Onlayn ictimai-siyasi qəzet
Keçən yazımda dükandan oğurluq elədiyi üçün girov götürülən uşaqdan bəhs olunurdu, onu oxuyan qazi dostum İlham Ağalar zəng vurdu və maraqlı bir əhvalat danışdı. Deyir, Füzulinin Horadiz obasından Vəzir adlı tanış vardı, rayon işğal ediləndən sonra Bakıda taksi sürürdü, bir gün kimsə maşına oturur, gedəcəyi ünvanı söyləyəndə ondan soruşur ki, qardaş, sən nə işə baxırsan, kimsən. Adam deyir təzə türmədən çıxmışam. Vəzir deyir: “Niyə çıxırdın? Oturardın da elə orda!”
Ardıyca İlham bəy bizim situasiyaya uyğun məsləhətini verdi, deyir, ana oğurluq üstündə dükanda saxlanılan uşağın azad olunmasına gərək heç cəhd göstərməzdi.
Həqiqətən. Qoy dükan sahibi girovu saxlasın, yemək-içməyini versin. Məncə dükanda bunun üçün imkanlar evdəkindən çox olmalıdır. Üstəlik, qazi dostum İlham bəy kəşfiyyatçı olub, bir şey bilməsə məsləhət verməzdi.
Əslində, buna əməl edən xeyli tanışlarımız vardır. Bir müxalifətçi var, yalan olmasın, bəlkə 10 dəfə tutublar, hazırda da türmədədir. Deməli ordakı vəziyyəti bəyənir ki, tez-tez “içəri” qayıdır! Yoxsa niyə tutulsun? Bizdə ədalət məhkəməsidir. Günahsız adamları tutmurlar. Yalnız insanlar arzu eləsələr müəyyən müddətə dövlət təminatına götürülür, nəzarət altına alınır.
Məsələn, mən bugünlərdə “Kresçent Mall” binasına gedəndə yolun qırağında şəffaf pəncərəli bir zırpı ofis gördüm. İçəridə camaat qaynaşırdı. Mahnı oxuyan, rəsm çəkən, rəqs eləyən bir-birinə qarışmışdı. Mənzilin üstündən isə “Rus Evi” yazılmışdı.
Çox gözəl. Deməli ölkəmizdə hər bir millətə də ev ayrılıbdır, tolerantlıq və multikulturizm fontan vurur. Ancaq axşam öz jurnalist evimə gələndə internetə girdim, gördüm ki, ey dadi-bidad, sən demə həmin evdə casuslar yığışırmış!
Dəhşətli videoreportaj idi. Özü də hansısa yoluq sayt yox, birbaşa yuxarılara yaxın kanalda yayılmışdı. Bəs görəsən “Bakının göbəyində” (aparıcı belə söylədi, mənim kəşfim deyil, mənə qalsa Bakının göbəyi ayrı yerə düşür, bulvar tərəfə yox) bu dəbbəbəli evi casuslara kim ayırıb? Olmaya özləri pul yığıb alıblar? Hərçənd, ədalətlə yazsam, mən görənlər casusa çox oxşamırdı, üz-gözləri açıq, şəffaf şüşə arxasında əylənirdilər. Hətta bir çoxunun hər yeri açıq idi.
Təbii ki, biz rus casuslarını lazım gəlsə tutub Moskvaya göndərəcəyik. Buna şübhə yoxdur. Fransadan, İrandan, Amerikadan artıq deyillər ki? Son illərin təcrübəsi göstərib: Bakıda heç kim casusluq edə bilməz. Bizim ölkəmizdə şəffaflıqdır, gizli fəaliyyət göstərməyə son qoyulubdur. Ancaq eyni vaxtda bəzi valideynlərin əl-ayağa düşməsi, uşaqlarına rus dilində dərsliklər tələb etməsi şübhəlidir. Bir görkəmli təhsil mütəxəssisimiz demişkən, həmin valideynlərin qanını yoxlamalıyıq. Ümid edirəm əlaqədar orqanların belə qan analizi cihazları vardır. Yaxşı olar bütün əhalinin qanı yoxlanılsın, müvafiq dərəcələr (“1-ci qrup dövlətçilik rezuslu”, “2-ci qrup vətənpərvər trombositli”, “3-cü qrup eritrositli milli dəyərlər” və sairə şəklində) verilsin.
Ancaq mən “Rus evi” tərəfdən keçəndən sonra bəzi suallar beynimdə doğuldu. Problem təkcə ev deyil ki? Örnək üçün, o evin beş addımlığında, axar-baxarlı bağçada (bu dəfə göbək yazmadım) rus şairi Puşkinə heykəl qoymuşuq. Puşkinin imperialist şeirləri var və rus şovinizminin hazırda dünyada qalxan elədiyi alətlərdən biri bu Puşkindir.
Ordan azca qabağa gedirsən, görürsən yazılıb “Kresçent Mall”. Qardaşlar, bunun adını ana dilimizdə deyəndə adamın dili düyünə düşür. Niyə bu andıra qalmış ingiliscədən tərcümədə, “Aypara” adlanmır? Bəlkə orda ingilis turistlər qaynaşır, xəbərimiz yoxdur? Lap qaynaşsa da, ana dilinə hörmət lazımdır. Londonda “Aypara AVM” yoxdursa, niyə biz Bakıda “Kresçent Mall” açmalıyıq? Bunun dövlətçilik, siyasi, sosial, psixoloji, mədəni, nə bilim, linqvistik izahını kimsə mənə versin, susum. AVM qısaltmasını da boşuna yazmadım. Türkiyədə bütün bu “mall”ların adı AVM gedir. “Alış-Veriş Mərkəzi” ifadəsinin qısaltması. Sadə. Gözəl. “Mall” adlı yerlər olanda, camaat da uşağa rus dilində dərslik tələb edəcək. Buna etiraz etməyə dilimiz olmasın gərək.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm təzə hansı xarici söz öyrənmisiniz. Əzbərləyək, dükana gedəndə dilimiz topuq vurmasın.
28 Yanvar 2025
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ