Onlayn ictimai-siyasi qəzet
Çin hakimiyyəti yarımkeçirici komponentlərin istehsalı üçün vacib olan bir sıra materialların ABŞ-a ixracına birbaşa qadağa qoyub.
Musavat.com xəbər verir ki, məlumatı bu gün Çinin Ticarət Nazirliyi açıqlayıb.
Nazirliyin məlumatına görə, söhbət qalium, germanium, surma və superbərk materiallardan gedir. Pekin həmçinin qrafit məhsullarının istifadəsinə daha sərt nəzarət tətbiq etmək niyyətindədir.
"Financial Times" yazır ki, bu qərar Vaşinqtonun bir gün əvvəl elan etdiyi Çinə qarşı yeni ixrac nəzarəti tədbirlərinə cavabdır.
Çin Ticarət Nazirliyinin bəyanatında deyilir:
"Birləşmiş Ştatlar milli təhlükəsizlik konsepsiyasını genişləndirib, iqtisadi, ticarət və texnoloji məsələləri siyasiləşdirib və onlardan silah kimi istifadə edir. Çin milli təhlükəsizliyi qorumaq üçün ABŞ-a ikili istifadəli məhsulların tədarükünə ixrac nəzarətini gücləndirmək qərarına gəlib".
Qadağalar dərhal qüvvəyə minir. Çinin ABŞ-a ixracını qadağan etdiyi materiallar çip və akkumulyatorların, eləcə də hərbi və rabitə vasitələri üçün komponentlərin istehsalında istifadə olunur.
Keçən il Pekin artıq qallium və germaniumun ixracına məhdudiyyətlər qoyub ki, bu da Avropada bu materialların qiymətlərinin demək olar ki, iki dəfə artmasına səbəb olub.
ABŞ Geoloji Xidməti hesab edir ki, Çin dünya üzrə qallium istehsalının 98 faizi və germanium istehsalının 60 faizi Çinin payına düşür.
Bir gün əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyası Amerika şirkətlərinin, o cümlədən xaricdə, habelə öz avadanlıqlarında Amerika texnologiyalarından istifadə edən xarici şirkətlərin istehsal etdiyi çiplərin istehsalı üçün avadanlıqların Çinə tədarükünü məhdudlaşdırıb.
Bundan əlavə, yeni ixrac nəzarətləri süni intellekt çipləri üçün mühüm komponent olan yüksək bant genişliyi yaddaşı (HBM) çiplərinin Çinə çatdırılmasına da şamil edilir.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ