Onlayn ictimai-siyasi qəzet
Avropa Parlamentinin Azərbaycan haqqında növbəti dəfə qərəzli qətnamə qəbul etməsi məni bir o qədər də təəccübləndirmədi. Çünki həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət bu təşkilatı qərəzli, böhtançı, ikili standartlar mərəzinə tutulmuş kimi tanıyır. Uzun illərdir ki, Avropa Parlamentinin ölkəmizin inkişafını həzm edə bilməməsinin şahidiyik. Son illər, xüsusilə, üç il əvvəl Ermənistan üzərindəki parlaq Qələbəmizdən sonra bu təşkilat ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz mövqeyini açıq şəkildə nümayiş etdirir. Əslində, bu təşkilat öz aqressiv və qərəzli qətnamələri ilə Ermənistan parlamentindən geri qalmır, bəzi hallarda işğalçı ölkədən də irəli gedir. Sanki mayası siyasi riyakarlıqdan, yalan və böhtandan tutulmuş Avropa Parlamenti qeyri-obyektivliyindən əl çəkmir, ermənipərəst olmasından “qurur duyduğunu” nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi xatırladıb ki, 2011-ci ilin mayında, 2013-cü ilin iyununda və başqa vaxtlarda da Avropa Parlamenti ölkəmiz haqqında qərəzli qətnamələr qəbul edib. Bu təşkilatın 754 üzvdən cəmi 40-50 deputatının iştirakı ilə Azərbaycanla bağlı qeyri-obyektiv qətnamələrin müzakirəyə çıxarılaraq təsdiq edilməsi qurumun siyasi riyakarlığından xəbər verir. Azərbaycanda demokratiya istiqamətində aparılan uğurlu islahatlar, iqtisadi inkişaf, siyasi və hərbi sahələrdə qazanılan uğurlar ermənipərəst qüvvələri və Avropa Parlamenti kimi riyakar təşkilatları təşvişə salıb. Bu gün dünyanın əksər ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, işğal altında olan torpaqları öz qüvvəsi ilə azad etməsi ilə əlaqədar təbrik etdiyi halda, özünü ədalətli beynəlxalq təşkilat kimi göstərən Avropa Parlamenti öz ədalətsiz mövqeyi ilə beynəlxalq aləmdə özünün riyakarlığını açıq şəkildə təsdiqləyir.
Ç.Qənizadə dünyanın nüfuzlu beynəlxalq qurumlarının, ayrı-ayrı dövlət və hökumət başçılarının, rəsmi şəxslərin, siyasi şərhçilərin ölkəmizin güclü dövlət, vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi böyük uğurları yüksək qiymətləndirdiyini xatırladıb və Avropa Parlamentinin belə ədalətsiz, reallıqdan uzaq qətnaməni qəbul etməsindən təəssüfləndiyini bildirib. Söz yox ki, Azərbaycanın işğalçı Ermənistan üzərindəki şanlı Qələbəsindən sonra bəzi ermənipərəst dairələr davamlı şəkildə ölkəmizə qarşı kampaniyalar aparır, müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar. Ancaq Avropa Parlamenti öz qərəzli niyyətlərini açıq şəkildə reallaşdırmağa çalışır. Bu qərəzçi təşkilat nədənsə Ermənistanın Azərbaycan torpaqlarına olan iddiasına, Xocalı faciəsinə, mina terroruna, ərazilərimizin işğalına, bir milyona yaxın vətəndaşımızın ata-baba yurdlarından məcburi çıxarılmasına göz yumdu.
Hüquq müdafiəçisi bu qətnamənin fransalı deputatların təşəbbüsü ilə hazırlandığını və qəbul edildiyini diqqətə çatdıraraq deyib ki, Fransa öz gözündə tiri qoyub, başqa ölkələrin gözündə tük axtarır. Fransa başda olmaqla, Avropa Parlamenti və digər böhtançı qurumlar ermənipərəst qüvvələrin müstəmləkəçilik siyasəti iflasa uğrayanda belə qətnamələrə ümid bəsləyirlər.
Komitə sədri Qarabağ bölgəsində olan erməni sakinlərin separatçı rejimin təkidi və təzyiqi ilə yaşayış yerlərindən çıxarıldığının beynəlxalq ictimaiyyətə də bəlli olduğunu diqqətə çatdırıb. Ancaq Avropa Parlamenti günahı ölkəmizdə axtarmağa çalışır və bu vasitələrlə Azərbaycanın müstəqilliyini şübhə altına almağa cəhd edir. Yalan və böhtan üzərində qurulmuş belə siyasətlə Azərbaycanı müstəqillik yolundan əl çəkdirə bilməyəcəklər. Ermənipərəst qüvvələrin yalanla dolu qətnamələri ərazi bütövlüyümüzün bərpası yolunda apardığımız mübarizəyə təsir edə bilməyəcək. Azərbaycanı ədalətli mövqeyindən heç bir qüvvə döndərə bilməz.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ