İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib

“Ciyər axşamı”nda başlayan mübahisə qanla bitib. Dava isə məclisdə söyüşlə edilən zarafatlara görə başlayıb.

Musavat.com-un xəbərinə görə, hadisə Ağcabədi rayonunun Aşağı Qiyamadınlı kəndində keçirilən “ciyər axşamı”ndan sonra baş verib.

Bıçaqlanma hadisəsi 18 sentyabr 2024-cü il tarixdə, saat 02:30 radələrində baş verib. Bu hadisədən bir neçə saat əvvəl kənddə “ciyər axşamı” məclisi olub.

Kənd sakini Qurban adlı şəxsin təşkil etdiyi “ciyər axşamı”nda Tofit Həsənovla Ricay Həsənov arasında mübahisə olub.

Buna səbəb məclisdə olan şəxslərin yüksək səslə söhbət etmələri, söyüşlərdən istifadə etməsi olub. Ricay söyüş söyülməsinə iradını bildirib. Bir neçə dəqiqə sonra isə məclis sahibi Qurban adlı şəxs də qonaqlara yaxınlaşaraq söyüş söymələrinə görə onlara iradını bildirib. Bu zaman Tohit Ricayı işarə edərək deyib ki, Qurbanı öyrədən odur. Bu söz də Ricayın xoşuna gəlməyib. Tərəflər mübahisə edib və bir-birini söyüb. Ricayı anası və qohumları sakitləşdirərək mağardan çıxarıb. Küçədə isə Tohitin qardaşı Nahid Ricayla mübahisəyə başlayıb və qardaşını niyə söydüyünü soruşub. Mübahisə küçədə də davam edəndən sonra Nahidi və Tohiti sakitləşdirərək məclisdən aparıblar.

Lakin tərəflərin mübahisəsi səngiməyib. Gecə saat 02:30 radələrində Ricay Nahidgilin məhəlləsinə gələrək onlarla söhbəti “həll” etmək qərarına gəlib. Gəlmədən əvvəl də Tohitə zəng edib.

Məhəllədəki mübahisə davaya çevrilib. Bu zaman Ricayın da yanında qohumları olub. Tərəflər onları sakitləşdirməyə çalışsalar da, dava zamanı Nahid bıçaqla Ricayı vurub. Ricay qarın nahiyəsindən iki zərbə alıb.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs deyib ki, məclisdə birinci söyüşü Ricay söyüb.

Zərərçəkmiş Ricay isə bildirib ki, birinci söyüşü söyən qarşı tərəf olub. Amma hər iki tərəf baş vermiş hadisədən peşman olduqlarını deyiblər.

Zərərçəkmiş Ricay ifadəsində bildirib ki, onu bıçaqlayan Nahidlə münasibətləri həmişə yaxşı olub. O, baş verən hadisəyə görə Nahiddən şikayətçi olmadığını deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Həsənov şərti cəza alıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR