Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığında onu Ermənistanla sülh prosesi barədə məlumatlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə mövcud regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.
Qeyd edilib ki, tərəflər Azərbaycanla Birləşmiş Krallıq arasında xüsusilə energetika, təhsil, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə edərək, iki ölkə arasında son vaxtlar siyasi dialoqun intensivləşməsinin, qarşılıqlı səfərlərin, eləcə də hökumətlərarası əməkdaşlıq komissiyalarının işinin bərpasının yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyi bildiriliblər.
Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın bölgədə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqresin olduğu, ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı, iki ölkə arasında alternativ enerji sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri, SOCAR və BP arasında günəş enerjisinin istehsalı üzrə aparılan işlər, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlıq məsələləri müzakirə olunub.
Telefon danışığı çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ