Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, cari ildə Türk Dövlətləri Təşkilatının (TDT) zirvə görüşləri Macarıstanda və Azərbaycanda keçiriləcək.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Azərbaycan XİN rəhbəri qeyri-rəsmi zirvə görüşünün yaz aylarında Macarıstanda, rəsmi zirvə görüşünün isə Bakıda payız aylarında keçiriləcəyini deyib.
Nazir vurğulayıb ki, hər il TDT-nin gündəliyi zəngin olur:
“Ötən il Naxçıvan sazişinin imzalanmasının 15 illiyi qeyd olundu. Gəlinən nəticə ondan ibarət oldu ki, bu gün təşkilat həm həyata keçirdiyi layihələr baxımından, həm də beynəlxalq aləmdə nüfuz və qəbulolunma baxımından tamamilə fərqli bir gücə və faktora çevrilib. Gözləntiləri yerinə yetirmək üçün dövlətlər tərəfindən ayrılan resurslar buna uyğun olmalıdır. Ona görə də planlar sırasında 2024-cü ildə qeyri-rəsmi Şuşa Zirvəsində qəbul olunmuş qərarlara uyğun olaraq, Katibliyin potensialının və diplomatların sayının artırılması, bu işlərin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda konsensus əsasında Katiblik yanında daimi nümayəndələr institutunun formalaşdırılması və mütəmadi görüşlərin keçirilməsinin də təşkilatın işinə əlavə məzmun və dinamika qatacağını düşünürük”.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə TDT-nin fəaliyyəti ilə bağlı fikirlərini belə ifadə edib:
“SSRİ-nin dağılması ilə Orta Asiyadakı türk toplumlarının uzun müddət sonra müstəqil dövlət kimi ortaya çıxması türk dünyası üçün tarixi fürsət yaratdı. 21-ci əsrin ilk illərindən başlayaraq, türk dövlətlərinin daha da gücləndiyini, təşkilatlanmağı artırdığını və vacib aktor olduqlarını görməyə başladıq. Bu səbəbdən Orta Asiyadan Avropaya qədər olan türk varlığının TDT nəzdində daha funksional, daha təsirli, daha faydalı hala gəlməsi strateji addımdır. 170 milyonluq TDT-nin həmrəyliyini, işbirliyini, layihələrini daha da inkişaf etdirməsi üçün var gücümüzlə çalışırıq. Xüsusilə, liderlərin iradəsi ilə TDT-nin Baş Katiblik vasitəsilə daha məqsədyönlü işlər görməsi bizim üçün önəmlidir. Bununla bağlı Azərbaycan və Türkiyənin mövqeyi eynidir”.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirib ki, Türk Dövlətləri Təşkilatı ilə bağlı bu il ciddi addımların atılacağı gözlənilir.
Onun fikrincə, Prezidentin andiçmə mərasimində verdiyi mesajlar, daha sonra mötəbər tədbirlərdə səsləndirdiyi fikirlər, həmçinin, Azərbaycan televiziyalarına müsahibəsində söylədikləri onu deməyə əsas verir ki, 2025-ci il TDT üçün olduqca mühüm və əhəmiyyətli il olacaq:
“Hazırda dünyada baş verən proseslər, o cümlədən qlobal siyasətdə yeniliklərin nəzərə çarpması perspektivi nəticə etibarilə türk dövlətlərinin inteqrasiya prosesini sürətlənləndirə bilər. İnteqrasiyaya mane olan amillərin bir hissəsi sıradan çıxıb və müəyyən hissəsinin də sıradan çıxma ehtimalı daha çoxdur. İndiki şəraitdə konkret fikir səsləndirmək çox çətindir, amma təşkilatın qlobal gücə çevrilməsi istiqamətində müəyyən addımların atılması ehtimalı var. TDT daha üst strukturlaşma perspektivinə doğru addımlaya bilər. Bunun hansı model əsasında ortaya çıxacağı qeyri-müəyyəndir, amma hər halda gözləntilər bundan ibarətdir”.
Elçin Mirzəbəyli vurğulayıb ki, TDT-nin güclənməsi müəyyən dairələri narahat edir:
“Əks addımların atılacağı şübhəsizdir. Bölgə dövlətləri, eyni zamanda hazırda qlobal güc olmağa iddia edən ölkələr tərəfindən TDT ilə bağlı perspektivin yarımçıq qoyulması ilə bağlı müəyyən addımlar atıla bilər. Amma hazırda TDT-nin güclənməsinə və institutlaşmasına mane ola biləcək ölkələrin siyahısının geniş olduğunu və onların bunun üçün potensialının olduğunu düşünmürəm. Qənaətimcə, təşkilatın daha da güclənməsini arzu edən qütblərin sayı və imkanları daha genişdir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ