İnsanlara hürriyət, millətlərə istiqlal!

Ciddi bahalaşma olacağı xəbərləri - inanaq, inanmayaq?

 Ekspert: “Əgər Azərbaycan idxaldan asılılığı azaltmasa, biz kəskin bahalaşmanın şahidi olacağıq”

Unun qiymətində bahalaşma əhali arasında tezliklə digər məhsullarda da qiymət artımı ola biləcəyi haqda iddiaları artırıb. Bildirilir ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. Səbəbi isə Rusiyada buğdanın qiymətinin bahalaşması ilə əlaqələndirilib.

Xatırladaq ki, 2023-cü ilin oktyabr-noyabr ayında Azərbaycanda topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınmışdı. Ən yükəsk artım Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən fiziki şəxs İsgəndər Mirzəyevə məxsus topdansatış mərkəzində olub. Avqust ayının sonunda burada satılan 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26 manat 10 qəpik olduğu halda, oktyabr ayının əvvəlində 27 manat 25 qəpiyə qaldırılıb. Bundan başqa "Dəvəçi-Dəyirman” MMC, "Dəvəçi-Taxıl” MMC, "Şəmkir Un-Yem” MMC və "Sünbül 2012” MMC-yə məxsus topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti son bir ayda 1 manat artıb.

Daha bir məqam isə, unun qiymətinin bahalaşması ilə çörəyin qiymətində də artımın olacağı ilə bağlıdır. Halbuki unun qiyməti ötən aylarda xeyli uculaşdığı vaxtlarda biz çörəyin qiymətində də azalmanı görmədik. Qeyd etmək yerinə düşər ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda buğda ununun 1 kq-nın orta satış qiyməti 1,49₼ təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 0,09₼ və ya 5% ucuzdur. Bununla yanaşı yerli istehsal olan buğda ununun 1 kq-ının qiyməti 1,29₼ təşkil edib ki, bu da illik fərqlə 0,05₼ və ya 4% bahadır. Xaricdən gətirilmiş buğda ununun1 kq-nı isə 1,72₼ təşkil edib. Bu da 2023-cü illə müqayisədə 0,05₼ və ya 3% çoxdur. Məlumat üçün bildirək ki. 2023-cü ilin yanvar ayında 1 kq buğda ununun orta qiyməti 1,58% manat təşkil edib. Yerli düyünün qiyməti 1,34₼, buğda ununun qiyməti isə 1,77₼ olub.

Elşad Məmmədov

Elşad Məmmədov

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov mediaya açıqlamasında unun qiymətindəki bahalaşmanı dünya iqtisadiyyatında baş verən proseslərlə əlaqələndirib və dünya iqtisadiyyatındakı problemlərin daha da dərinləşəcəyini deyib: “Bir tərəfdən maliyyə sektoru ilə real istehsal sektoru arasında problemlər, uyğunsuzluqlar daha da artır, digər tərəfdən isə ölkələr arasındakı iqtisadi və geosiyasi ziddiyyətlər kritik dərəcədə böyüyür. Bütün bunlar da qiymət amilinə öz təsirini göstərir. Biz yaxın aylarda dünya bazarında qiymətlərin pul-kredit siyasətinin sərtləşməsi hesabına bir qədər sabit saxlanmasına baxmayaraq, kəskin bahalaşmanın şahidi olacağıq. Bu da qlobal və regional bazarlarda qiymət artımına səbəb olacaq. Əgər Azərbaycan idxaldan asılılığı azaltmasa, bu bahalaşma ölkə iqtisadiyyatına öz təsirini göstərəcək. Biz kəskin bahalaşmanın şahidi olacağıq. Bunun qarşısını almaq üçün dövlət yerli istehsala daha çox sərmayə yatırmalı, kənd təsərrüfatı sektorunun inkişafı maksimum şəkildə təmin edilməli və regional iqtisadi əməkdaşlıq çərçivəsində zəngin resurs bazasına malik olan qonşu ölkələrlə iqtisadi əməkdaşlıq dərinləşdirilməlidir. Bütün bunlara nail olsaq, qiymət artımı ölkənin istehlak bazarına kritik dərəcədə təsir etməz”. 

Xaricdən asılılığı azaltmaq üçün neçə il vaxt lazımdır? Ümumiyyətlə, bahalaşma gözləntiləri nə dərəcə labüddür? Nəzərə alsaq ki, rəsmi qurumlar Azərbaycanda yaxın bir ildə inflyasiyanın aşağı olacağını proqnozlaşdırırlar. Bəs o zaman deyilənlər reallığı əks etdirirmi?

b884ceb7-1064-4a7a-b079-4f504c110016.jpeg (226 KB)

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, 50 kq-lıq unun qiyməti 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər artıbsa, bu 2 manat 30 qəpiklik bir artım deməkdir: “Bu isə hər 1 kq un üçün 4,6 qəpiklik qiymətin artmasıdır. Bu zaman 500 qramlıq hər çörəyə 2-3 qəpik artım payı düşür. Odur ki, 50 kq-lıq unun 2,3 manat artmasının hazırda çörəyin qiymətinə təsir etməyəcəyini demək olar. Amma bir məsələ var ki, çörək istehsalçıları çörəyin qiymətini nəzarət səbəbindən qaldıra bilməsələr də,  hər çörəkdə 2 qəpik itirməmək üçün, çörəyin çəkisini 20 qram azalda bilərlər. Ona görə ki, hazırkı qiymətlərlə hər 10 qram çörəyin satış qiyməti təxminən 1 qəpikdir. Odur ki, 2 qəpik itirmək istəməyənlər 20 qram kəsmək sevdasına düşə bilər”.

Ekspert çıxış yollarından da bəhs edib: “Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin həcmini, torpağın keyfiyyətini, taxıl əkin sahələrinin həcmini və yetişdirilə bilən buğdanın keyfiyyət göstəricilərini, eləcə də artan əhali sayını nəzərə alsaq, deyə bilərik ki, biz demək olar ki, hər zaman ərzaqlıq buğdanın böyük hissəsini hansısa ölkədən idxal edəcəyik. Bu isə unun qiymətində bu cür artıb-azalmaları qaçılmaz edəcəkdir. Ona görə də çörəyin qiyməti dövlət tərəfindən müxtəlif alətlərin köməyi ilə tənzimlənir və hər kəs üçün onun əlçatan olması təmin edilir”.

İqtisadçı millət vəkili Vüqar Bayramov  da bahalaşma ilə bağlı öz sosial media hesabından fikrini izah edib: “Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17,0 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub. Həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Göründüyü kimi, ümumi xərcləmədə ərzaq məhsullarının payı yüksək olaraq qalmaqdadır. Bu o deməkdir ki, vətəndaşlar xərclədikləri hər 100 manatın 51 manatını, yəni yarıdan çoxunu ərzağın alınmasına yönəldiblər. İnkişaf etmiş ölkələrdə ümumi istehlakın ¼-i ərzaq məhsullarının alınmasına yönəldilir.

Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələblə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsirsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Ərzaq məhsullarının daha çox xərc payına malik olması yığım imkanlarını da məhdudlaşdırır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR