Onlayn ictimai-siyasi qəzet
Arzu Nağıyev: “Qadın olsa belə, casusluğa cəlb olunubsa, gec-tez müəyyən olunacaq və məhkəmə qarşısında dayanacaq”
Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur. Validə Elçin qızı Yusifova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Dövlətə xəyanətdə ittiham olunam Validə Yusifovanın casusluq fəaliyyəti ciddi maraq doğurur.
Belə ki, o, 2022-ci ilin sonunda İranda casusluq ittihamı ilə tutulub. Ötən ilin yayında İrandan Azərbaycana təhvil verilib. Həmin vaxt 31 yaşı olan Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub, Tehranın Evin həbsxanasından psixiatriya xəstəxanasına köçürülüb.
Bir maraq doğuran məqam da ondan ibarətdir ki, Validə Yusifova 2022-ci ildə İranda Türkiyədən qayıdandan sonra həbs edilib. O, əvvəlcə şəxsiyyətini təsdiq edən sənədləri düzgün saxlamamaqda ittiham edilib, sonra isə narkotik saxlamaq və casusluq ittihamı irəli sürülüb. Validə Yusifova ötən ilin yayında İrandan Azərbaycana təhvil verilib. Bundan sonra burada dövlətə xəyanət ittihamı ilə saxlanılıb, istintaqa cəlb olunub. Belə ehtimal var ki, Validə Yusifova ikili casusluq edib.
Son vaxtlar dünyada qadınların terrorçuluğa, casusluğa cəlb edilməsi tendensiyası müşahidə olunur. Məsələn, ötən il Şuşa-Xankəndi aksiyası davam edən dövrdə bir gənc xanımın xarici xidmət orqanlarına, konkret olaraq erməni kəşfiyyatına casusluq etməsi ifşa olunmuşdu. Türkiyədə isə iki il öncə bir qadın terror törətmişdi. Qadınların casusluğa, terrorçuluğa cəlb edilməsi daha az şübhə yaratmaq üçündür, yoxsa bunun digər səbəbləri də var? Bu, yeni texnologiyadırmı, yoxsa hər zaman belə cəhdlər olub?
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, xüsusi xidmət orqanları əməliyyat imkanlarına görə cəlbetməni həyata keçirir: “Burada cəlb olunanın qadın və ya kişi olması o qədər də əhəmiyyətli deyil. Əlbəttə ki, cəlb olunanın hansı məqsədlər üçün istifadəsi də vacib məqamdır. Dini baxımdan radikallaşma kişilər arasında daha çox üstünlük təşkil edir. Ona görə də radikal dini qruplaşmalara cəlb etmək üçün daha çox kişilərdən istifadə olunur. Qadınlara gəlincə isə, son zamanlar qadınların da cəlbolunmaları gerçəkləşir. Çünki dini tədbirlər qadınlar və kişilər üçün ayrı-ayrılıqda təşkil olunur. Bu baxımdan qadınların içərisində də məlumat toplamaq, yaymaq və ya cəlb olunduğu xüsusi xidmət orqanlarının istiqamətini, tapşırdıqları işi yetirmək üçün casus qadına ehtiyac duyulur. Çalışırlar ki, daha çox qadını özlərinə tərəf çəksinlər. Yeri gələndə başqa məqsədlər üçün - yəni sadə informasiya toplamaq yox, bir əməl yerinə yetirməsi üçün istifadə oluna bilər. Terror, kiməsə zərər yetirə bilər, əlaqə yaradan kimi istifadə edilə bilər. Qayda belədir ki, bir ölkəyə aqressiv münasibət bəsləyirsənsə, orada istənilən şəxsdən istifadə etməyə, maksimum çox şəxsi cəlb etməyə çalışırsan. Çünki səni orada informasiya ilə yanaşı, təxribatla da məşğul olmaq, kimlərisə cəlb etdiyin adamlar vasitəsilə ələ keçirmək istəyirsən. Ən adi, elementar xəbərləri əldə etməyə çalışırsan, vacib deyil ki, yalnız məxfi məlumatlar toplansın. Adi xəbərləri belə almaq, real durumu öyrənmək üçün sadə vətəndaşları cəlb edirlər. Ölkələrin bu və ya digər ölkədəki maraqlarından asılıdır. Klassik qayda odur ki, informasiya daşıyıcıları olan şəxslərə çıxırlar. Bu alınmayanda ona yaxın, ətrafında olan adamları cəlb edirlər. Yaxın qohumu, qadını, dostunu cəlb edirlər”.
Arzu Nağıyev
Arzu Nağıyev deyib ki, qadınlarla işləmək xüsusi xidmət orqanları üçün kişilərə nisbətən daha çətindir: “Əvvəllər belə məsələlər açıqlanmırdı. İndi isə ictimaiyyətə məlumat verilməsi bir qədər profilaktik məqsədlidir. Vətəndaşlar bilsinlər ki, bu cür məsələlər var və qadın olsa belə, casusluğa cəlb olunubsa, gec-tez müəyyən olunacaq və məhkəmə qarşısında dayanacaq. Vətəndaş bilməlidir ki, şimal və cənubdakı qonşu ölkələr bizə münasibətdə belə addımlara da gedirlər. Xüsusilə cənub qonşumuz üçün şəxsin cinsiyyəti, informasiyalı olub-olmaması maraqlı deyil. Küçədə limon satan qadını da cəlbetməyə götürürlər. Belə şəxslərin qarşısına hər kəsin, hətta özlərinin də bildikləri ən mənasız tapşırıqları qoyur və icrasını təmin etməsini tələb edirlər. Şəxsi özlərindən tam asılı hala salmaq üçün belə informasiyaları almaq göstərişi verirlər ki, şəxs gedib 1-2 foto çəksin, kimdənsə nəsə bir xəbər öyrənib onlara ötürsün. Buna görə də 3-5 manat ödəyirlər. Bu əməl artıq cinayət tərkibi yaradır və cəlbetməyə götürdükləri şəxsə bunu incə şəkildə çatdırırlar, onda hər an həbs olunması üçün əllərindəki faktları qarşı tərəfə ötürə biləcəklərini deyirlər. Belə olan halda şəxsin verilən istənilən tapşırığı yerinə yetirəcəyi də qaçılmaz olur. Casus qadının müəyyən olunması bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək səviyyədə həyata keçirdiyi bir əməliyyatdır. Məhkəmə prosesində təqsirləndirilən şəxsin cəlbetməyə necə götürülməsi, bunu kimlərin etməsi, hansı tapşırıqlar verilməsi də aydın olacaq”.
Arzu Nağıyev bildirib ki, hər hansı bir şəxs bir tapşırıq yerinə yetiribsə belə, sonradan bunu gəlib etiraf edərsə, tapşırığın xarakteri, dövlətə dəyən ziyanın miqdarı, keyfiyyəti, mahiyyətindən asıl olaraq onunla bağlı qərar qəbul edilir: “Əgər şəxs heç bir tapşırıq yerinə yetirməyibsə, bu halda vətəndaşın vəziyyəti yüngülləşir, dövlət onu müdafiəsi altına alır. Bu, dövlətin borcudur və tamamilə əks-tədbirlər görülür”.
Qeyd edək ki, bir neçə il öncə Latviya xüsusi xidməti ilk dəfə olaraq məxfi əməkdaşlığa cəlb olunma və casuslara qarşı mübarizə qaydalarını nəşr etmişdi. “Casusu necə tanımaq və məxfi əməkdaşlığa cəlb olunmanızı (verbovkanı) necə anlamaq olar” sualına Latviya xüsusi xidmətinin metodikası paylaşılmışdı. Sənəd ədliyyə və dövlət məmurları üçün nəzərdə tutulub. Burada xarici xüsusi xidmətlərinin hansı informasiyalarla maraqlana biləcəyi, cəlb olunmanın əlamətləri və şəxsin xarici hökumətə işləyib-işləmədiyini aşkar etmək yolları başa salınır.
“Yerli və dövlət məmurları vacib informasiyanın əsas qaynaqlarıdır,” - təlimatda qeyd olunur. Casusları təkcə dövlət sirləri deyil, dövlət orqanlarının gündəlik informasiyaları da maraqlandıra bilər. Bu səbəbdən bütün dövlət işçiləri vəzifəsindən asılı olmayaraq məxfi əməkdaşlığa cəlb olunma təhlükəsi ilə üzləşirlər.
Casuslar nə ilə maraqlana bilərlər?
- Rəsmi istifadə üçün nəzərdə tutulan məlumatlar;
- Digər dövlət orqanları, xarici təşkilatlar, podratçılar və qeyri-hökümət təşkilatları ilə görülən işlər barədə məlumatlar;
- Qanunların, layihələrin, islahat planlarının ilkin versiyaları, daxili planlaşdırma sənədləri və s.;
- Şəxsi məlumatlar, peşə təlimləri, texniki avadanlıqlar;
- Təşkilatın təhlükəsizlik tədbirləri;
- Ləkələmək - nüfuzdan salmaq üçün - daxili ixtilaflar, xarakterin mənfi cəhətləri, işdən narazılıq kimi istənilən informasiyalar.
Casusu harada görə bilərsiniz?
Latviya təhlükəsizlik polisinin verdiyi məlumata görə, xarici kəşfiyyat xidmətlərinin mütəxəssisləri özlərini diplomatlar, dövlət və bələdiyyə qurumlarının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, sahibkarlar, jurnalistlər və digərləri kimi qələmə verə bilər.
Casuslar konfranslar və seminarlar kimi beynəlxalq tədbirlər, qeyri-rəsmi görüşlər və ya qohumları, dostları və xarici ölkələrdəki tanışları vasitəsilə əlaqə yaratmağa çalışırlar. Digər metod xarici ölkədə məxfi əməkdaşlığa cəlb olunanı hansısa bir qanun pozuntusunda (məsələn, sənədlərin yanlış doldurulması və ya qadağan olunan əraziyə daxil olma) təqsirli bilməkdir. Sənəddə deyilir ki, bu cür hallar provokasiya ola bilər.
Təlimatda deyilir ki, bütün danışıqlar heç də həmişə məxfi əməkdaşlığa yol açmır. Casus, sadəcə, vacib məlumatları öyrənə bilər.
Təhlükəsizlik xidməti məxfi əməkdaşlığa cəlb olunmanın əlamətlərini sadalayır:
- Tanış ünsiyyət, qeyri-rəsmi söhbətə keçmək arzusu;
- Sosial şəbəkələrdə dostluğa əlavə olunma;
- Söhbət zamanı siyasət, dəyərlər, peşəkar bacarıqlar və başqa şəxsi mövzularda söhbətlərə keçməyə çalışmaq;
- İş öhdəlikləri və xidmət yeri haqda mövzularda söhbətlər.
Metodiki vəsaitdə bildirilir ki, xüsusi xidmət agentləri qeyri-rəsmi şəraitdə görüşlər təklif edib, onların istəklərini yerinə yetirməyi xahiş edə bilərlər.
Vətəndaş məxfi əməkdaşlığa cəlb olunarsa, təhlükəsizlik xidməti gələcək əlaqələrə son qoymağı və hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görür.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ