çətindir və o səbəbdən onların yaxın zamanlar üçün Kiyevə səfər edəcəyinə inanmıram. Onlar Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara qoşulsalar da problemin üzərinə ABŞ, Böyük Britaniya, Polşa, Baltik ölkələri kimi getmirlər”.

Ekspert Fransa məsələsinə xüsusi toxundu: “Fransa siyasi müstəvisində Rusiyaya münasibət həmişə fərqli olub, bu gün də fərqlidir və bu, əhali arasında da görünür. Bəzi kombinasiyalarını nəzərə almasaq, Makron ümumilikdə Putinə qarşı olan prezident kimi tanınır. Amma Fransa millətçilərinin lideri Marin Le Pen isə rusiyameylli bir siyasətçidir və hətta onun siyasi kampaniyalarının bir çox hallarda gizli şəkildə Moskvadan maliyyələşdiyi də bildirilir. Bu gün Makron və Le Pen prezident seçkilərinin ikinci turuna keçiblər və hələ ki, bir çox ekspertlər hər ikisinin şanslarını təxminən eyni dəyərləndirirlər. Belə bir vəziyyətdə mütəxəssislər Makronun Kiyevə səfər etməsini onun reytinqi cəhətdən çox riskli hesab edirlər. Yəni bu səfər onun nüfuzunu qaldıra da, aşağı sala da bilər. Çünki dediyim kimi, Fransada Rusiyaya fərqli münasibət siyasətçilər səviyyəsindən seçicilər səviyyəsinə qədər aşağı düşüb. Belə halda Le Penin seçilmə şansları arta bilər ki, bu da Avropa İttifaqı rəsmilərini və ABŞ-ı, yumşaq desək, qane etmir. Amma yenə də bilmək olmaz. Ola bilsin ki, bütün risklərə rəğmən Makron Kiyevə gəlsin. Çünki Böyük Britaniyanın baş naziri Consonun heç kimdən çəkinməyərək səfər edib rahat şəkildə Kiyev küçələrini gəzməsi hazırda özünün və ölkəsinin nüfuzuna xidmət edir və bu dövlətin Avropa lideri olduğu anlamını təbliğ edir. Bu hal Makronu qane etmədiyindən, dediyim kimi, hər şey ola bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR