Onlayn ictimai-siyasi qəzet
Rusiyanın baiskar olduğu daha bir müdhiş aviaqəsd 2014-cü il iyulun 17-də Ukrayna hökumət qüvvələri ilə Rusiyanın nəzarətində olan Donetsk və Luqansk “xalq respublikaları”nın birləşmələri arasında döyüşlər gedən ərazinin səmasında baş verib.
Malayziya havayolu şirkətinə məxsus “Boeing 777-200ER” Amsterdam-Kuala-Lumpur marşrutu üzrə planlı reysini yerinə yetirirərkəm, havaya qalxdıqdan 2 saat 49 dəqiqə sonra yuxarıda göstərilən əraizidə Rusiyanın “Buk” zenit-raket kompleksindən atılan 9M38 seriyalı raketlə vurulub. Layner bir neçə hissəyə bölünüb, qalıqları Qrabovo, Rassypnoye, Petropavlovka kəndləri və Rassıpnoye şəhər kəndi ərazilərində yerə çtökülüb. Təyyarədə olan 298 nəfərin hamısı - 283 sərnişin və 15 ekipaj üzvü ölüb.
Bu, təyyarə qəzaları tarixində tələfata görə birinci onluğa daxil olmaqla 21-ci əsrdə ən böyük, postsovet məkanında, Şərqi Avropada və Malayziya aviasiya tarixində ən böyük qəzaya çevrilib.
Təyyarənin raketlə vurulması açıq-aydın, raketin kim tərəfindən buraxılması bir qədər mübahisəli olduğundan Ukrayna müvafiq təhqiqat aparmaq səlahiyyəyini Niderlan hökumətinə verib. Niderlandın yaratdığı beynəlxalq təhqiqat qrupu tezliklə aydınlaşdırıb ki, Malayziya təyyarəsi “Buk” hava hücumundan müdafiə sistemindən buraxılan yer-hava raketi ilə ilə vurulub.
O da məlum olub ki, “Buk” Rusiya Silahlı Qüvvələrinin 53-cü hava hücumundan müdafiə briqadasına məxsus olub və fəlakət baş verən gün Rusiyadan Ukraynanın işğal olunmuş ərazisinə gətirilib və təyyarəni vuran raket buraxıldıqdan sonra sistem yenidən Rusiya ərazisinə qaytarılıb.
Niderlandın dövlət prokurorluğu 2014-cü ilin yayında separatçı qüvvələrə komandanlıq etmiş Rusiya vətəndaşı İqor Strelkovu və onun tabeliyində olan üç nəfəri (Rusiyanın iki, Ukraynanın bir vətəndaşı) fəlakətdə iştirakda ittiham edib. MH17 reysi ilə bağlı məhkəmə prosesi 9 mart 2020-ci ildə Haaqa rayon məhkəməsində başlayıb.
23 iyun 2022-ci ildə AŞPA MH17-nin Rusiyaya məxsus “Buk” tərəfindən vurulması qənaətinə gəlib, Rusiyanı təyyarə qəzası ilə bağlı dezinformasiya yaymaqda, həlak olanların qohumları və yaxınlarının ağrı və iztirablarına səbəb olmaqda ittiham edib.
2022-ci il noyabrın 17-də Hollandiya məhkəməsi MH17 işi üzrə qərar çıxarıb. Bu qərara görə təyyarə Rusiyanın tam nəzarətində olan qondarma “DXR”-in sərəncamındakı "Buk" zenit-raket kompleksindən atılan raketlə vurulub və buna görə məhkəmə dörd müttəhimdən üçünü təqsirli bilib. Təqsirli bilinənlər İqor Girkin (“Strelkov”), Sergey Dubinski və Leonid Xarçenkodur.
Məhkəmə onların üçünün də təqsirini sübuta yetirib və hər üçünü qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. Dördüncü təqsirləndirilən şəxs, Oleq Pulatov (2014-cü ilin yayında Rusiya hava desant qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı) təqsirli bilinməyib.
Amsterdamdan Kuala-Lumpura uçan Boeing 777 təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə prosesi ona görə Niderlandda keçirilib ki, MH17 reysində ölən sərnişinlərin üçdə ikisi bu ölkənin vətəndaşları olub. İstintaqı aparan beynəlxalq istintaq qrupuna Niderland prokuroru Fred Vesterbek rəhbərlik edib.
Rusiya bu qruplaşmaya öz nümayəndələrini göndərməkdən imtina edib. O, fəlakətdən iki həftə sonra başlayan beynəlxalq istintaqı və 2020-ci ilin martında başlayan məhkəmə prosesini siyasiləşmiş və qərəzli adlandırıb. Rusiya tərəfdən məhkəməyə göndərilən materiallar inandırıcı olmayıb və çoxunun saxta olduğu ortaya çıxıb.
Bundan başqa, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya öz veto hüququndan istifadə edərək 2015-ci ilin oyulunda bu aviaqəsdə dair beynəlxalq tribunal yaradılmasına mane olub. Həmin vaxt bu iş üzrə beynəlxalq tribunalın yaradılmasına BMT TŞ-nin 15 üzvündən 11-i razılıq verib, Çin, Venesuela və Anqola bitərəf qalıb, nəticədə Rusiya vetoya əl atıb.
Haaqa məhkəməsinin Amsterdamdakı iclasında təqisrli bildiyi Rusiya vətəndaşı İqor Girkin 2014-cü ilin yayında “DXR”-in müdafiə naziri və istefada olan FTX zabiti olub.
İkinci müttəhim, Rusiya vətəndaşı Sergey Dubinski 2014-cü ilin yayında Rusiya hərbi kəşfiyyatının istefada olan yüksək rütbəli zabiti olub.
Ukrayna vətəndaşı Leonid Xarçenko 2014-cü ilin yayında “DXR” ordusunun hərbi kəşfiyyat bölməsinin komandiri vəzifəsində çalışıb.
298 günahsız sərnişin bu üçlüyün cinayətinin güdazına gedib. Məhkəmə bu cinayəti törədənlərin həlak olanların yaxınlarına 16 milyon avro təzminat ödəməli olduğu barədə də hökm verib.
Məhkəmə belə nəticəyə gəlib ki, “DXR” komandirlərinin hərbi hərəkətləri mütləq qaydada Rusiya ilə razılaşdırılıb.
Rusiya tərəfi bu aviaqəsdə görə də özünü təqsirli bilməyib, üzr istəməyib, həlak olanların ailələrinə kompensasiya ödəməyib, cinayətdə təqsirləndirilən şəxsləri məhkəməyə təhvil verməyib. Düzdür, sonradan İqor Girgin həbs edilib, ancaq ona qarşı irəli sürülən ittiham heç də Malayziya təyyarəsinin vurulmasında iştirak etdiyinə görə olmayıb, ona qarşı ekstremizm (əslində isə Kremlə münasibətdə dilini dinc qoymadığına görə) ittihamı irəli sürülüb və 4 il həbs cəzası kəsilib. Girkin Ukraynanın Slavyansk şəhərində öz yanından “hərbi tribunal” quraraq ukraynalı məmurları edam etməkdə də təqsirli bilinir (o özü bu barədə Dmitri Qordona erdiyi müsahibədə bəyan edib), ancaq Rusiya tərəfi bu məsələnin üstündən də keçib.
Bütün Avropa bu aviaqəsdə görə Rusiyanı ittiham etdiyi halda, əsas zərərçəkən olan Malayziyanin hökuməti olduqca, yumşaq desək, qeyrətsiz mövqe tutub. Bu ölkənin baş naziri Nəcib Tun Razak əvvəlcə belə bir bəyanat verib: "İndiki mərhələdə Malayziya faciənin səbəbini etibarlı şəkildə müəyyən edə bilməz. Lakin biz bu uçuşla nə baş verdiyini dəqiq öyrənməliyik və öyrənəcəyik". O, həmçinin Malayziyanın istintaqda birbaşa iştirak edəcəyini və təyyarənin həqiqətən vurulduğu ortaya çıxarsa, Malayziya günahkarların dərhal məsuliyyətə cəlb edilməsində israr edəcəyini söyləyib. İyulun 23-də N.T.Razak bildirib ki, Malayziya hakimiyyəti fəlakətin səbəbləri ilə bağlı təkzibolunmaz sübutlar əldə edənə qədər ittiham irəli sürməyi tez hesab edir və Malayziya baş verənlərə dair təkzibedilməz dəlil almayana qədər heç kimə barmaq tuşlamayacaq.
2019-cu ildə Malayziyanın yeni baş naziri Mahathir Mohamad deyib ki, Malayziya hökuməti 2014-cü ilin yayında Donbassda Malayziya təyyarəsinin qəzaya uğramasında Rusiyanın günahkar olduğuna dair inandırıcı dəlil görməyib.
Beləliklə, Malayziya təyyarəsi epizodunda da aydın olur ki, Rusiyanın sərəncamında olun hərbçilər mülki təyyarə ilə hərbi təyyarəni qarışdıraraq səhvən vurublar. Bu versiyaya o zaman inanmaq olardı ki, Rusiya 298 günahsız insanın ölümünə bais olan caniləri ya Niderlanda məhkəməsinə təhvil verəydi, ya da özü prinsipial şəkildə onları mühakimə edəydi. Moskva isə həmişə olduğu kimi, caniləri müdafiə edib, məhkəməyə mane olmağa çalışıb, axırda da ortada daşdan keçən sübutlar olsa da, məhkəməni qeyri-qanuni elan edib.
Belə situasiyalarda cığallığa vərdiş eləmiş ölkə ilə hər hansı bir siyasi, hüquqi konfliktə girmək xoşagəlməz olduğu qədər də, mənasızdır, axırı yoxdur, ədalətli nəticəyə nail olmaq çox çətindir.
Araz Altaylı, Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ