İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Maks Veberi necə təkzib edir..

Artıq iqtisadi inkişaf və hətta modern texnoloji tərəqqi Qərbdə, yəni Avropada və ABŞ-da cəmləşməyib. Şərq ölkələri, xüsusən də Uzaq Şərq dövlətləri bu sahədəki bütün rekordları qırmaqdadırlar və bu, hamıya çox yaxşı məlumdur.

Bir vaxt avropalı sosioloq Maks Veber kapitalizmin inkişafını Avropadakı dini reformasiya və protestant etikası ilə bağlayırdı və ötən əsrin ikinci yarısından başlayaraq tədqiqatçılar Veberin bu konsepsiyasına düzəlişlər etməyə cəhd edirlər. Onlar iddia edirlər ki, digər ölkələrdə də kapitalizmin inkişafı onunla bağlıdır ki, bu xalqların da dinində və mədəniyyətində protestant dəyərlərinə oxşar dəyərlər var.

Bunu qəbul etmək də olar, etməmək də. Bizim məqsədimiz heç də bu deyil, əsas odur ki, bəzi Şərq ölkələrinin iqtisadi sıçrayışı bir faktdır və bu, Veberin konsepsiyası ilə təsdiq olunub-olmamasından asılı olmayaraq sistemli və davamlıdır.  

Amma burada sual yaranır: Bəs bu, hamıya çox yaxşıca məlumdursa, biz niyə bunu bir daha xatırlatmalı olduq?

Bu günlərdə ciddi Rusiya nəşrlərindən biri qərbli mütəxəssisə istinadən yazmışdı ki, yaxın on il ərzində Pekin özünün faydalı qazıntılara ehtiyacını Ayın hesabına ödəyəcək. Fantastika kimi görünür, deyilmi?

Bəli, zahirən həqiqətən də belədir, amma indinin özündə belə “Səmaaltı imperiya” Aydan ən müxtəlif süxurlar, mineral nümunələri gətirməkdədir...

Bir sözlə, bu faktlar bir daha göstərir ki, ən azı iqtisadi meyarlara görə dünya artıq bir qütblü ola bilməz və ABŞ nə qədər çalışsa da, o, planetin yeganə söz sahibi olmayacaq. Çünki ən azı iqtisadi mülahizələr bu cür iddiaları rədd edir. Amma Vaşinqton da bu faktla hesablaşmaq istəmir və Çinin ABŞ-ı üstələməsinə imkan verməməyə çalışırlar.

Bu haqda ilk dəfə prezident Donald Trampın vaxtında açıq danışmağa başladılar. Bəli, Tramp iddia edirdi ki, ABŞ üçün təhlükə Rusiya deyil, Çindir. Bayden hakimiyyətə gələndən sonra bu cür iddialar intensivliyini bir az səngitdi – Vaşinqton indi daha çox ona çalışır ki, Çin Rusiya ilə geosiyasi ittifaqa girməsin.

Özlüyündə Çin hələ geosiyasi güc deyil, amma buna Rusiyadan fərqli olaraq iqtisadi imkanları və resursları var. Rusiyanın problemi ondadır ki, onun geosiyasi ambisiyaları imkanlarına adekvat deyil. Çinin də bu qəbildən problemi yox deyil. Pekin iqtisadi cəhətdən ona görə inkişaf etdi ki, ideologiyanı bir tərəfə qoydu və iqtisadiyyatını inkişaf etdirməyə başladı – bu vaxta qədər “Səmaaltı imperiya” ona görə inkişaf edə bildi ki, Den Syaopinin “Pişiyin hansı rəngdə olmasının əhəmiyyəti yoxdur, əsas odur ki, o, siçanı tutsun!” tezisinə əməl etdi.

Amma yoldaş Si hakimiyyətə gələndən Çinin geosiyasi iddiaları meydana çıxdı və hətta belə deyim yarandı ki, Mao Çini birləşdirdi, Den onu varlı etdi, yoldaş Si isə onu güclü dövlətə çevirdi. Hələki Pekinin geosiyasi iddiaları sistemli xarakter daşımır, sanki Çin vurnuxur, özü üçün səma altında yer axtarır – gah Afrikaya baş vurur, gah sorağı Yaxın Şərqdən gəlir! Fəqət, burada bir məsələ var: Avropa və ABŞ Çinin ən əsas bazarlarıdır. Pekin onları itirmək istərmi? Düşünürük ki, yox! Ona görə də Pekinin geosiyasi ambisiyaları davamlı və sistemli xarakter daşımır, çünki ABŞ onu ciddi şəkildə hədəfə götürsə, dünyanın yeni iqtisadi nəhənginin ciddi problemləri yarana bilər. Buna görə də Pekin qonşu Tokiodan nümunə götürməlidir. Bir vaxt Yaponiya da çox militarist bir dövlət idi. Amma müəyyən hadisələrdən sonra o, kursunu tam dəyişdi və vurğunu daha çox iqtisadiyyata etdi. Bununla Tokio uduzdumu? Bizə elə gəlir ki, yox, qəti uduzmadı, çünki siyasətdə ən əsası odur ki, gərək, reallıq hissini qoruya biləsən və heç bir halda onu itirməyəsən...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR